Şriftin ölçüsü :

Saytın rəngi :

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr edilmiş "Ulu öndər Heydər Əliyevin irsi milli sərvətimizdir" mövzusu çərçivəsində səyyar təlim keçirilib.

31 may 2023 | 10:28
    Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr edilmiş "Ulu öndər Heydər Əliyevin irsi milli sərvətimizdir" mövzusu çərçivəsində səyyar təlim keçirilib.
   Xocavənd Rayon İcra Hakimiyyəti və Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının birgə təşkilatçılığı ilə xocavəndlilərin məskunlaşdığı Beyləqan rayonu ərazisindəki Xocavənd qəsəbəsində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr edilmiş səyyar təlim keçirilib. Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin Xocavənd qəsəbəsindəki abidəsi ziyarət edilib, önünə gül dəstələri qoyulub.
  Xocavənd Rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Hüseynov tədbirdə çıxış edərək, Ulu Öndər Heydər Əliyevin siyasi fəaliyyətindən, Azərbaycan xalqı və dövləti qarşısında xidmətlərindən danışıb. Bildirib ki, Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev öz xalqını zamanın mürəkkəb tarixi-siyasi sınaqlarından uğurla çıxarmış və ardıcıl mübarizə apararaq onu müstəqilliyə qovuşdurmuş qüdrətli şəxsiyyətdir. Azərbaycan xalqı yeni əsrə və yeni minilliyə məhz Heydər Əliyev zəkasının işığında qədəm qoymuş və bu gün davamlı yüksəliş yolunda inamla irəliləyən müasir Azərbaycan Heydər Əliyev ideyalarının təntənəsidir. “Mənim üçün hər şeydən əziz mənim xalqımdır, mənim Vətənimdir, mənim torpağımdır” söyləyən ulu öndər Heydər Əliyev istər keçmiş sovetlər dönəmində, istərsə də 1993-cü ildən sonra ölkənin iqtisadi, sosial inkişafı istiqamətində mühüm addımlar atmış, Azərbaycanın ən yüksək zirvələri fəth etməsinə böyük zəmin yaranmışdır. Arzusu, amalı Azərbaycanı hərtərəfli inkişaf etmiş müstəqil, dünya birliyində tanınan bütöv bir dövlət kimi görmək idi. Onun uzun illər Azərbaycana rəhbərlik etməsinin özü Heydər Əliyev şəxsiyyətində formalaşan, müstəqilliyə və xalqına sədaqət, millilik və vətənə məhəbbət hissindən qaynaqlanan inamın təzahürüdür.
   Ulu öndər Heydər Əliyev 1969-1982-ci illərdə Azərbaycana rəhbərlik etdiyi dövrlərdə ölkəmizi geridə qalmış respubilkadan çiçəklənən, inkişaf edən bir diyara çevirmişdir. Ən böyük sənaye obyektlərinin tikilib istifadəyə verilməsi, sosial infrastrukturun formalaşması, yüksək səviyyədə elmi tədqiqatların aparılması, kadr hazırlığı, gənclərin dünyanın ən nüfuzlu ali məktəblərində təhsil almağa göndərilməsi və digər istiqamətlərdə əldə olunan uğurlar ümummilli lider Heydər Əliyevin əzmkar fəaliyyətinin nəticəsidir. Sovetlər birliyi dövründə ölkəmizi qabaqcıl respublikalar sırasına çıxardığı kimi 1993-cü ildə xalqın təkidli tələbi ilə yenidən hakimiyyətə qayıdışı ilə dövlətçilik tarixinin yeni mərhələsinin, müstəqilliyi əbədiləşdirən uğurlu bir yolun başlanğıcını qoydu. 1993-cü ildə ölkəmizin üzərini qara buludların aldığı çətin bir vaxtda, xalqın çağırışına səs verərək düçar olduğumuz bəla və xaosu aradan qaldırmaq üçün heç bir dahi, müdrik dövlət başçısının öhdəsindən gələ bilməyəcəyi bir məsuliyyəti üzərinə götürməklə Azərbaycanın əbədi müstəqilliyini təmin etdi. Müasir Azərbaycanın qurucusu, memarı kimi tanındı, milyonların etiramını qazandı.
   Sonra Dövlət İdarəçilik Akademiyasının rektoru, akademik Urxan Ələkbərov “Ümummilli Lider Heydər Əliyev və Azərbaycan Respublikasının davamlı inklüziv inkişaf sahəsində dünya liderliyini təmin edən yeni idarəçilik texnologiyaları” adlı təqdimatla çıxış edib.
