Şriftin ölçüsü :

Saytın rəngi :

Şəhid Nüsrətli Ceyhunun xatirəsi yad edilmişdir

08 aprel 2025 | 14:34
Şəhid Nüsrətli Ceyhunun xatirəsi yad edilmişdir.
Vətən müharibəsində qəhrəmancasına şəhid olmuş Nüsrətli Ceyhun Aqil oğlunun doğum günü münasibətilə 08 aprel 2025-ci il tarixində Xocavənd qəsəbəsində yerləşən Şəhidlər məzarlığında anım tədbiri keçirilmişdir. Tədbir iştirakçıları öncə şəhidlərin məzarları önünə qərənfillər düzmüş, onların əziz xatirəsinə ehtiramlarını bildirmişlər. Daha sonra canlarını Azərbaycanın ərazi bütövlüyü uğrunda qurban vermiş Vətən müharibəsi şəhidlərinin əziz xatirəsinə dualar oxunaraq, xatirələri bir dəqiqəlik sükutla yad edilmişdir.
Nüsrətli Ceyhun Aqil oğlu- 8 aprel 1995-ci ildə Bakıda dünyaya göz açmış, ilk təhsil həyatına 2001-ci ildə qədəm qoymuşdur. Olduqca aktiv şagird olan Ceyhun dərslərini yaxşı oxumaqla bərabər idmanla da maraqlanırdı. O, uzun müddət güləş və cüdo idman növləri ilə məşğul olmuşdur. Fiziki gücü özündə ehtiva edən idman növlərindən əlavə Ceyhun gözəl şahmat oynamağı bacarırdı.
Ceyhun 2012-ci ildə orta məktəbi bitirir və Azərbaycan Dövlət Pedaqoji Universitetinin Kimya müəllimliyi fakültəsinə qəbul olunur. 2019-cu ildə Azərbaycan Dövlət Pedaqoji Universitetini bitirir və həmin ilin oktyabr ayında hərbi xidmətə yollanır. 27 sentyabr 2020-ci il tarixdə Azərbaycanın üfüqlərində yeni bir günəş göründü. İllərdir həsrətində olduğumuz torpaqları azad etmək fürsəti və həmin gün Ceyhunun xidmət müddətinin bitməsinə cəmi 4 gün qalmışdı. Vətən müharibəsində düşmənə qarşı qəhrəmancasına döyüşən Ceyhun 29. 09. 2020 ci il tarixdə şiddətli döyüşlərin birində düşmənin minaatan atəşi nəticəsində şəhidlik zirvəsinə ucalır.
O, ölümündən sonra Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəmcamları ilə “Cəsur döyüşçü”, “Vətən uğrunda” və “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif olunmuşdur.
Keçidlər