Uşaq Səfirlər Məclisinin növbəti layihəsilə bağlı "Təhsil üçün birləşək” mövzusunda tədbir keçirilmişdir.
20 fevral 2024 | 11:21
Uşaq Səfirlər Məclisinin növbəti layihəsilə bağlı "Təhsil üçün birləşək” mövzusunda tədbir keçirilmişdir.
20 fevral 2023-cü il tarixdə Xocavənd Rayon İcra Hakimiyyəti və Uşaq Səfirlər Məclisinin Xocavənd rayon nümayəndələrinin birgə təşkilatçılığı ilə Salakətin kənd tam orta məktəbində “Təhsil üçün birləşək” mövzusunda tədbir keçirilmişdir. Tədbirdə Xocavənd Rayon İcra Hakimiyyəti başçısının müavini Əfsanə Quliyeva, Uşaq Səfirlər Məclisinin Xocavənd rayon nümayəndəsi Teybə Tağıyeva, məktəbin direktoru Rəmziyyə Aslanova valideyn komitələrinin sədrləri, təhsildən yayınan şagirdlərin valideynləri, müəllimlər və şagirdlər iştirak etmişlər. Tədbirdə çıxış edən Xocavənd Rayon İcra Hakimiyyəti başçısının müavini Əfsanə Quliyeva Ailə Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşəbbüsü ilə yaradılmış Uşaq Səfirlər Məclisi haqqında geniş məlumat vermiş, həmçinin dövlətin təhsil siyasəti, müəllim-şagird-valideyn üçlüyü, şagirdlərin təhsildən yayınması, erkən nikah və digər aktual məsələlərə toxunmuşdur.
Uşaq Səfirlər Məclisinin Xocavənd rayon nümayəndəsi Teybə Tağıyeva çıxış edərək bildirdi ki, təhsil sahəsində maarifləndirilmə işinin məsuliyyətlə və düzgün aparılması əsas şərtdir. Çünki yanlış atılan bir addım, səhv yönləndirmə və qeyri-professional yanaşma bir uşağın, bir fərdin gələcəyinin ən böyük probleminə çevrilə bilər. Sosial-iqtisadi həyatın müasirləşdirilməsində təhsilin rolu təkcə təhsilalanın qazandığı bilik və bacarıqların iqtisadi amilə çevrilməsi ilə məhdudlaşmır. Təhsil prosesində əldə olunan bilik və bacarıqlar, həmçinin etik-əxlaqi norma və dəyərlər hər bir təhsilalanın cəmiyyətin layiqli üzvü olması üçün lazımi şərait yaradır, onu biliyi və etik davranışı sayəsində örnək ola biləcək həmkara, nümunəvi ailə üzvünə və vətəndaşa çevirir.
Tədbir müəllim və valideynlərin qarşılıqlı müzakirəsi ilə davam etmişdir.