“Təmiz gələcək üçün narkotikə “yox” deyək” adlı tədbir keçirilmişdir
25 iyun 2025 | 17:55
26 iyun - “Narkotik vasitələrin sui-istifadəsi və qanunsuz dövriyyəsi ilə Beynəlxalq Mübarizə Günü” çərçivəsində Xocavənd Rayon İcra Hakimiyyətində “Təmiz gələcək üçün narkotikə “yox” deyək” adlı tədbir keçirilmişdir. Xocavənd Rayon İcra Hakimiyyəti başçısı yanında Narkomaniyaya qarşı mübarizə üzrə komissiyanın üzvlərinin, rayon idarə və təşkilatlarının əməkdaşlarının və şagirdlərin iştirak etdiyi tədbiri Xocavənd Rayon İcra Hakimiyyəti başçısı yanında Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın uşaqlarla iş üzrə məsləhətçi-psixoloqu Orxan Həsənov açmışdır. O, çıxışında bildirmişdir ki, narkomaniya təkcə bir fərdin deyil, bütöv bir cəmiyyətin sağlamlığı, təhlükəsizliyi və gələcəyi üçün böyük bir təhdiddir. Narkotiklər bədənin və ruhun səssiz qatilləridir. İlk istifadə bəzən sadəcə maraqla başlayır, amma sonunda insanı öz iradəsinə qarşı asılı hala salır. Gənclər düşünürlər ki, bu onlara müvəqqəti rahatlıq gətirəcək, amma unudurlar ki, bu yolda ruhi çökmə, sağlamlıq itkisi, sosial təcrid və sonda ölüm var. Narkotik istifadə edən insanların bir çoxu əvvəlcə bunu gizlədir, amma zamanla onların həyatı parçalanır – ailə münasibətləri pozulur, təhsildən uzaqlaşırlar, işlərini itirirlər və ən pisi – insanlıq ləyaqətlərini itirirlər. Cəmiyyət də onları bir növ “silməyə” başlayır. Tibbi cəhətdən narkotiklər beyin hüceyrələrini zədələyir, ürək və qaraciyər funksiyalarını pozur, immuniteti zəiflədir. Psixoloji olaraq isə depressiya, panik ataklar, halüsinasiyalar və intihar meylləri artır. Hüquqi baxımdan isə narkotiklərin alqı-satqısı və istifadəsi qanunla qadağandır. Bu yola düşən insan nəinki özünü, həm də ailəsini və yaxınlarını da böyük bəlaya salır.
Daha sonra söz Xocavənd Rayon Mərkəzi Xəstəxanası Publik hüquqi şəxsin cərrahı həkim Hüseynov Asəfə verilmişdir. O, çıxışında bildirmişdir ki, narkotik maddələr insan orqanizminə müdaxilə edərək bir çox həyati orqanın fəaliyyətini pozur. Ən əvvəl beyin bu zərərli maddələrin təsirinə məruz qalır. Narkotiklər beyin hüceyrələrini zədələyir, yaddaşın zəifləməsinə, qərarvermə qabiliyyətinin pozulmasına və psixoloji xəstəliklərin – depressiya, paranoya, psixoz – yaranmasına səbəb olur. Uzunmüddətli istifadə nəticəsində bəzi hallarda geri dönməz beyin zədələnmələri baş verir. Narkotiklər həmçinin sinir sistemini zəiflədir, reflekslər yavaşlayır, hərəkət koordinasiyası pozulur, yuxu rejimi dəyişir. Bu maddələr insanın davranışına nəzarət etməsini çətinləşdirir və tez-tez aqressiv və ya apatik davranışlara səbəb olur. Ürək və qan-damar sistemi də narkotiklərin hədəfi olur. Nəbz sürətlənir, qan təzyiqi qeyri-sabitləşir, ürək ritmi pozulur. Nəticədə infarkt riski artır, damarlar zəifləyir, tromblar əmələ gəlir. Ağciyərlər, xüsusilə siqaret və ya tüstü şəklində istifadə edilən narkotiklərdə ciddi zərər görür. Tənəffüs yolları daralır, nəfəs darlığı yaranır və uzunmüddətli istifadə ağciyər funksiyalarının azalmasına səbəb olur. Qaraciyər və böyrəklər isə orqanizmdən toksinləri çıxarmaq üçün həddindən artıq yüklənir. Nəticədə bu orqanların fəaliyyəti zəifləyir və orqanik pozulmalar baş verir. Narkotiklər həmçinin hormonal balansı pozur – kişi və qadınlarda reproduktiv funksiyalarda azalma, menstrual dövrün pozulması, cinsi zəiflik kimi hallar geniş yayılmışdır. Hamilə qadınlarda istifadə isə dölün inkişafında ciddi problemlərə, doğuş qüsurlarına və aşağı düşməyə səbəb olur.