Şriftin ölçüsü :

Saytın rəngi :

Uşaq Hüquqları aylığı çərçivəsində “Mənim hüquqlarım” adlı maarifləndirici görüşlər keçirilib

13 noyabr 2026 | 17:09
Uşaq Hüquqları aylığı çərçivəsində “Mənim hüquqlarım” adlı maarifləndirici görüşlər keçirilib.
Xocavənd şəhər 1 saylı tam orta ümumtəhsil məktəbində Uşaq Hüquqları Aylığı çərçivəsində “Mənim hüquqlarım” adlı maarifləndirici tədbir keçirilib. Tədbirin əsas məqsədi şagirdlərin uşaq hüquqları ilə bağlı məlumatlılıq səviyyəsini artırmaq, onların hüquq və vəzifələrini daha dərindən dərk etmələrinə kömək etmək, eyni zamanda hər bir uşağın hüquqlarının qorunmasının vacibliyini aşılamaq olub. Tədbir zamanı şagirdlərə Birləşmiş Millətlər Təşkilatının Uşaq Hüquqları Konvensiyası, bu beynəlxalq sənəddə təsbit olunmuş əsas prinsiplər və uşaqların malik olduqları hüquqlar haqqında ətraflı məlumat verilib. Bildirilib ki, hər bir uşaq irqindən, milliyyətindən, dilindən, dinindən, sosial mənşəyindən və digər xüsusiyyətlərindən asılı olmayaraq bərabər hüquqlara malikdir və bu hüquqların qorunması cəmiyyətin hər bir üzvünün mühüm vəzifəsidir. Çıxışlar zamanı uşaqların yaşamaq, ad və vətəndaşlıq əldə etmək, ailə qayğısı ilə əhatə olunmaq, təhsil almaq, sağlamlığın qorunması, istirahət etmək, zorakılıq və ayrı-seçkilikdən müdafiə olunmaq, eləcə də öz fikir və düşüncələrini sərbəst ifadə etmək hüquqları diqqətə çatdırılıb. Həmçinin vurğulanıb ki, uşaqların sağlam, təhlükəsiz və əlverişli mühitdə böyüməsi, onların şəxsiyyət kimi formalaşması və potensiallarının inkişaf etdirilməsi üçün hüquqlarına hörmətlə yanaşılması xüsusi əhəmiyyət daşıyır. Tədbir interaktiv müzakirələr şəklində davam etdirilib. Şagirdlərə gündəlik həyatda qarşılaşa biləcəkləri müxtəlif situasiyalar əsasında suallar ünvanlanıb, onların fikirləri dinlənilib və mövzu ətrafında fikir mübadiləsi aparılıb. Şagirdləri maraqlandıran suallar cavablandırılıb, hüquqların yalnız bilinməsinin deyil, eyni zamanda onların qorunması və zərurət yarandıqda müdafiə olunması yollarını öyrənməyin vacibliyi izah edilib.
Eyni zamanda qeyd olunub ki, hər bir uşağın hüquqları ilə yanaşı, cəmiyyət, ailə, məktəb və digər insanlarla münasibətlərində müəyyən məsuliyyət və vəzifələri də vardır. Başqalarının hüquqlarına hörmət etmək, qarşılıqlı anlaşma və tolerantlıq nümayiş etdirmək, qanunlara riayət etmək hüquqi vətəndaşlıq mövqeyinin formalaşmasında mühüm rol oynayır.
Keçidlər