Xocavənd Rayon İcra Hakimiyyətində baramaçılığın inkişafına həsr olunmuş müşavirə keçirilmişdir
Xocavənd Rayon İcra Hakimiyyətində baramaçılığın inkişafına həsr olunmuş müşavirə keçirilmişdir.
20 aprel 2026-cı il tarixdə Xocavənd Rayon İcra Hakimiyyətində baramaçılığın inkişafına həsr olunmuş müşavirə keçirilmişdir. Müşavirədə Xocavənd Rayon İcra Hakimiyyətinin başçısının müavini Azər Süleymanov, idarə, müəssisə və təşkilatların rəhbərləri, inzibati-ərazi dairəsi üzrə nümayəndələr və qabaqcıl barama istehsalçıları iştirak etmişdir. Müşavirədə Xocavənd Rayon İcra Hakimiyyətinin başçısının müavini Azər Süleymanov bildirmişdir ki, Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin müvafiq Sərəncamı ilə təsdiqlənmiş “Azərbaycan Respublikasında baramaçılığın və ipəkçiliyin inkişafına dair 2018-2025-ci illər üçün Dövlət Proqramı” çərçivəsində ölkəmizdə baramaçılığın inkişaf etdirilməsi ilə bağlı həyata keçirilən tədbirlər öz bəhrəsini verir. Azər Süleymanov rayonda baramaçılıq sahəsində görülmüş işlər və qarşıda duran vəzifələr barədə məlumat verib. Bildirib ki, son illərdə respublikamızda baramaçılığın inkişafına dair dövlət başçısı tərəfindən verilən tapşırıqlar, qəbul olunmuş qərarlar Xocavənd rayonunda baramaçılığın dirçəlməsinə böyük təkan verib. Daha sonra baramaçılıqla bağlı tədbirlər planına əsasən işlərin davamlı təşkili, kümxanaların təlimata uyğun olaraq hazırlanması, çəkil bağlarına qulluq işləri və fermerlərin maarifləndirilməsi istiqamətində görülən işlər barədə fikir mübadiləsi aparılıb. Müşavirədə çıxış edənlər ölkəmizdə kənd təsərrüfatının, xüsusən pambıqçılığın, taxılçılığın, baramaçılığın, tütünçülüyün və fındıqçılığın inkişafına göstərilən diqqət və qayğıya görə ölkə Prezidentinə minnətdarlıqlarını bildiriblər. Müşavirədə baramaçılığın inkişafı ilə bağlı səsləndirilən təkliflər qeydə alınıb, qaldırılan məsələlərin operativ həlli üçün müvafiq tapşırıqlar verilib. Qabaqcıl kümçülərin fəaliyyətləri bütün kümçülərə çatdırılmış, həmçinin ipək qurdu saxlanılması dövründə qabaqçıl kümçülərin fəaliyyətlərinin öyrənilib tətbiq edilməsi ilə bağlı kümçülərin həmin təsərrüfatlara baxışları keçirilmişdir.






