Xocavənd Rayon İcra Hakimiyyətində "COP29" və "Yaşıl dünya naminə həmrəylik ili" mövzusunda dəyirmi masa keçirilib
03 iyun 2024-cü il tarixində Xocavənd rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə “Yaşıl dünya naminə həmrəylik ili” mövzusunda dəyirmi masa keçirilib. Dəyirmi masada Xocavənd rayon İcra Hakimiyyətinin başçısı, YAP Xocavənd rayon təşkilatının Sədri və rayonun idarə, müəssisə və təşkilat rəhbərləri, ərazi icra nümayəndələri və ziyalılar iştirak etmişlər.
Tədbiri açan Xocavənd Rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Hüseynov Azərbaycanın qlobal iqlim dəyişikliyinin nəticələrinin yumşaldılması üzrə təşəbbüslərə dəstək verdiyini bildirib. Qeyd edib ki, Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevin 25 dekabr 2023-cü il tarixli sərəncamı ilə Azərbaycanda 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi cəmiyyətin qarşısında mühüm vəzifələr qoyur.
Rayon İcra Hakimiyyətinin başçısEyvaz Hüseynov ölkə başçısının tapşırığına uyğun olaraq Xocavənd rayonunda da geniş miqyasda yaşıllaşdırma aksiyalarının aparıldığını, ətraf mühitin qorunması istiqamətində tədbirlərin davam etdiriləcəyini bildirib. Onun sözlərinə görə, Azərbaycanın 2030-cu ilə qədər sosial-iqtisadi inkişafa dair beş milli prioritetindən biri “Təmiz ətraf mühit və yaşıl artım ölkəsi” kimi müəyyən edilib. “Həmin prioritetə uyğun olaraq, ətraf mühitin sağlamlaşdırılması, yaşıllıqların bərpası və artırılması, su ehtiyatlarından və dayanıqlı enerji mənbələrindən səmərəli istifadənin təmin edilməsi istiqamətində işlər aparılır. Azərbaycan baza ili (1990) ilə müqayisədə 2030-cu ilə qədər istilik effekti yaradan qazların emissiyalarının 35 faiz, 2050-ci ilə qədər isə 40 faiz azaldılmasını hədəf kimi götürmüşdür”-deyə, o, bildirib.
Başçının müavini Əfsanə Quliyeva bildirib ki, sərəncamda da vurğulandığı kimi, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası – COP29 kimi mötəbər bir tədbirin Azərbaycanda keçirilməsi ilə əlaqədar yekdil qərarın verilməsi beynəlxalq ictimaiyyət tərəfindən Azərbaycana böyük hörmət və etimadın, eləcə də ölkəmizin milli, regional və qlobal səviyyədə ətraf mühitin qorunması, iqlim dəyişmələrinin qarşısının alınması işinə töhfəsinin təqdir olunmasının bariz nümunəsidir. Əfsanə Quliyeva COP29 kimi mötəbər bir tədbirin Azərbaycanda keçirilməsini ölkəmizin sosial-iqtisadi siyasətinin növbəti uğuru kimi qiymətləndirib. Natiq ölkəmizin bu uğurunun vətəndaş olaraq hər kəsi qürurlandırdığını söyləyib.
Daha sonra RİH əməkdaşı Asim Rüstəm çıxışı zamanı, dünyanı narahat edən qlobal probemlərdən birinin iqlim dəyişmələri olduğunu söyləyib. İqlim dəyişmələrinin canlı aləmə təsirinin dünyanı narahat edən amillərdən biri kimi ölkəmizdə də bu məsələyə həssaslıqla yanaşıldığını bildirib. Ölkəmzdə kənd təsərrüfatı, su resurslarının iqlim dəyişikliklərinə məruz qaldığını, bu sahədə aparılan mübarizə tədbirlərində hər kəsin üzərinə məsuliyyət düşdüyünü söyləyib. İqlim dəyişmələrinə qarşı qlobal mübarizədə beynəlxalq həmrəyliyin gücləndirilməsi məqsədilə ölkə Prezidenti İlham Əliyevin 25 dekabr 2023-cü il tarixli Sərəncamına əsasən Azərbaycan Respublikasında 2024-cü il “Yaşıl dünya naminə həmrəylik ili” elan olunmasını bu sahədə atılan mühüm addımlardan biri kimi dəyərləndirib.