“Şəhərsalma və memarlıq yeni çağırışlar vəhdətində” mövzusunda tədbir keçirilib.
20 may 2026 | 09:40
“Şəhərsalma və memarlıq yeni çağırışlar vəhdətində” mövzusunda tədbir keçirilib.
20 may 2026-cı il tarixində Xocavənd Rayon İcra Hakimiyyətində “Şəhərsalma və Memarlıq İli” çərçivəsində “Şəhərsalma və memarlıq yeni çağırışlar vəhdətində” mövzusunda tədbir keçirilib. Tədbirdə Xocavənd Rayon İcra Hakimiyyətinin və inzibati ərazi dairəsi üzrə nümayəndəliklərin əməkdaşları iştirak ediblər. Tədbirdə çıxış edən Xocavənd Rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Hüseynov bildirib ki, bu ili Azərbaycan Respublikasının Prezidenti təsadüfən "Şəhərsalma və Memarlıq İli” elan etmədi. Çünki ölkədə aparılan quruculuq prosesi artıq ayrı-ayrı layihələrin deyil, dövlət strategiyasının əsas xəttinə çevrilib. Xüsusilə Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən bərpa proqramı dünya miqyasında misli görünməmiş layihələrdən biridir. Dövlət başmızın qeyd etdiyi kimi, indi hökumətimizin qarşısında duran əsas vəzifələrdən biri Qarabağın və Şərqi Zəngəzurun yenidən qurulmasıdır. Bu, sadəcə dağıdılmış şəhərlərin bərpası deyil. Bu, milli yaddaşın dirçəldilməsi, insanların doğma torpaqlarına qayıdışının təmin olunması və həyatın yenidən qurulmasıdır. Başçı həmçinin bildirib ki, Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası Azərbaycanın dünyaya təqdim etdiyi inkişaf fəlsəfəsinin, dövlət iradəsinin və milli kimliyinin nümayişi idi. Prezident İlham Əliyev forumun açılışındakı çıxışında bir daha göstərdi ki, Azərbaycan üçün şəhərsalma yalnız bina tikmək deyil — tarixlə gələcəyin harmoniyasını yaratmaqdır.
Dövlət başçısının vurğuladığı kimi, forumda 182 ölkədən 45 mindən artıq qeydiyyata alınmış iştirakçı var. Bu faktın özü artıq Bakının beynəlxalq platformaya çevrildiyini göstərir. COP29-dan sonra Azərbaycanın ev sahibliyi etdiyi ikinci ən böyük qlobal tədbir olan bu forum dünyanın diqqətini yenidən Bakıya yönəltdi. Bu, təsadüfi deyil. Çünki son illər Azərbaycan yalnız enerji və geosiyasi layihələrlə deyil, şəhərsalma, ekoloji transformasiya və müasir idarəetmə modeli ilə də nümunə göstərilən ölkəyə çevrilib.
Tədbirdəki digər çıxışlarda Azərbaycan memarlıq məktəbinin zəngin irsinin qorunması, şəhərsalma və memarlıq sahəsində müasir yanaşmalarla zənginləşdirilməsi, eləcə də şəhərsalmanın tarixi inkişaf yolundan bəhs olunub. Azərbaycan memarlıq məktəbinin formalaşmasında və şəhərsalma sahəsinin inkişafında Ümummilli Lider Heydər Əliyevin müstəsna xidmətləri xüsusi vurğulanıb.
Çıxışlarda Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin 2026-cı ili “Şəhərsalma və Memarlıq İli” elan etməsinin ölkənin tikinti sektorunda yeni inkişaf mərhələsi yaratdığı, şəhər mədəniyyətinin inkişafına və memarlıq irsinin qorunmasına yüksək diqqətin göstəricisi olduğu qeyd edilib.






