Şəhid Şirxan Quliyevin xatirəsi yad edilib.
07 noyabr 2023 | 11:42
Şəhid Şirxan Quliyevin xatirəsi yad edilib.
07 noyabr 2023-cü il tarixdə Xocavənd qəsəbəsində,Vətən müharibəsi qəhrəmanlarının uyuduğu Şəhidlər məzarlığında 44 Günlük Vətən müharibəsində qəhrəmancasına şəhid olmuş Xocavənd rayonu Muğanlı kənd sakini, Quliyev Şirxan İsmixan oğlunun anım günü ilə əlaqədar tədbir keçirilmişdir.
Tədbir iştirakçıları öncə şəhidlərin məzarları önünə qərənfillər düzmüş, onların əziz xatirəsinə ehtiramlarını bildirmişlər. Daha sonra canlarını Azərbaycanın ərazi bütövlüyü uğrunda qurban vermiş Vətən müharibəsi şəhidlərinin şərəfinə Azərbaycan Respublikasının Dövlət himni səslənmiş, əziz xatirələri bir dəqiqəlik sükutla yad edilmişdir.
Anım mərasimində Xocavənd Rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Hüseynov çıxış edərək bildirmişdir ki, Ermənistan silahlı qüvvələrinin 2020-ci il sentyabrın 27-də törətdiyi növbəti hərbi təxribata cavab olaraq, Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin Ali Baş Komandanı, cənab Prezident İlham Əliyevin əmri ilə Azərbaycan Respublikasının Silahlı Qüvvələri əks-hücum əməliyyatlarına başlamış və 44 gün davam edən Vətən müharibəsi rəşadətli Ordumuzun qələbəsi ilə başa çatmışdır. Başçı qeyd etmişdir ki, Vətən müharibəsində, eləcədə torpaqlarımızda olan erməni terror birləşmələrini tamamilə məhf etmək məqsədilə keçirilən antiterror əməliyyatlarında Xocavənd rayonun mərd oğulları da igidliklə döyüşmüş, qəhrəmanlıq göstərərək şəhidlik zirvəsinə ucalmışlar. E. Hüseynov Vətən müharibəsində iştirak edərək qəhrəmancasına şəhid olmuş Xocavənd rayonu Muğanlı kənd sakini Şəhid Quliyev Şirxan İsmixan oğlunun döyüş yolu barədə tədbir iştirakçılarına ətraflı məlumat vermiş, Şəhidin valideynlərinə və ailə üzvlərinə başsağlığı verərək, belə qəhrəman övlad böyütdükləri üçün minnətdarlığını bildirmişdir.
Tədbirdə çıxış edən digər natiqlər Şəhidin döyüş yolundan, onun qəhrəmanlığından böyük fəxr hissi ilə söhbət açmışlar.
Anım mərasimdə Şəhid Quliyev Şirxan İsmixan oğlunun Salakətin kənd tam orta məktəbində təhsil aldığı illərdə müəllimi olmuş Ramil Haqverdiyev çıxış edərək Şirxanı çox vətənpərvər istiqanlı, mehriban şagird kimi xatırladığını bildirmişdir. Bir vaxtlar dərs dediyi şagirdi barəsində bu gün Şəhid kimi söz açmağın çətin, eyni zamanda qürurverici olduğunu bildirən Ramil Haqverdiyev 44 günlük Vətən müharibəsində Şirxanla yanaşı Salakətin kənd tam orta məktəbinin məzunu olmuş daha 4 şagirdin-qəhrəmanın şəhid olduğunu vurğulayaraq, onlarla fəxr etdiyini və daim qürür duyduğunu bildirmişdir.
Sonda Salakətin kənd tam orta məktəbi şagirdlərinin şəhidlər haqqında söylədikləri şeir parçaları dinlənilmişdir.