Şriftin ölçüsü :

Saytın rəngi :

Xocavənd qəsəbəsində səyyar qəbul keçirilmişdir

09 oktyabr 2026 | 17:17
Xocavənd qəsəbəsində səyyar qəbul keçirilmişdir.
2026-cı il oktyabrın 9-da Rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Hüseynov Xocavənd qəsəbəsində məskunlaşan sakinlərlə növbəti səyyar qəbul keçirib. İştirakçıları səmimi salamlayan RİH başçısı son bir ayda Ölkə Prezidenti cənab İlham Əliyevin son dərəcə gərgin və səmərəli fəaliyyət proqramı ilə seçildiyini diqqətə çatdırıb. Həmçinin xarici diplomatik əlaqələr, eləcə də ölkə daxilində aparılan quruculuq işləri və regionların inkişafı istiqamətində vacib səfərlərin, strateji qəbulların reallaşdırıldığı vurğulanıb.
Çıxışda Prezident İlham Əliyevin YAP-ın VIII qurultayındakı fikirlərinə də toxunulub. Cənab Prezidentin qurultayda vurğuladığı kimi, dünyada vəziyyətin sürətlə dəyişdiyi bir şəraitdə Azərbaycan şanlı Zəfər qazansa və Ermənistan kapitulyasiya aktına imza atmağa məcbur edilsə də, əsas vəzifələrdən biri hərbi gücümüzün daha da artırılmasıdır. Dövlət başçısı qeyd etmişdir ki, bu gün Azərbaycan xalqının təhlükəsizlik və əmin-amanlıq şəraitində yaşaması müasir dünyada böyük bir sərvətdir; dünya xəritəsinə nəzər saldıqda Azərbaycan xalqı kadar sabitlik və sülh şəraitində yaşayan çox az ölkənin olduğu görünür və bu reallıqları nəzərə alaraq təhlükəsizlik tədbirləri daim gündəlikdə saxlanılmalıdır.
Tədbirdə həmçinin ölkə rəhbərinin YAP-ın VIII qurultayında iqtisadi-sosial məsələlərlə bağlı verdiyi tapşırıqlar xatırladılaraq bildirilib ki, artıq müvafiq gösterişlər verilib və gələn il minimum əməkhaqqı, pensiyalar və sosial müavinətlər qaldırılacaqdır.
Bununla yanaşı, cənab Prezidentin qurultayda bəyan etdiyi kimi, dövlətimizin əsas vəzifələrindən biri Qarabağ və Şərqi Zəngəzurun bərpasıdır. İşğaldan azad edilmiş ərazilərdə yenidənqurma və abadlıq işləri fasiləsiz davam edir. Qurultayda səsləndirilən son məlumatlara görə, hazırda Qarabağda və Şərqi Zəngəzurda 96 min insan yaşayır, çalışır və təhsil alır. Bu günə qədər bu bölgələrin inkişafına 28 milyard manat vəsait ayrılıb ki, onların böyük əksəriyyəti infrastruktur layihələrinə istiqamətləndirilib və böyük hissəsi artıq başa çatıb. Eyni zamanda, bu gün 48 yaşayış məntəqəsində keçmiş köçkünlər məskunlaşıb və bundan sonrakı illərdə “Böyük Qayıdış” daha da sürətlənəcəkdir.
Bu çərçivədə Xocavənd rayonu üzrə məskunlaşma prosesi də sürətlə həyata keçirilir. Belə ki, 2025-ci ilin oktyabr ayından bu günə qədər rayonun 8 yaşayış məntəqəsinə 1097 ailə (ümumilikdə 4435 nəfər) doğma yurdlarına geri dönüb. Rayonda sosial infrastrukturun qurulması istiqamətində də mühüm addımlar atılıb, artıq yerli sakinlərin istifadəsi üçün məktəb və xəstəxana tam fəaliyyətə başlayıb. Tədbirdə rayon sakinlərinə öz ata-baba torpaqlarına köçmələri ilə bağlı çağırış olunub, xüsusilə Güneyxırman, Quzeyxırman, Kiş və Ağkənd kəndlərinin füsunkar təbiəti, əlverişli coğrafi mövqeyi və yaradılmış müasir yaşam şəraiti diqqətə çatdırılaraq bu ərazilərdə məskunlaşmanın üstünlükləri vurğulanıb.
Görüşün sonunda səyyar qəbulda iştirak edən sakinlərin müraciət, mülahizə və təklifləri fərdi qaydada dinlənilib.
Keçidlər