Şriftin ölçüsü :

Saytın rəngi :

Xocavənd Rayon İcra Hakimiyyətində “Zəfərdən quruculuğa” mövzusunda tədbir keçirilib

18 iyun 2026 | 09:48
Xocavənd Rayon İcra Hakimiyyətində “Zəfərdən quruculuğa” mövzusunda tədbir keçirilib.
18 iyun 2026-cı il tarixdə Xocavənd Rayon İcra Hakimiyyətində Şəhərsalma və Memarlıq İli çərçivəsində “Zəfərdən quruculuğa” mövzusunda geniş tərkibli tədbir keçirilib. Tədbirin əsas məqsədi Vətən müharibəsində əldə edilən tarixi Qələbədən sonra ölkəmizdə, xüsusilə işğaldan azad olunmuş ərazilərdə həyata keçirilən bərpa-quruculuq işlərinin, müasir şəhərsalma və memarlıq yanaşmalarının, eləcə də dayanıqlı inkişaf strategiyasının ictimaiyyətə çatdırılması olub. Tədbirdə Xocavənd Rayon İcra Hakimiyyəti başçının müavini - Sosial-iqtisadi və memarlıq-tikinti məsələləri şöbəsinin müdiri Azər Süleymanov, eləcə də rayon icra hakimiyyətinin məsul əməkdaşları və aidiyyəti qurumların nümayəndələri iştirak ediblər.
Tədbirdə çıxış edən Azər Süleymanov qeyd edib ki, Azərbaycan Respublikasında həyata keçirilən şəhərsalma siyasəti son illərdə keyfiyyətcə yeni mərhələyə qədəm qoyub. Onun sözlərinə görə, müasir infrastrukturun yaradılması, yol-nəqliyyat şəbəkəsinin yenilənməsi, sosial obyektlərin tikintisi və yaşayış məntəqələrinin planlı şəkildə inkişafı regionların davamlı tərəqqisinə mühüm töhfə verir.
O bildirib ki, “Zəfərdən quruculuğa” konsepsiyası təkcə bərpa prosesini deyil, həm də gələcəyə yönəlmiş strateji inkişaf modelini ifadə edir. Bu yanaşma çərçivəsində şəhər və kəndlərin müasir memarlıq prinsipləri əsasında yenidən qurulması, “ağıllı şəhər” və “ağıllı kənd” layihələrinin geniş tətbiqi xüsusi əhəmiyyət daşıyır. İlham Əliyev tərəfindən müəyyən edilmiş inkişaf strategiyası ölkənin bütün regionlarında kompleks quruculuq işlərinin həyata keçirilməsinə şərait yaradıb. Xüsusilə işğaldan azad edilmiş ərazilərdə aparılan genişmiqyaslı tikinti və bərpa işləri Azərbaycanın iqtisadi gücünün və təşkilati imkanlarının göstəricisi kimi dəyərləndirilib. Qeyd olunub ki, Şəhərsalma və Memarlıq İli çərçivəsində keçirilən tədbirlər cəmiyyətin bu sahəyə marağının artırılmasına, müasir memarlıq düşüncəsinin formalaşmasına və innovativ yanaşmaların təşviqinə xidmət edir.
Çıxışlarda həmçinin bildirilib ki, şəhərsalma sahəsində həyata keçirilən layihələr ekoloji tarazlığın qorunması, enerji səmərəliliyi və sosial infrastrukturun əlçatanlığının artırılması baxımından xüsusi əhəmiyyət daşıyır. Yeni salınan yaşayış məntəqələrinin planlaşdırılması zamanı müasir urbanistika standartlarının tətbiqi gələcək inkişaf üçün dayanıqlı baza yaradır.
Tədbirin sonunda iştirakçılar mövzu ətrafında geniş fikir mübadiləsi apararaq, şəhərsalma və memarlıq sahəsində görülən işlərin davam etdirilməsinin regionların inkişafına mühüm töhfə verəcəyini qeyd ediblər.
Keçidlər