Şriftin ölçüsü :

Saytın rəngi :

Şəhid Şirxan Quliyevin xatirəsi yad edilib

02 sentyabr 2024 | 18:13
Şəhid Şirxan Quliyevin xatirəsi yad edilib.
02 sentyabr 2024-cü il tarixində Vətən müharibəsində qəhrəmancasına şəhid olmuş Xocavənd rayon Muğanlı kənd sakini Quliyev Şirxan İsmixan oğlunun doğum günü münasibətilə Xocavənd qəsəbəsində yerləşən Şəhidlər məzarlığında anım tədbiri keçirilmişdir. Tədbirdə rayon ictimaiyyəti, idarə, müəssisə və təşkilatların nümayəndələri və şəhid ailələri iştirak etmişdir. Tədbir iştirakçıları öncə şəhidlərin məzarları önünə qərənfillər düzmüş, onların əziz xatirəsinə ehtiramlarını bildirmişlər. Daha sonra canlarını Azərbaycanın ərazi bütövlüyü uğrunda qurban vermiş Vətən müharibəsi şəhidlərinin xatirələri bir dəqiqəlik sükutla yad edilmişdir.
Tədbirdə , Xocavənd Rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Hüseynov çıxış edərək 44 gün davam edən Vətən müharibəsinin tarixi qələbəmizlə başa çatmasında Şəhid və Qazilərimizin, ümumilikdə müzəffər Azərbaycan ordusunun böyük rəşadəti hesabına mümkün olduğunu bildirdi . Eyvaz Hüseynov Vətən müharibəsində qəhrəmancasına döyüşərək müqəddəs şəhidlik zirvəsinə ucalmış Quliyev Şirxan İsmixan oğlunun döyüş yolu barədə tədbir iştirakçılarına ətraflı məlumat vermişdir. Şəhidin valideynlərinə və ailə üzvlərinə başsağlığı verərək, belə qəhrəman övlad böyütdükləri üçün onlara öz minnətdarlığını bildirmişdir. Başçı Şirxan kimi qəhrəman övladların igidliyi, qəhrəmanlığı, şücaəti nəticəsində 30 illik vətən həsrətinə son qoyulduğunu tədbir iştiraçılarının diqqətinə çatdırmışdır.
Tədbirdə çıxış edən Salakətin kənd tam orta məktəbinin müəllimi Eldar Allahverdiyev bildirdi ki, Vətənimizin müstəqilliyi, torpaqlarımızın azad olunması naminə ölümü gözə alan gənclərimiz bu müqəddəs amal uğrunda şəhid olursa, bu, xalqımızın böyüklüyüdür. Şəhid verməyən xalqın mənliyi olmaz. Şəhid qanı axmayan torpaqdan Vətən olmaz. Bizim xalqımız Vətəninə, torpağına bağlı qəhrəmanlar yetişdirən xalqdır.
Tədbir Salakətin kənd tam orta məktəbinin şagirdlərinin hazırladığı kompazisiya ilə davam etdi.
Xatırladaq ki, Şirxan Quliyev 2 sentyabır 1995-ci il tarixdə Xocavənd rayonunun Muğanlı kəndindən anadan olmuşdur. Hələ ilk uşaqlıq dövründən yüksək tərbiyəsi, qəlbinin dərinliklərində alovlanan vətənpərvərliyi və sağlam düşüncə tərzi onu başqalarından fərqləndirirdi. Orta təhsilini başa vurduqdan sonra Şirxan 2013-cü ildə Vətən borcunu yerinə yetirmək üçün hərbi xidmətə yola düşür. Xidmətini başa vursa belə, Vətən həsrəti, bayraq eşqi onu yenidən ordu sıralarında xidmət etməyə vadar edir. 2015-in sonlarından başlayaraq müddətdən artıq hərbi qulluqçu kimi xidmətə başlayır. 2016-cı ilin aprel döyüşlərində özünü qorxmaz döyüşçü kimi təsdiq edən Şirxan sonrakı xidmət dövründə hərbiçilər arasında atıcılıq üzrə keçirilən yarışların dəfələrlə qalibi olmuş, atəşkəs rejimini pozmağa cəhd edən erməni hərbiçilərinə lazım olan cavabı artıqlaması ilə vermişdir. 44 günlük Vətən müharibəsində ilk gündən ən qaynar yerlərdə şücaətlə döyüşən Şirxan 6 noyabr 2020-ci il tarixdə Şuşa uğrunda gedən döyüşlərdə Şəhidlik zirvəsinə ucalmışdır. Şəhidimiz subay idi, O, üç rəngli bayrağa bürünərək yarımçıq qalmış arzuları ilə birlikdə əbədiyyətə qovuşdu.
Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə Quliyev Şirxan İsmixan oğlu ölümündən sonra “Vətən uğrunda”,”İgidliyə görə”,“Qubadlının azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə” və “Şuşanın azad olunmasına görə” medalları ilə təltif olunmuşdur.
Vətəni qorumaq kimi müqəddəs bir amal uğrunda döyüşə atılan, düşmənə sinə gərən qeyrətli Vətən oğullarının əziz xatirəsini yaşatmaq və ehtiram göstərmək hər birimizin müqəddəs borcudur.
Allah rəhmət eləsin.
Keçidlər