Şəhid Nüsrətli Ceyhunun xatirəsi yad edilmişdir
08 aprel 2024 | 10:05
Şəhid Nüsrətli Ceyhunun xatirəsi yad edilmişdir
Vətən müharibəsində qəhrəmancasına şəhid olmuş Füzuli rayonunun Dilağarda kəndindən olan Nüsrətli Ceyhun Aqil oğlunun doğum günü münasibətilə 08 aprel 2024-cü il tarixində Xocavənd qəsəbəsində yerləşən Şəhidlər məzarlığında anım tədbiri keçirilmişdir. Tədbir iştirakçıları öncə şəhidlərin məzarları önünə qərənfillər düzmüş, onların əziz xatirəsinə ehtiramlarını bildirmişlər. Daha sonra canlarını Azərbaycanın ərazi bütövlüyü uğrunda qurban vermiş Vətən müharibəsi şəhidlərinin əziz xatirəsinə dualar oxunaraq, xatirələri bir dəqiqəlik sükutla yad edilmişdir.
Tədbirdə Xocavənd Rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Hüseynov çıxış edərək bildirmişdir ki, elə tarixi hadisələr var ki, heç vaxt unudulmur. 44 günə yazılan şanlı Zəfər tariximiz kimi. Həmin günlər yaddaşlara əbədi həkk olundu. Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə rəşadətli ordumuzun əks-hücum əməliyyatı Böyük Qələbəmizlə başa çatdı. Otuz ilə yaxın həsrətdən sonra doğma yurdlarımıza qovuşduq, ərazi bütövlüyümüz təmin olundu. Dövlət, xalq və ordu birliyi dəmir yumruq olub düşmənin başını əzdi. Mərd oğullarımız tarix yaza-yaza tarixə yazıldılar. Onlar qələbəni tarixin səhifələrinə öz qanları ilə həkk etdilər. Bu müqəddəs yolda canlarından keçərək şəhidlik zirvəsinə ucalanlar, gələcək nəsillərə örnək olacaq ömür yadigar qoydular. Tarixin bütün səhifələrində Vətənimizi yağılardan mərdliklə qoruyan, torpaqlarımızın azadlığı uğrunda cəsarətlə döyüşən qəhrəman əcdadlarının haqq savaşını zəfərlə başa vurdular. Qarabağımızı azad edərək illər boyu bu yolda, bu amal uğrunda şəhid olan bütün soydaşlarımızın ruhlarını şad etdilər. Eyvaz Hüseynov Şəhidin valideynlərinə və ailə üzvlərinə başsağlığı verərək, belə qəhrəman övlad böyütdükləri üçün minnətdarlığını bildirmişdir.