Silahlı Qüvvələr Günündə şəhidlərimizin xatirəsi yad edildi.
28 iyun 2022 | 11:59
Silahlı Qüvvələr Günündə şəhidlərimizin xatirəsi yad edildi.
26 iyun 2022-ci il tarixdə Xocavənd Rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Hüseynov, şəhid ailələri, qazilər, rayon ictimaiyyətinin nümayəndələri Silahlı Qüvvələr Günü münasibətilə “Şəhidlər” Memorial Abidə Kompleksini ziyarət etmiş, şəhidlərimizin xatirəsini yad etmişlər. Torpaqlarımızın düşmən işğalından azad olunması uğrunda canlarından keçən şəhidlərimizin unudulmaz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir. Tədbirdə çıxış edən başçı Eyvaz Hüseynov silahlı qüvvələrin tarixindən, Azərbaycanda ordu quruculuğu prosesindən danışıb, bayram münasibətilə bütün şəhid ailələrini və qaziləri təbrik etmişdir. Başçı Vətən müharibəsindən də danışaraq bildirmişdi ki, Azərbaycan xalqının yaddaşına və hərb tariximizə qızıl hərflərlə yazılan 2020-ci il hələ uzun illər tarixi Qələbənin, Zəfərin qazanıldığı bir il kimi xatırlanacaq. Çünki həmin il 44 günlük Vətən müharibəsində əldə etdiyimiz böyük Zəfərin, unudulmaz tarixi Qələbənin əks olunduğu bir ildir. Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında rəşadətli ordumuzun bəxş etdiyi bu möhtəşəm Qələbənin sevincini hər bir azərbaycanlı bu gün də böyük qürur hissi ilə xatırlayır. Bu hissi bizə, xalqımıza yaşadanlar isə Azərbaycanın qorxmaz Vətən övladlarıdır. Biz xalqımıza bu Qələbəni yaşadan Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevə və Azərbaycan Ordusuna, torpaqlarımız uğrunda canlarından keçən qəhrəman oğullarımıza, sağlamlığını itirən qazilərimizə minnətdarıq. Onlar heç zaman unudulmayacaq. Vətən uğrunda canlarından keçən şəhidlərimizin adlarını yaşatmaq, gələcək nəsillərə ötürmək, şəhidlərimizin ailələrinə sahib çıxmaq, onları daim yad etmək isə bizim mənəvi borcumuzdur.
30 illik həsrətə son qoyan 44 günlük Vətən müharibəsində qazandığımız Qələbədə Xocavəndin mərd oğullarının da payı var. Xocavənd oğulları düşmən tapdağında qalan torpaqlarımızın işğaldan azad edilməsi uğrunda gedən döyüşlərdə əsl qəhrəmanlıq göstərərək uca zirvəyə - Şəhidlik zirvəsinə yüksəldilər.
Bu gün Xocavənddə bütün şəhidlərimizin, o cümlədən 44 günlük Vətən müharibəsində adlarını hərb tariximizə qızıl hərflərlə yazdıran igid oğullarımızın da xatirəsi əziz tutulur. Vətən uğrunda canından keçən oğullarımız, onların ailələri hər zaman yad olunur.
Tədbirdə qazilər də çıxlş etmişlər. Bildirilmişdir ki, Vətən müharibəsində rəşadətli Azərbaycan Ordusu 30 ilə yaxın müddət ərzində düşmən tapdağı altında qalan torpaqlarımızı işğaldan azad etmiş, əsgər və zabitlərimiz nümayiş etdirdikləri igidlik və şücaət ilə qəhrəmanlıq dastanı yaratmışlar. Azərbaycanın hərb tarixinə qızıl hərflərlə yazılan Vətən müharibəsindəki şanlı Qələbənin qazanılmasında ordumuzun ən müasir silahlardan istifadə etməklə, qısa müddət ərzində düşmənin hərbi texnikasının böyük hissəsini və xeyli sayda canlı qüvvəsini məhv etdiyi vurğulanmışdır.