Şriftin ölçüsü :

Saytın rəngi :

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü münasibətilə “Nə? Harada? Nə zaman?” intellektual yarış keçirilib

04 may 2026 | 11:23
Xocavənd rayonunda Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü münasibətilə “Nə? Harada? Nə zaman?” intellektual yarış keçirilib.
“Şəhərsalma və Memarlıq İli” çərçivəsində Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü münasibətilə Xocavənd Rayon İcra Hakimiyyəti və Yeni Azərbaycan Partiyası (YAP) Xocavənd Rayon Təşkilatının birgə təşkilatçılığı ilə rayonun idarə və təşkilatları arasında “Nə? Harada? Nə zaman?” intellektual yarışı keçirilib. Beyləqan rayon Xaçınabad kənd 4 saylı tam orta ümumtəhsil məktəbində baş tutan tədbirdə əvvəlcə partiyanın yaradıcısı, Azərbaycan dövlətinin banisi Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət olunub. Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə açıq elan olunan tədbirdə Ümummilli Lider Heydər Əliyevin, ölkəmizin ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirələri bir dəqiqəlik sükutla yad olunub. Tədbirdə çıxış edən Xocavənd Rayon İcra Hakimiyyətinin Ərazi-təşkilat və ictimai-siyasi məsələlər şöbəsinin İctimai-siyasi və humanitar məsələlər sektorunun müdiri Nicat Şirinov bildirib ki, Heydər Əliyev Azərbaycan xalqı qarşısında müstəsna xidmətlər göstərmiş, ölkəmizin müstəqilliyinin möhkəmləndirilməsində və dövlət quruculuğunda həlledici rol oynamışdır. O, 1990-cı illərin mürəkkəb və gərgin dövründə hakimiyyətə qayıdaraq ölkədə siyasi sabitliyi bərpa etmiş, vətəndaş qarşıdurmasının qarşısını almış və dövlət institutlarını gücləndirmişdir. Natiq qeyd edib ki, Ümummilli Liderin təşəbbüsü ilə həyata keçirilən neft strategiyası, xüsusilə “Əsrin müqaviləsi”, Azərbaycanın iqtisadi inkişafına güclü təkan vermiş, ölkəyə böyük həcmdə xarici investisiyaların cəlb olunmasına şərait yaratmışdır. Heydər Əliyev milli-mənəvi dəyərlərin qorunmasına, azərbaycançılıq ideologiyasının formalaşdırılmasına və gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsinə xüsusi diqqət yetirmişdir. Onun zəngin siyasi irsi bu gün də Azərbaycanın inkişaf yolunu müəyyən edən əsas dayaqlardan biri kimi böyük əhəmiyyət daşıyır.
Həmçinin tədbirdə çıxış edən YAP Xocavənd Rayon Təşkilatının sədri Vüsal Hüseynov bildirib ki, Ulu Öndər Heydər Əliyev hər zaman vurğulayırdı ki, Azərbaycanın gələcəyi yüksək bilikli və savadlı gənclərin çiyinləri üzərində ucalacaqdır. Onun zəngin dövlətçilik təcrübəsi və xalqımız qarşısındakı misilsiz xidmətləri bu gün hər birimiz üçün ən böyük örnəkdir. Bu yarış sadəcə bir yarış deyil, həm də Ulu Öndərin dahi şəxsiyyətinə və onun bizə miras qoyduğu milli dəyərlərə olan sonsuz ehtiramımızın ifadəsidir. V.Hüseynov çıxışın sonunda hər bir komandaya gərgin və maraqlı mübarizədə uğurlar arzuladı. Tədbirdə digər çıxış edənlər Ulu Öndər Heydər Əliyevin zəngin və mənalı həyat yolundan, çoxşaxəli fəaliyyətindən, xalqın təkidli tələbi ilə ikinci dəfə hakimiyyətə qayıdışından və Azərbaycan dövlətçiliyinin qorunub saxlanılması və möhkəmləndirilməsi istiqamətində göstərdiyi misilsiz xidmətlərdən bəhs ediblər. Daha sonra “Nə? Harada? Nə zaman?” intellektual yarışına start verilib. Gərgin və maraqlı mübarizə şəraitində keçən yarışının sonunda qaliblər diplom və hədiyyələrlə təltif edildi.
Keçidlər