Şriftin ölçüsü :

Saytın rəngi :

 Sinəsində gəzdirdiyi üç rəngli Azərbaycan bayrağı ilə şəhadətə yüksələn Şəhid Eynulla Lətifovun ailəsi ilə görüş keçirilib.

20 sentyabr 2022 | 09:31
   Sinəsində gəzdirdiyi üç rəngli Azərbaycan bayrağı ilə şəhadətə yüksələn Şəhid Eynulla Lətifovun ailəsi ilə görüş keçirilib.
19 sentyabr 2022-ci il tarixdə Xocavənd rayon İcra Hakimiyyətində Xocavənd rayonu uğrunda gedən döyüşlərdə şəhid olan Quba rayonunun İkinci Nügədi kənd sakini Lətifov Eynulla Niyətulla oğlunun ailəsi ilə görüş keçirildi. İlk olaraq Şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Görüş iştirakçılarını salamlayan icra başçısı Eyvaz Hüseynov bildirdi ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasətin əsas istiqamətlərindən biri də məhz şəhid ailələrinin, müharibə veteranlarının, əlillərinin sosial müdafiəsinin gücləndirilməsi, onların problemlərinin vaxtında həllinə nail olunmasıdır Azərbaycanın ərazi bütövlüyü uğrunda öz canından keçmiş şəhidlərin ailələrinə, o cümlədən müharibə əlillərinə dövlət tərəfindən böyük diqqət və qayğı göstərilir. Eyvaz Hüseynov çıxışında qeyd elədi ki, 44 günlük Vətən müharibəsi Azərbaycan xalqının şanlı zəfər tarixidir. Bu tarix Azərbaycan əsgərinin qanı, canı bahasına əldə edilib.
   Dövlətimizin nüfuzu və gələcək inkişafı baxımından müstəsna əhəmiyyət kəsb edən, xalqımızın qüdrətinin və milli qürurumuzun təntənəsinə çevrilən bu misilsiz qələbənin əldə olunması uğrunda canından keçən hərbi qulluqçularımızın xatirəsini əziz tutmaq, onların keçdiyi şərəfli döyüş yolunu gənclərə nümunə göstərərək gənclərin vətəndaşlıq və vətənpərvərlik tərbiyəsini gücləndirmək, hər zaman vacib məsələlərdən birincisidir. . Görüşdə iştirak edən şəhid valideynləri övladlarının keçdikləri döyüş yolundan söz açıb, onlarla bağlı xatirələrini bölüşdülər. “Eynulla uşaqlıqdan hərbi formaya maraq göstərirdi. Məktəbdə oxuyanda müəllimlərinə söz vermişdi ki, Mübariz İbrahimov kimi qəhrəman olacaq. Vətən müharibəsi başlayanda döyüşlərdə olduğunu bilirdik. Amma harada olduğunu demirdi. Döyüş yoldaşları Eynullanın qəhrəmanlığı haqqında bizə danışıb. O, həmişə düşmən üzərinə yeriyən döyüşçülərdən olub. Mən oğlumla fəxr edirəm ”, - deyə şəhidin atası Niyətulla Lətifov çıxış etdi.
  Eyni zamanda Şəhid anası Gülbacı Lətifova çıxışında: “Eynullanı vətənpərvər övlad kimi böyütmüşdük. Əsgərliyini bitirdikdən sonra da hərbidə qalıb xidmətini davam etdirmək istəyirdi. Telefonla danışanda deyirdi ki, ana məni təbrik edə bilərsiniz. Sən demə, çoxdan arzuladığı “İstiqlal” snayper tüfəngi ilə təmin olunubmuş. Mübariz İbrahimovun silahından istəyirdi həmişə. Sonuncu dəfə oktyabrın 18-də danışdıq. Hərbi xidmətdə olmağının bir ili tamam olması münasibətilə Eynullanı təbrik etdim... Mənim oğlum Vətən uğrunda şəhidlik zirvəsinə ucalıb. Onunla qürur duyuram” söyləyərək çıxışını tamamladı. Xatırladaq ki, Lətifov Eynulla Niyətulla oğlu döyüş zamanı sinəsində gəzdirdiyi üç rəngli Azərbaycan bayrağı ilə şəhadətə yüksəlib. Bu gün onun sinəsində qoruyub saxladığı üç rəngli bayraq ölümsüzlüyü ilə əbədiyətə qovuşan Eynulladan bir xatirə olaraq qalır.Vətən müharibəsində qəhrəmanlıq göstərərək qanı ilə tarix yazan igid oğullarımızın adları Azərbaycan xalqının hər bir fərdinin qəlbində yaşayacaq. Əbədiyyətə qovuşan şəhidlərimizin əziz xatirələri hər zaman ehtiramla yad ediləcək.
Keçidlər