Xocavənd qəsəbəsində növbəti səyyar qəbul olub
03 noyabr 2026 | 14:59
Xocavənd qəsəbəsində növbəti səyyar qəbul olub.
03 noyabr 2026-cı il tarixdə 500 ailəlik Xocavənd qəsəbəsində Xocavənd Rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Hüseynovun səyyar görüşü keçirilib. Səyyar görüşdə Rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Hüseynov çıxış edərək bildirdi ki, dövlətimizin xarici və daxili siyasət kursunun uğurla həyata keçirilməsi, ölkəmizin beynəlxalq nüfuzunun daha da möhkəmlənməsi və regional liderliyinin təmin olunması istiqamətində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən çoxşaxəli və dinamik fəaliyyət davam etdirilir. Çıxışda Prezident İlham Əliyevin 2 oktyabr 2026-cı il tarixində keçirilmiş Yeni Azərbaycan Partiyasının (YAP) 8-ci qurultayındakı proqram xarakterli fikirlərinə və müəyyən etdiyi strateji hədəflərə geniş toxunulmuşdur. Cənab Prezidentin qurultayda vurğuladığı kimi, dünyada geosiyasi gərginliyin və mürəkkəb proseslərin sürətlə dəyişdiyi bir şəraitdə Azərbaycan xalqının sabitlik, təhlükəsizlik və əmin-amanlıq şəraitində yaşaması müasir dünyada böyük bir sərvətdir. Dövlət başçısı qeyd etmişdir ki, dünya xəritəsinə nəzər saldıqda Azərbaycan qədər sülh şəraitində yaşayan çox az ölkənin olduğu görünür və bu reallıqları nəzərə alaraq milli maraqlarımızın qətiyyətlə qorunması, müdafiə potensialımızın möhkəmləndirilməsi və təhlükəsizlik tədbirləri daim gündəlikdə saxlanılmalıdır.
Tədbirdə həmçinin ölkə rəhbərinin YAP-ın 8-ci qurultayında iqtisadi-sosial məsələlərlə bağlı verdiyi mühüm tapşırıqlar xatırladılaraq bildirilmişdir ki, dövlət proqramlarına uyğun olaraq artıq müvafiq göstərişlər verilmişdir və gələn il ölkədə minimum əməkhaqqı, pensiyalar və sosial müavinətlər əhəmiyyətli dərəcədə qaldırılacaq, vətəndaşların sosial rifahının gücləndirilməsi tədbirləri davam etdiriləcəkdir.
Bununla yanaşı, cənab Prezidentin qurultayda bəyan etdiyi kimi, dövlətimizin əsas və ali vəzifələrindən biri Qarabağ və Şərqi Zəngəzurun sürətlə bərpasıdır. İşğaldan azad edilmiş ərazilərdə yenidənqurma və abadlıq işləri fasiləsiz davam edir. Rəsmi hesabatların son məlumatlarına görə, hazırda Qarabağda və Şərqi Zəngəzurda 96 min insan yaşayır, çalışır və təhsil alır. Bu qayıdışı təmin etmək üçün bu günə qədər bölgələrin inkişafına dövlət tərəfindən 28 milyard manat vəsait ayrılmışdır ki, onların böyük əksəriyyəti irimiqyaslı infrastruktur layihələrinə istiqamətləndirilərək uğurla başa çatdırılmışdır. Hazırda azad edilmiş 48 yaşayış məntəqəsində keçmiş köçkünlərin məskunlaşması tamamlanmışdır və bundan sonrakı illərdə “Böyük Qayıdış” proqramının icrası daha da sürətlənəcəkdir.
Bu çərçivədə Xocavənd rayonu üzrə məskunlaşma prosesi də planlı və ardıcıl şəkildə həyata keçirilir. Belə ki, 2025-ci ilin oktyabr ayından bu günə qədər rayonun 8 yaşayış məntəqəsinə 1149 ailə (ümumilikdə 4744 nəfər) doğma yurdlarına geri dönmüşdür. Rayonda sosial infrastrukturun qurulması istiqamətində də mühüm addımlar atılıb, artıq yerli sakinlərin istifadəsi üçün məktəb və xəstəxana tam fəaliyyətə başlamışdır. Tədbirdə rayon sakinlərinə öz ata-baba torpaqlarına köçmələri ilə bağlı çağırış olunmuş, xüsusilə Güneyxırman, Quzeyxırman, Kiş və Ağkənd kəndlərinin füsunkar təbiəti, əlverişli coğrafi mövqeyi və yaradılmış müasir yaşam şəraiti diqqətə çatdırılaraq bu ərazilərdə məskunlaşmanın üstünlükləri vurğulanmışdır.
Görüşün sonunda səyyar qəbulda iştirak edən sakinlərin müraciət, mülahizə və təklifləri fərdi qaydada dinlənilmişdir.






