Ümumdünya Mülki Müdafiə Gününə həsr olunmuş tədbir keçirilmişdir
27 fevral 2026 | 16:58
Ümumdünya Mülki Müdafiə Gününə həsr olunmuş tədbir keçirilmişdir.
27 fevral 2026-ci il tarixində Xocavənd Rayon İcra Hakimiyyətində 2026-cı il üçün Mülki Müdafiə “Tədbirlər Planı”na əsasən "Memarlıq və Şəhərsalma ili" çərçivəsində “Dayanıqlı və sabit gələcək naminə ekoloji risklərin idarə edilməsi” mövzusunda “1 Mart Ümumdünya Mülki Müdafiə Günü”nə həsr olunmuş tədbir keçirilmişdir. Rayon İcra Hakimiyyətinin və inzibati ərazi dairəsi üzrə nümayəndəliklərin əməkdaşlarının iştirak etdiyi tədbirdə Xocavənd rayonu üzrə Mülki müdafiə qərargahının rəisi Sevindik Hüseynov geniş mühazirə ilə çıxış etmişdir. Bildirmişdir ki, bu əlamətdar gün mülki müdafiə sahəsində maarifləndirmənin gücləndirilməsi, əhalinin fövqəladə hallara hazırlıq səviyyəsinin artırılması və təhlükəsizlik mədəniyyətinin formalaşdırılması baxımından xüsusi əhəmiyyət daşıyır. Beynəlxalq Mülki Müdafiə Təşkilatının Baş məclisinin qərarı ilə 1972-ci ildən etibarən hər il mart ayının 1-i bu təşkilata üzv ölkələrdə Ümumdünya Mülki Müdafiə Günü kütləvi humanitar tədbir kimi qeyd olunaraq maarifləndirici tədbirlər keçirilir. Bu günün hər il keçirilməsində məqsəd ictimaiyyətin diqqətini bu təşkilatın vacibliyinə və həyati əhəmiyyətinə cəlb etmək, mülki müdafiə işçilərinin isə işini və fədakarlıqlarını lazımınca qiymətləndirməkdir. Rayon İcra Hakimiyyəti olaraq biz müvafiq qurumlarla birgə mülki müdafiə tədbirlərinin planlı şəkildə həyata keçirilməsinə, əhali arasında maarifləndirmə işinin aparılmasına, obyektlərdə təhlükəsizlik qaydalarına riayət olunmasına daim diqqət yetiririk. İdarə və təşkilatlarda da maarifləndirici təlimlərin keçirilməsi mühüm əhəmiyyət kəsb edir. Bu gün hər bir vətəndaş bilməlidir ki, mülki müdafiə yalnız aidiyyəti qurumların vəzifəsi deyil, həm də ümumxalq məsuliyyətidir. Fövqəladə hallar zamanı düzgün və çevik davranış, təhlükəsizlik qaydalarına riayət olunması insan həyatının xilas edilməsində əsas amillərdəndir.






