Xocavənd Rayon İcra Hakimiyyəti başçısının Bakı şəhəri Nərimanov rayonunda məskunlaşan rayon sakinləri ilə növbəti səyyar qəbulu keçirilmişdir.
12 yanvar 2023 | 10:46
Xocavənd Rayon İcra Hakimiyyəti başçısının Bakı şəhəri Nərimanov rayonunda məskunlaşan rayon sakinləri ilə növbəti səyyar qəbulu keçirilmişdir.
12 yanvar 2023-cü il tarixdə Xocavənd Rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Hüseynov Bakı şəhəri Nərimanov rayonu, S.Bakuvi küçəsində yerləşən qərargahında sakinlərlə növbəti səyyar qəbul keçirmişdir. Qəbulda Rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Hüseynov, aidiyyəti idarə, müəssisə, təşkilat rəhbərləri, rayon ictimaiyyətinin nümayəndələri iştirak etmişdir. Qəbul zamanı çıxış edən Rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Hüseynov bu gün Azərbaycan Prezidenti cənab İlham Əliyevin uğurlu siyasəti nəticəsində ölkəmizdə iqtisadiyyatın davamlı və dayanıqlı inkişafının təmin edildiyini bildirib. Başçı ölkəmizdə əlverişli biznes və investisiya mühitinin yaradıldığını, sahibkarlıq fəaliyyəti, rəqabətqabiliyyətli və ixracyönümlü məhsul istehsalının genişləndiyini, neft və qeyri-neft sektorunun günü-gündən inkişaf etdiyini, ölkəyə xarici və yeri investisorların marağının artdığını qeyd edib. Natiq 44 günlük Vətən müharibəsi haqqında danışaraq bildirmişdir ki, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilmiş döyüş əməliyyatları nəticəsində 30 ilə yaxın davam edən Qarabağ münaqişəsinə döyüş meydanında son qoyulmuşdur. Hazırda Azərbaycan dövlətinin həyata keçirdiyi enerji layihələri, regional inteqrasiyaya xidmət edən əməkdaşlıq formatları Cənubi Qafqazda sabitliyin təmin edilməsində mühüm rol oynayır. Bununla yanaşı, Azərbaycan dünyada sülhyaratma prosesində fəal iştirak edir, səmərəli təklif və təşəbbüslərlə çıxış edir, öz praktik fəaliyyəti ilə sülhün və təhlükəsizliyin möhkəmlənməsinə dəyərli töhfələr verir. Eyvaz Hüseynov tarixi qələbədən sonra Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin bilavasitə rəhbərliyi altında Qarabağda yenidənqurma işlərinə strat verildiyini və keçən müddət ərzində işğaldan azad olunmuş bütün ərazilərdə genişmiqyaslı tikinti quruculuq işlərinin sistemli şəkildə davam etdiyini qeyd etdi. Başçı cənab Prezident İlham Əliyevin imzaladığı yeni fərman və sərəncamlara diqqət çəkərək bildirmişdir ki, qəbul edilmiş qərararlar bir daha onu göstərir ki, vətəndaşların sosial müdafiəsi, rifahının yaxşılaşdırılması dövlət siyasətinin prioritet istiqamətidir. Şəhid ailələrinə, müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə və digər vətəndaşlara verilən təqaüd və müavinətlərin artırılması Azərbaycanda həyata keçirilən sosial islahatların davamlı və ardıcıl xarakter daşıdığını göstərir. Natiq çıxışında qeyd etmişdir ki, son illərdə Azərbaycanda həyata keçirilən sosial islahatların əsas hədəfi həssas kateqoriyadan olan vətəndaşların sosial müdafiəsini gücləndirməyə nail olmaqdır. Yeni sosial islahatlar paketi daha çox insanı əhatə edir ki, bu da onun əhəmiyyətini artıran əsas amillərdən biridir. İmzalanan fərman və sərəncamlar əməkhaqqı, minimum əməkhaqqının məbləğinə, dövlət sektorunda çalışan insanların sosial müdafiəsinə, pensiya, müavinət, təqaüd, ünvanlı dövlət sosial yardımı alan vətəndaşların rifahına bilavasitə təsir göstərəcək. Əsas məqsəd cəmiyyətin bütün təbəqələrini əhatə etmək, onların daha yaxşı yaşaması üçün imkanlar yaratmaqdır.
Daha sonra sakinlərin təklifləri və onları narahat edən problemlər dinlənilib. Vətəndaşların müraciətləri nəzarətə götürülüb və onların həlli ilə bağlı aidiyyəti vəzifəli şəxslərə müvafiq tapşırıqlar verilib.