Urxan Ələkbərov təqdimatda Ümummilli Lider tərəfindən müəyyənləşdirilmiş və Prezident İlham Əliyevin uğurla davam etdirdiyi inkişaf strategiyası sayəsində Azərbaycanın qazandığı nailiyyətlərə diqqət çəkib. O, Prezident İlham Əliyev tərəfindən işlənərək tətbiq edilmiş yeni dövlət idarəçiliyi texnologiyalarının Azərbaycanı davamlı inklüziv inkişaf naminə resurslardan səmərəli istifadə üzrə regional və qlobal liderə çevrilməsinə gətirib çıxardığını xüsusi vurğulayıb. Eyni zamanda, Azərbaycanda tətbiq edilən innovativ idarəçilik texnologiyaları kompleksinin yüksək səmərəliliyinin BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsinin uğurla yerinə yetirilməsində və Ermənistan tərəfindən 30 ilə yaxın işğal altında saxlanılan ərazilərin azad edilməsində təsdiqini tapdığını bildirib. Bu Zəfərin cəmi 44 günə qazanılmasını və Azərbaycanın ərazi bütövlüyünün tam bərpasını dövlətimizin başçısının innovativ inkişaf strategiyasının təntənəli yekunu kimi dəyərləndirib.
  Rektor Azərbaycan Respublikasının bütün dünya üçün prioritet kimi qəbul edilən davamlı inklüziv inkişaf siyasətini səmərəli şəkildə reallaşdıran dünya lideri olduğunu bildirib. Diqqətə çatdırıb ki, məhdud maliyyə imkanları şəraitində Azərbaycanın inklüziv inkişafı indeksinin daha inkişaf etmiş ölkələrdəkindən yüksək olması ölkənin iqtisadi potensialının hərtərəfli inkişafı və əhalinin rifah halının yüksəldilməsi üçün daha səmərəli istifadəsinin beynəlxalq təsdiqidir. U.Ələkbərov vurğulayıb ki, inklüziv inkişaf sahəsində Azərbaycan Respublikasının yüksək göstəricilər əldə etməsində və sosial siyasətin reallaşdırılması baxımından dünya liderinə çevrilməsində ölkənin Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın da müstəsna xidmətləri var.
  O, qazanılan uğurların 44 günlük Vətən müharibəsindəki parlaq Qələbədə böyük payının olduğunu da xüsusi vurğulayıb. Bildirilib ki, ölkənin hazırkı davamlı inkişafı dövlət idarəçiliyi və dövlət qulluğu sahəsində reallaşdırılan ardıcıl islahatlar və dəyişikliklərin nəticəsidir. Akademik qeyd edib ki, 2020-ci il noyabrın 8-i Azərbaycan tarixinə ən şanlı gün kimi yazılıb. Eyni zamanda, Prezident İlham Əliyevin xarici kütləvi informasiya vasitələrinə verdiyi çoxsaylı müsahibələri Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzünün, 30 ildən artıqdır yürütdüyü işğalçılıq siyasətinin, xüsusilə müharibə cinayətlərinin mahiyyətini açmaqla bunun region üçün yaratdığı ciddi təhdidləri, Azərbaycanın haqlı mövqeyinin konkret faktlarla dünya ictimaiyyətinə çatdırılmasında müstəsna rol oynadı. Həmçinin bu müsahibələrin informasiya məkanında düşmənin yalan üzərində qurulmuş təbliğatına ciddi zərbə vurduğunu və Ermənistanın təcavüzkar siyasətinin, eləcə də onun himayədarlarının ifşa olunması ilə nəticələndiyini qeyd edib.
  Rektor təlimlər zamanı müstəqil və suveren Azərbaycan dövlətinin keyfiyyətcə yeni olan və 2021‒2030-cu illəri əhatə edən strateji mərhələyə daxil olduğunu qeyd edərək, inklüziv cəmiyyətin qurulması prosesinin ölkənin 2030-cu il üçün planlaşdırılmış əsas prioritetləri sırasında olduğunu qeyd edib. O, beynəlxalq təşkilatların hesabatlarına əsaslanaraq, ölkənin ərazi bütövlüyünün bərpası ilə səciyyələnən bu yeni mərhələdə Azərbaycan Respublikasının bütün dünya üçün prioritet kimi qəbul edilən inklüziv inkişafın planlaşdırılması və idarəedilməsi sahəsindəki uğurlarını dinləyicilərin diqqətinə çatdırıb. U.Ələkbərov məruzəsini işğaldan azad olunmuş ərazilərdə aparılan quruculuq işləri, müstəqillik dövründə qazanılan siyasi, iqtisadi, hərbi uğurlar, inklüziv inkişafın idarə edilməsi sahəsində ölkənin əldə etdiyi nailiyyətlər barədə geniş elmi təhlilə əsaslanan məlumatlarla yekunlaşdırıb.
   Təlimin sonunda dinləyicilərin sualları cavablandırılıb.
  Daha sonra Rayon İcra Hakimiyyəti, hüquq-mühafizə orqanlarının rəhbərləri və Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının professor-müəllim heyəti tərəfindən Şəhidlər Xiyabanı ziyarət edilib.
Keçidlər