Şəhid ailələrinin, qazilərin və müharibə iştirakçılarının müraciətlərinə baxılması məsələsi ilə bağlı müşavirə keçirilmişdir.
19 sentyabr 2022 | 17:42
Şəhid ailələrinin, qazilərin və müharibə iştirakçılarının müraciətlərinə baxılması məsələsi ilə bağlı müşavirə keçirilmişdir.
19 sentyabr 2022-ci il tarixdə Xocavənd Rayon İcra Hakimiyyətinin inzibati binasında şəhid ailələrinin, qazilərin və müharibə iştirakçılarının müraciətlərinə baxılması məsələsi ilə bağlı müşavirə keçirilmişdir. Tədbirdə Xocavənd Rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Hüseynov, “Qarabağ Müharibəsi Əlilləri Veteranları və Şəhid Ailələri” İctimai Birliyinin Xocavənd rayon şöbəsinin sədri Müşfiq Hüseynov, “Azərbaycan Vətən Müharibə Veteranları” İctimai Birliyinin Xocavənd rayon Şöbəsinin sədri Eynulla Həsənov , Aparatın, inzibati ərazi dairələri üzrə nümayəndəliklərin əməkdaşları iştirak etmişlər. Rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Hüseynov çıxış edərək Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə müzəffər Azərbaycan Ordusunun Vətən müharibəsində qazandığı zəfərdən, bu zəfərin qazanılmasında öz canından, qanından, sağlamlığından keçən igid oğullarımızın rəşadətindən danışdı. Başçı həmçinin şəhid ailələri və qazilərə dövlət qayğısından danışaraq bildirdi ki, Azərbaycanda Qarabağ müharibəsi əlillərinə, veteranlarına və şəhid ailələrinə göstərilən yüksək dövlət qayğısının əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulub. Ümummilli Liderin bu təbəqədən olan insanlara göstərdiyi qayğı, bu istiqamətdə yürütdüyü dövlət siyasəti onun layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Hər kəsə yaxşı məlumdur ki, dövlət başçısı İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasətin əsas istiqamətlərini müharibə veteranlarının, əlillərinin, şəhid ailələrinin sosial müdafiəsinin gücləndirilməsi, onların problemlərinin vaxtında həllinə nail olunması, hər cür qayğı ilə əhatə olunması təşkil edir. Azərbaycanın ərazi bütövlüyü uğrunda öz canından keçmiş şəhidlərin ailələrinə, həmçinin müharibə əlillərinə dövlət tərəfindən hər zaman böyük diqqət və qayğı göstərilir. Prezident İlham Əliyev 44 günlük Vətən müharibəsi zamanı döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi zamanı həlak olmuş və itkin düşmüş hərbi qulluqçulara, erməni hərbi təxribatı nəticəsində həlak olmuş və itkin düşmüş mülki vətəndaşlara, şəhidlik zirvəsinə ucalan hər bir şəhidin ailəsinə, qazilərimizə diqqət və qayğısını heç zaman əsirgəməmişdir.
Sağlamlıqlarını torpaq uğrunda itirən Qarabağ əlillərinin mənzil-məişət şəraitləri yaxşılaşdırılır. Şəhid ailələri və əlillərə mütəmadi olaraq yeni mənzillər, avtomobillər verilir. Onların müalicəsi üçün reabilitasiya mərkəzləri açılır və lazım gələndə isə müalicə olunmaq üçün xarici ölkələrə göndərilirlər. Bir sözlə, dövlətin bu təbəqəyə göstərdiyi qayğı göz önündədir və ilbəil artmaqdadır.
Başçı Azərbaycan Ordusunda xidmət edən Xocavənd rayonundan olan əsgər və zabitlərinin keçdiyi döyüş yolu barədə də məlumat verdi. Bildirdi ki, Vətən müharibəsində Azərbaycan ərazisində olan erməni silahlı qüvvələri ilə mübarizədə Xocavənd rayonundan 224 nəfər müharibədə iştirak etmiş, 8 nəfər hərbi , 1 nəfər mülki şəxs şəhidlik zirvəsinə yüksəlmiş, 6 nəfər əlil olmuşdur. Bütün şəhid və əlil, iştirakçı ailələri daima diqqət və qayğı ilə əhatə olunmuşdur. Müşavirədə qəbul edilən qərarda vətəndaş müraciətlərinə diqqətlə baxılması, xüsusən də şəhid ailələri və qazilərin müraciətlərinə həssaslıqla yanaşılması, yerlərdə qaldırlan məsələlərin operativ şəkildə araşdırılması, qeyd olunan sahələr üzrə mövcud nöqsanların aradan qaldırılması tapşırılmışdır.