Xocavənd Rayon İcra Hakimiyyəti başçısının 02 noyabr 2023-cü il tarixdə İmişli şəhərində vətəndaşlarla növbəti səyyar qəbulu keçirilmişdir.
02 noyabr 2023 | 15:33
Xocavənd Rayon İcra Hakimiyyəti başçısının İmişli şəhərində vətəndaşlarla növbəti səyyar qəbulu keçirilmişdir.
02 noyabr 2023-cü il tarixdə Xocavənd Rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Hüseynovun İmişli rayonu Qaçqınlar Komitəsinin Bəhrəmtəpə qəsəbəsi üzrə Mənzil İstismar idarəsinin inzibati binasında sakinlərlə növbəti səyyar qəbulu keçirilmişdir. Qəbulda Rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Hüseynov, aidiyyəti idarə, müəssisə, təşkilat rəhbərləri, rayon ictimaiyyətinin nümayəndələri iştirak etmişdir. Qəbul zamanı çıxış edən Rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Hüseynov bildirib ki, Azərbaycan xalqı 30 il ərzində qələbəni, torpaqlarımızı düşmən işğalından azad etmək üçün Ali Baş Komandanın əmrini gözləyirdi. Bu müddət ərzində həm Ulu Öndərin hakimiyyəti illərində, həm də Prezident İlham Əliyevin rəhbərliyi dövründə atılmış hər bir addım, qəbul olunmuş hər bir qərar torpaqlarımızın düşmən işğalından azad olunmasına xidmət edib. Vətən müharibəsində qazanılmış Zəfər mükəmməl ordu quruculuğu siyasətinin və iqtisadi inkişafın nəticəsidir. Ordunu dövlətin dayağı, xalqın güvən yeri, qürur mənbəyi adlandıran Ulu Öndər Azərbaycan Ordusunun yaradıcısı olmuş, Silahlı Qüvvələrimizi dövlət müstəqilliyinin dəyərli reallıqlarından birinə çevirmişdir. Başçı qeyd edib ki, Azərbaycan Ordusunun inkişafı, müasirləşdirilməsi, döyüş qabiliyyətinin artırılması Prezident İlham Əliyevin rəhbərliyi illərində də uğurla davam etdirilmiş, ordu quruculuğu dövlət quruculuğunun əsas istiqamətlərindən birinə çevrilmişdi. Şübhəsiz ki, Ordu quruculuğu sahəsindəki bu əzmkar fəaliyyət 44 günlük Vətən müharibəsindəki qələbəmizin təməlini təşkil etdi. Danılmaz faktdır ki, bütün müharibələrdə son sözü güclü ordu və onun Ali Baş Komandanı deyir. İkinci Qarabağ müharibəsində də son sözü şanlı Azərbaycan Ordusu və onun Müzəffər Ali Baş Komandanı Ermənistanı kapitulyasiya aktına imza atmağa məcbur etməklə söylədi. Eyvaz Hüseynov, qazanılmış tarixi zəfərin 3-cü ildönümü ərafəsində olduğumuzu qeyd edərək, Allahdan torpaqlarımızın azadlığı, dövlətimizin suverenliyi uğrunda canlarını fəda etmiş şəhidlərimizə rəhmət diləmiş və qazilərimizə can sağlığı arzulamışdır.
Daha sonra sakinlərin təklifləri və onları narahat edən problemlər dinlənilib. Vətəndaşların müraciətləri nəzarətə götürülüb və onların həlli ilə bağlı aidiyyəti vəzifəli şəxslərə müvafiq tapşırıqlar verilib.