Şəhid Elzamin Tağıyevin xatirəsi anılıb
11 avqust 2022 | 09:28
11 avqust 2022-ci il tarixində, Vətən müharibəsində qəhrəmancasına şəhid olmuş Xocavənd rayon Qaradağlı kənd sakini Tağıyev Elzamin Eyvaz oğlunun doğum günü münasibətilə Xocavənd qəsəbəsində yerləşən Şəhidlər məzarlığında anım tədbiri keçirilmişdir. Tədbirdə hüququ-mühafizə orqanlarının rəhbərləri, Şəhid ailələri, qazilər, RİH yanında İctimai Şuranın üzvləri və rayon ictimaiyyətinin nümayəndələri iştirak edirdi. Tədbir iştirakçıları öncə şəhidlərin məzarları önünə qərənfillər düzmüş, onların əziz xatirəsinə ehtiramlarını bildirmişlər. Daha sonra canlarını Azərbaycanın ərazi bütövlüyü uğrunda qurban vermiş Vətən müharibəsi şəhidlərinin xatirələri bir dəqiqəlik sükutla yad edilmişdir.
Tədbirdə Xocavənd Rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Hüseynov çıxış edərək 44 gün davam edən Vətən müharibəsinin tarixi qələbəmizlə başa çatmasında Şəhid və qazilərimizin, ümumilikdə müzəffər Azərbaycan ordusunun böyük rəşadəti hesabına mümkün olduğunu bildirdi .Eyvaz Hüseynov Vətən müharibəsində qəhrəmancasına döyüşərək müqəddəs şəhidlik zirvəsinə ucalmış Elzamin Tağıyevin döyüş yolu barədə tədbir iştirakçılarına ətraflı məlumat vermişdir. Şəhidin valideynlərinə və ailə üzvlərinə başsağlığı verərək, belə qəhrəman övlad böyütdükləri üçün onlara öz minnətdarlığını bildirmişdir. Başçı Elzamin kimi qəhrəman övladların igidliyi, qəhrəmanlığı, şücaəti nəticəsində 30 illik vətən həsrətinə son qoyulduğunu tədbir iştiraçılarının diqqətinə çatdırmışdır. Tədbirdə Tibb Universitetinin Daxili xəstəliklər kafedrasının müəllimi, Mirzə Ələkbər Sabirin nəticəsi Əhməd Nəbiyev, QHT sədrləri çıxış edərək Vətən müharibəsində qazanılan şanlı Qələbənin Azərbaycan tarixində əbədi qalacağını bildiriblər. Qeyd ediblər ki, müharibənin taleyini müəyyənləşdirən Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev və döyüş meydanında əsl qəhrəmanlıq göstərən Azərbaycan əsgəri oldu. Azərbaycan Ordusunun əldə etdiyi tarixi Zəfər, uzun illərdən bəri düşmən tapdağı altında qalmış torpaqlarımızın işğaldan azad edilməsi Azərbaycan xalqının özünəinamını geri qaytardı, xalqın öz Liderinə etibarını daha da möhkəmləndirdi.Şəhidin atası Eyvaz Tağıyev övladının qəhrəmanlığı ilə fəxr etdiyini bildirmiş, Şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti Ali Baş Komandan cənab İlham Əliyevə öz dərin minnətdarlığını bildirmişdir. Sonda rayon məktəblilərinin hazırladıqları bədii kompazisiya nümayiş olunmuşdur.
Xatırladaq ki, Tağıyev Elzamin Eyvaz oğlu 2020-ci il tarixdə Şuşa uğrunda gedən döyüşlərdə xüsusi şücaət göstərərək Şəhid olmuşdur. Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə “Cəsur döyüşçü” “Vətən uğrunda”,”Qubadlının azad olunmasına görə” “Şuşanın azad olunmasına görə” ,
“Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilmişdir.
Allah rəhmət eləsin.