Vətən müharibəsində qəhrəmancasına şəhid olmuş Xocavənd rayon Əmirallar kənd sakini Fərəcov Zülfüqar Museyib oğlunun anım günü ilə bağlı tədbir keçirilmişdir.
29 sentyabr 2022 | 10:33
29 sentyabr 2022-ci il tarixdə Vətən müharibəsində qəhrəmancasına şəhid olmuş Xocavənd rayon Əmirallar kənd sakini Fərəcov Zülfüqar Museyib oğlunun anım günü münasibətilə Xocavənd qəsəbəsində yerləşən “Şəhidlər” Memorial Abidə Kompleksində tədbir keçirilmişdir. Tədbir iştirakçıları öncə şəhidlərin məzarları önünə qərənfillər düzmüş, onların əziz xatirəsinə ehtiramlarını bildirmişlər. Daha sonra canlarını Azərbaycanın ərazi bütövlüyü uğrunda qurban vermiş Vətən müharibəsi şəhidlərinin əziz xatirəsinə dualar oxunaraq, xatirələri bir dəqiqəlik sükutla yad edilmişdir.
Xocavənd Rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Hüseynov Vətən müharibəsində iştirak edərək qəhrəmancasına şəhid olmuş Fərəcov Zülfüqar Museyib oğlunun döyüş yolu barədə tədbir iştirakçılarına ətraflı məlumat vermişdir. Şəhidin valideynlərinə və ailə üzvlərinə başsağlığı verərək, belə qəhrəman övlad böyütdükləri üçün minnətdarlığını bildirmişdir. Başçı 2020-ci ilin 27 sentyabrında başlamış 44 günlük Vətən müharibəsindən söz açaraq, Azərbaycan Silahlı Qüvvələrinin əsgər və zabit heyətinin döyüşlərə böyük inamla qatıldığını və xüsusi peşəkarlıqla erməni vandallarının illərlə qurub yaratdığı dəmir istehkamları bir neçə saat ərzində darmadağın edərək sürətlə irəlilədiyini qeyd etmişdir. Ali Baş Komandan Cənab İlham Əliyevin irəli əmri ilə döyüşlərə atılmış igidlər arasında digər yoldaşları kimi Zülfüqar Fərəcov da ilk olaraq düşmən səddinin yarılmasında böyük şücaət göstərərək ermənilərin xeyli canlı qüvvəsini və hərbi texnikasını sıradan çıxarmışdır. Tədbirdə çıxış edən şəhidin övladı Əmrah Fərəcov 44 günlük Vətən müharibəsi zamanı canını fəda etmiş bütün şəhidlərə Allahdan rəhmət diləmiş yaxınlarına və ailələrinə başsağlığı vermişdir. Əmrah Fərəcov atası ilə fəxr etdiyini və gələcək fəaliyyətində onun arzularını doğruldacağına söz verdi. Digər çıxış edənlər Zülfüqar Fərəcovun hərbidə xidmət etdiyi illərdən söz açaraq onun mehiriban, sədaqətli və çox peşəkar bir hərbiçi olduğunu bildirmişlər.
Xocavənd rayon Əmirallar kənd sakini, Fərəcov Zülfüqar Museyib oğlu Vətən müharibəsinin ilk günündən döyüşlərə atılmış, düşmənin xeyli sayda post və istehkamlarının dağıdılmasında xüsusi şücayət göstərmişdir. O, 29 Sentyabr 2020-ci il tarixdə canını Vətən torpağı uğrunda fəda edərək müqəddəs Şəhidlik zirvəsinə ucalmışdır. Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə ölümündən sonra “Vətən uğrunda” və “Füzulinin azad olunmasına görə”” medalları ilə təltif edilmişdir. Allah rəhmət eləsin.