Şriftin ölçüsü :

Saytın rəngi :

Vətən müharibəsində qəhrəmancasına şəhid olmuş Xocavənd rayon Əmirallar kənd sakini -kiçik çavuş Balakişiyev Qara Əmirxan oğlunun anım günü ilə bağlı tədbir keçirilmişdir.

28 sentyabr 2023 | 17:58
  Vətən müharibəsində qəhrəmancasına şəhid olmuş Xocavənd rayon Əmirallar kənd sakini -kiçik çavuş Balakişiyev Qara Əmirxan oğlunun anım günü ilə bağlı tədbir keçirilmişdir.
  28 sentyabr 2023-cü il tarixdə Xocavənd qəsəbəsində yerləşən Şəhidlər məzarlığında Vətən müharibəsində qəhrəmancasına şəhid olmuş Xocavənd rayon Əmirallar kənd sakini Balakişiyev Qara Əmirxan oğlunun anım günü münasibətilə tədbir keçirilmişdir. Tədbir iştirakçıları öncə şəhidlərin məzarları önünə tər güllər düzmüş, onların əziz xatirəsinə ehtiramlarını bildirmişlər. Daha sonra canlarını Azərbaycanın ərazi bütövlüyü uğrunda qurban vermiş Vətən müharibəsi şəhidlərinin əziz xatirəsinə dualar oxunaraq, xatirələri bir dəqiqəlik sükutla yad edilmişdir.
  Tədbirdə Xocavənd Rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Hüseynov çıxış edərək bildirmişdir ki, “Ermənistan silahlı qüvvələrinin 2020-ci il sentyabrın 27-də törətdiyi növbəti hərbi təxribata cavab olaraq, Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin Ali Baş Komandanı, cənab Prezident İlham Əliyevin əmri ilə Azərbaycan Respublikasının Silahlı Qüvvələri əks-hücum əməliyyatlarına başlamış və 44 gün davam edən Vətən müharibəsi rəşadətli Ordumuzun qələbəsi ilə başa çatmışdır. Lakin mənfur düşmən kapitulyasiya sənədinə qol çəkərək üzərinə götürdüyü öhdəliklərə əməl etməkdən boyun qaçırmağa çalışmış, dinc sakinlərimizə, hərbiçilər və hüquq mühafizə orqanlarının nümayəndələrinə qarşı terror hadisələri törətməkdə davam etmişdir. Bütün bunlara birdəfəlik son qoymaq məqsədilə sentyabr ayının 19-da Azərbaycan Respublikasının Silahlı Qüvvələri tərəfindən Qarabağ iqtisadi rayonunda lokal xarakterli antiterror tədbirləri başlanmış və 24 saat ərzində uğurla başa çatdırılmışdır. Müzəffər ordumuzun möhtəşəm qələbəsi və düşmənin ağ bayraq qaldıraraq təslim olması ilə başa çatan döyüş əməliyyatlarında qəhrəmanlıq göstərərək şəhidlik zirvəsinə ucalanlar arasında Xocavənd rayonunun da bir nəfər igid oğlunun olduğunu bildirən E. Hüseynov Vətən müharibəsində iştirak edərək qəhrəmancasına şəhid olmuş Balakişiyev Qara Əmirxan oğlunun döyüş yolu barədə tədbir iştirakçılarına ətradflı məlumat vermiş, Şəhidin valideynlərinə və ailə üzvlərinə başsağlığı verərək, belə qəhrəman övlad böyütdükləri üçün minnətdarlığını bildirmişdir”. Tədbirdə çıxış edən şəhidin anası Nazimə Balakişiyevə övladının qəhrəmanlığı ilə fəxr etdiyini bildirmiş, Şəhid ailələrinə göstərilən diqqət və qayğı görə Azərbaycan Respublikasının Prezidenti Ali Baş Komandan cənab İlham Əliyevə və rayon rəhbərliyinə öz dərin minnətdarlığını bildirmişdir.
  Digər çıxış edənlər Qara Balakişiyevin məktəb və hərbidə xidmət etdiyi illərdən söz açaraq onun mehiriban, güləriz, ailəcanlı və sədaqətli gənc olduğunu bildirmişlər. Natiqlər Şəhidlərin keçdikləri şərəfli ömür yolunun daim təbliğ olunmasını və gələcək nəsillərə ötürülməsinin vacibliyini vurğulamışlar.
  Xocavənd rayon Əmirallar kənd sakini, Balakişiyev Qara Əmirxan oğlu Vətən müharibəsinin ilk günündən döyüşlərə atılmış, düşmənin xeyli sayda post və istehkamlarının dağıdılmasında xüsusi şücayət göstərmişdir. O, 27 Sentyabr 2020-ci il tarixdə canını Vətən torpağı uğrunda fəda edərək müqəddəs Şəhidlik zirvəsinə ucalmışdır. Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə ölümündən sonra “Füzulinin azad olunmasına görə” “Cəbrayılın azad olunmasına görə”, “İgidliyə görə” və “Vətən Uğrunda” medalları ilə təltif edilmişdir. Allah rəhmət eləsin.
Keçidlər