Xocavənd Rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Hüseynovun Mingəçevir şəhərində məskunlaşan rayon sakinləri ilə növbəti səyyar qəbulu keçirilmişdir.
16 sentyabr 2022 | 09:28
15 sentyabr 2022-ci il tarixdə Xocavənd Rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Hüseynov Mingəçevir şəhərində məskunlaşmış rayon sakinləri ilə növbəti səyyar qəbul keçirmişdir. Qəbulda ilk öncə 12 sentyabr 2022-ci il tarixdə gecə saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələrinin Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər və Laçın istiqamətlərində törətdiyi genişmiqyaslı təxribat nəticəsində baş vermiş döyüş əməliyyatlarında şəhid olmuş qəhrəman oğullarımızın xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Qəbulda çıxış edən Rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Hüseynov bildirmişdir ki, Ermənistan silahlı qüvvələrinin diversiya qrupları sutkanın qaranlıq vaxtında ərazinin dağlıq relyefi və mövcud dərə boşluqlarını istifadə edərək müxtəlif istiqamətlərdə Azərbaycan Ordusunun bölmələrinin mövqeləri arasındakı ərazilərin və təminat yollarının minalanmasını həyata keçirib. Bu əməllərin qarşısının dərhal alınması məqsədilə bölmələrimiz tərəfindən görülən təxirəsalınmaz tədbirlər nəticəsində düşmən qüvvələri çoxlu sayda itkilər verərək geri çəkilməyə məcbur edilmişdir. Başçı bildirib ki, 13 sentyabr tarixində baş vermiş təxribat və Ermənistanın siyasi-hərbi rəhbərliyinin bütün digər təxribatları Avropanın enerji təhlükəsizliyin təmin olunmasında Azərbaycanın rolunun azaldılmasına hesablanıb. Eyvaz Hüseynov baş vermiş döyüş əməliyyatlarında şəhid olmuş qəhrəman əsgər və zabitlərimizə Allahdan rəhmət, yaralılara şəfa diləmişdir.
Daha sonra sakinlərin təklifləri və onları narahat edən problemlər dinlənilib. Vətəndaşların müraciətləri nəzarətə götürülüb və onların həlli ilə bağlı aidiyyəti vəzifəli şəxslərə müvafiq tapşırıqlar verilib. Sakinlər əhalinin problemlərinin həll edilməsi məqsədilə yerlərdə həyata keçirilən tədbirlərə, göstərilən yüksək diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.