Xocavənd Rayon İcra Hakimiyyətinin Başçısı Eyvaz Hüseynov növbəti səyyar qəbulu Ağcabədi rayonunda məskunlaşan rayon sakinləri ilə keçirdi.
04 noyabr 2022 | 11:16
Xocavənd Rayon İcra Hakimiyyətinin Başçısı Eyvaz Hüseynov növbəti səyyar qəbulu Ağcabədi rayonunda məskunlaşan rayon sakinləri ilə keçirdi.
04 noyabr 2022-ci il tarixdə Ağcabədi rayonunda Rayon İcra Hakimiyyəti başçısının vətəndaşlarla növbəti səyyar qəbulu keçirilmişdir. Səyyar qəbulda RİHB aparatının məsul işçiləri, idarə, müəssisə və təşkilatların rəhbərləri, həmçinin qəsəbə sakinləri iştirak etmişdir. Qəbul zamanı çıxış edən Rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Hüseynov qarşıdan gələn Zəfər Günü münasibətilə sakinləri təbrik edərək bildirdi ki, 44 gün davam edən Vətən müharibəsi çoxəsrlik tariximizin ən parlaq səhifəsi, milli qürur, şərəf və qəhrəmanlıq salnaməsidir. Azərbaycan Ordusunun inamlı və qətiyyətli Zəfər yürüşü nəticəsində qazanılan Qələbə təkcə Azərbaycanın ərazi bütövlüyünü deyil, eyni zamanda, tarixi ədaləti və beynəlxalq hüququ bərpa etdi. Bu gün Azərbaycan Qarabağa qovuşdu, tarixi zəfərə imza atdı, şəhidlərimizin, Xocalı qurbanlarının, Gəncə, Bərdə digər şəhər və rayonlarımızda soyqırımları zamanı həlak olan günahsız insanların qisasını döyüş meydanında aldı, işğalçı Ermənistana layiq olduğu yeri göstərdi. Bu qələbəni, zəfəri bizlərə yaşadan isə Ulu Öndər Heydər Əliyev siyasi kursunun layiqli davamçısı ölkə Prezidentimiz, Ali Baş Komandanımız İlham Əliyevin qətiyyəti, siyasi iradəsi, Güclü Ordumuz, Rəşadətli əsgər və zabitlərimizdir. Vətən müharibəsi ilə qazanılan tarixi zəfərin ölkəyə verdiyi əhəmiyyəti Azərbaycan xalqı heç vaxt unutmayacaq. Bu qələbə təkcə işğal altında olan 20 faiz torpağın azad edilməsi deyil, bu qələbə millətin dirçəlişi, oyanış və ruhi qida xarakteri daşıyan, özünə qayıdışın mənəvi simvolu idi. Nə xoşbəxtik ki, bu Zəfər gününü biz də yaşadıq və 27 sentyabrda start götürən 10 noyabrda nöqtə qoyulan 44 günlük müharibə dünya palitrasında Azərbaycan və azərbaycanlı obrazının dəyişdiyini ifadə edən qəhrəmanlıq səhifəsidir.
Daha sonra Rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Hüseynov noyabrın 10-da Azərbaycan və Rusiya prezidentləri, Ermənistanın baş naziri tərəfindən imzalanmış üçtərəfli Bəyanat barədə fikirlərini irəli sürərək bildirdi ki, 10 noyabr 2020-ci il tarixdə imzalanan üçtərəfli Bəyanat Azərbaycanın hərbi-siyasi qələbəsinin təsdiqi olmaqla yanaşı, daha böyük itkilərin qarşısını almış oldu. Müzəffər Azərbaycan Ordusu Ali Baş Komandanın rəhbərliyi altında cəmi 44 günə mümkünsüzü mümkün etdi! Ermənistanın hərbi kaputilyasiyasına nail olduq! Bu ədaləti 44 gün ərzində yazan Azərbaycan xalqı, bütün dünya azərbaycanlıları, bütün Türkiyə xalqı bir yumruq kimi birləşərək təkcə Ermənistanın yox, bütövlükdə haqsız güclərin üstünə getdi və sübut etdi ki, haqq yolunda, ədalətin, ərazi bütövlüyümüzün bərpası uğurunda vuruşuruq. Hərbi əməliyyatlar nəticəsində müzəffər Azərbaycan Ordusu Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı şəhərlərini, Azərbaycan xalqının tarixində, mədəniyyətində və qəlbində xüsusi yeri olan, Qarabağın tacı sayılan Şuşa şəhərini, Zəngilan rayonunun Mincivan, Ağbənd, Bartaz qəsəbələrini, Xocavənd rayonunun Hadrut qəsəbəsini və bir çox kəndlərini, Tərtər rayonunun Suqovuşan kəndi, Xocalı və Laçın rayonlarının bir neçə kəndləri daxil olmaqla ümumilikdə 300-dən çox yaşayış məntəqəsini, həmçinin Ağdərə, Murovdağ və Zəngilan istiqamətlərində mühüm strateji yüksəklikləri işğaldan azad etdi. Azərbaycan xalqının əzmi və iradəsi, iqtisadi gücü, müasir ordu quruculuğu və xalq-iqtidar birliyi ölkəmizin qələbəsini təmin edən mühüm amillər oldu.
Sonda səyyar qəbulda iştirak edən qəsəbə sakinlər onları narahat edən məsələləri gündəmə gətiriblər. Eyvaz Hüseynov ümumi qəbuldan sonra vətəndaşları fərdi qaydada da dinləyərək onların səsləndirdikləri problemlərin qısa zamanda aradan qaldırılması istiqamətində müvafiq tapşırıqlar verib. Qaldırılan bir çox məsələlər yerindəcə öz həllini tapıb. İcra strukturunun fəaliyyət dairəsinə daxil olmayan məsələlərlə bağlı müraciətlər isə qeydiyyata alınaraq, aidiyyəti qurumlara həvalə edilib.
Qəbulda iştirak edən vətəndaşlar səyyar qəbuldan razı qaldıqlarını bildirib, problemlərinin həlli istiqamətində göstərilən diqqət və qayğıya görə Prezidenti İlham Əliyevə, Birinci-vitse prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.