Şriftin ölçüsü :

Saytın rəngi :

"Şəhərsalma və Memarlıq İli” çərçivəsində “Tarixdən gələcəyə: Azərbaycan memarlığı” mövzusunda dəyirmi masa keçirilib

11 sentyabr 2026 | 10:06
"Şəhərsalma və Memarlıq İli” çərçivəsində “Tarixdən gələcəyə: Azərbaycan memarlığı” mövzusunda dəyirmi masa keçirilib.
11 sentyabr 2026-cı il tarixdə “Şəhərsalma və Memarlıq İli” çərçivəsində “Tarixdən gələcəyə: Azərbaycan memarlığı” mövzusunda dəyirmi masa keçirilib. Tədbirin keçirilməsində əsas məqsəd Azərbaycanın zəngin memarlıq irsinin, tarixi-mədəni abidələrinin təbliği, milli memarlıq ənənələrinin qorunması, şəhərsalma və memarlıq sahəsində müasir yanaşmaların müzakirəsi, eləcə də işğaldan azad edilmiş Xocavənd rayonunda həyata keçirilən genişmiqyaslı bərpa və quruculuq işləri barədə fikir mübadiləsinin aparılması olub. Tədbirdə çıxış edən İctimai-siyasi və humanitar məsələlər sektorunun baş məsləhətçisi Məmləkət İbrahimova Azərbaycan memarlığının qədim və zəngin tarixindən, milli memarlıq məktəblərinin formalaşmasından, ölkəmizin ərazisində yerləşən tarixi-memarlıq abidələrinin xalqımızın milli-mədəni irsindəki mühüm rolundan bəhs edərək bildirilib ki, Azərbaycan ərazisində müxtəlif tarixi dövrlərdə yaradılmış memarlıq nümunələri xalqımızın qədim dövlətçilik və şəhərsalma ənənələrinin bariz göstəricisidir. Bu irsin qorunması, tədqiqi və gələcək nəsillərə çatdırılması mühüm vəzifələrdəndir. Dəyirmi masa çərçivəsində Xocavənd rayonunun tarixi-memarlıq irsi ilə bağlı məsələlərə də xüsusi diqqət yetirilib. Qeyd olunub ki, Xocavənd rayonu zəngin tarixi və mədəni irsi, qədim yaşayış məskənləri və memarlıq nümunələri ilə Azərbaycanın mədəni xəritəsində xüsusi yer tutur. İşğaldan azad olunmuş ərazilərdə aparılan bərpa və quruculuq işlərindən danışılarkən bildirilib ki, Xocavənd rayonunda həyata keçirilən layihələr yalnız infrastrukturun yenidən qurulmasını deyil, həm də tarixi-mədəni irsin qorunmasını və ərazilərin müasir şəhərsalma prinsipləri əsasında inkişaf etdirilməsini nəzərdə tutur. Çıxışlarda “Böyük Qayıdış” çərçivəsində həyata keçirilən quruculuq prosesinin tarixi torpaqlarımızda yeni şəhər və yaşayış məkanlarının formalaşmasına, insanların doğma yurdlarına qayıdışına və regionun sosial-iqtisadi inkişafına mühüm töhfə verdiyi qeyd olunub. Müzakirələr zamanı müasir şəhərsalma, dayanıqlı inkişaf, ekoloji yanaşmalar, innovativ texnologiyaların tətbiqi və milli memarlıq üslubunun yeni tikililərdə qorunması məsələləri də diqqət mərkəzində olub.
Tədbirdə vurğulanıb ki, keçmişin memarlıq irsinin qorunması ilə müasir şəhərsalma prinsiplərinin vəhdəti Azərbaycanın gələcək inkişafının mühüm istiqamətlərindən biridir. Xüsusilə işğaldan azad edilmiş ərazilərin yenidən qurulması prosesində tarixi yaddaşın qorunması və müasir tələblərə cavab verən yaşayış mühitinin yaradılması xüsusi əhəmiyyət daşıyır. Sonda mövzu ətrafında geniş fikir mübadiləsi aparılıb, iştirakçıların sualları cavablandırılıb.
Keçidlər