Şriftin ölçüsü :

Saytın rəngi :

Xocavənd rayonunda “15 İyun – Milli Qurtuluş Günü” münasibətilə “Qurtuluşdan Zəfərə” adlı dəyirmi masa keçirilib

10 iyun 2026 | 09:13
Xocavənd rayonunda “15 İyun – Milli Qurtuluş Günü” münasibətilə “Qurtuluşdan Zəfərə” adlı dəyirmi masa keçirilib.
10 iyun 2026-cı il tarixdə Xocavənd Rayon İcra Hakimiyyəti, YAP Xocavənd Rayon Təşkilatı, Qarabağ Regional Gənclər və İdman İdarəsinin Xocavənd rayonu üzrə gənclər və idman sektorunun birgə təşkilatçılığı ilə Xocavənd rayon Mədəniyyət Evində “15 İyun – Milli Qurtuluş Günü” münasibətilə “Qurtuluşdan Zəfərə” adlı dəyirmi masa keçirilmişdir.
Tədbirdə YAP Xocavənd rayon təşkilatının sədri Vüsal Hüseynov, Xocavənd rayon Gənclər və İdman sektorunun müdiri Aslan Quliyev, Xocavənd Rayon İcra Hakimiyyətinin Ərazi-təşkilat və ictimai-siyasi məsələlər şöbəsinin İctimai-siyasi və humanitar məsələlər sektorunun müdiri Nicat Şirinov, rayonun mədəniyyət müəssisələrinin əməkdaşları, Ərazi Partiya Təşkilatının üzvləri və fəal gənclər iştirak etmişlər. Əvvəlcə iştirakçılar Xocavənd rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin təşkil etdiyi, Ümummilli Lider Heydər Əliyevin həyat və siyasi fəaliyyətinə həsr olunmuş kitab sərgisi ilə tanış olmuşlar.
Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə Ümummilli Lider Heydər Əliyevin və Vətən uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir. Tədbiri giriş sözü ilə açan YAP Xocavənd Rayon Təşkilatının sədri Vüsal Hüseynov Milli Qurtuluş Gününün Azərbaycan tarixində müstəsna əhəmiyyətindən bəhs edərək bildirib ki, 15 İyun xalqımızın dövlətçilik tarixində dönüş nöqtəsi olmaqla ölkənin siyasi sabitliyinin, müstəqilliyinin və inkişafının əsasını təşkil edir. O qeyd edib ki, Ümummilli Lider Heydər Əliyevin xalqın tələbi ilə hakimiyyətə qayıdışı Azərbaycanı parçalanmaq təhlükəsindən xilas etmiş, ölkədə sabitlik və tərəqqi mərhələsinin başlanğıcını qoymuşdur. Tədbirdə çıxış edən Xocavənd rayon Gənclər və İdman sektorunun müdiri Aslan Quliyev bildirib ki, Milli Qurtuluş Günü Azərbaycanın müasir tarixində xüsusi yer tutur. Onun sözlərinə görə, 1993-cü ilin iyun ayında ölkədə hökm sürən mürəkkəb ictimai-siyasi vəziyyət dövlət müstəqilliyinin təhlükə altına düşməsinə səbəb olmuşdu. Məhz həmin çətin dövrdə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdan ümummilli lider Heydər Əliyev ölkəni dərin böhrandan çıxararaq sabitliyin və inkişafın əsasını qoydu. Aslan Quliyev qeyd edib ki, Milli Qurtuluş Azərbaycanın dövlətçilik tarixində yeni mərhələnin başlanğıcı olmaqla yanaşı, xalqın öz liderinə olan inamının və etimadının parlaq nümunəsidir. O vurğulayıb ki, məhz həmin dövrdən etibarən ölkədə siyasi sabitlik təmin edilmiş, iqtisadi islahatlara başlanılmış, Azərbaycanın beynəlxalq münasibətlər sistemində mövqeyi güclənmişdir. Daha sonra Xocavənd Rayon İcra Hakimiyyətinin Ərazi-təşkilat və ictimai-siyasi məsələlər şöbəsinin İctimai-siyasi və humanitar məsələlər sektorunun müdiri Nicat Şirinov Milli Qurtuluş Gününün yalnız tarixi hadisə deyil, həm də milli həmrəylik və dövlətçilik ideallarının təntənəsi olduğunu diqqətə çatdırıb. O bildirib ki, bu əlamətdar gün Azərbaycan xalqının taleyində mühüm dönüş nöqtəsi kimi yaddaşlarda yaşayır və gələcək nəsillərə dövlətə sədaqət, vətənpərvərlik və milli birlik nümunəsi kimi ötürülür. Nicat Şirinov çıxışında vurğulayıb ki, ümummilli lider Heydər Əliyevin müəyyən etdiyi inkişaf strategiyası bu gün də uğurla davam etdirilir. Onun sözlərinə görə, Azərbaycanın son illərdə əldə etdiyi uğurlar, beynəlxalq nüfuzunun artması, iqtisadi inkişafı, güclü ordu quruculuğu və dövlətçilik ənənələrinin möhkəmləndirilməsi bu siyasi kursun uğurlu nəticələridir. Digər çıxış edənlər qeyd ediblər ki, Milli Qurtuluş Günü Azərbaycan xalqının birlik və həmrəyliyinin, dövlətçilik dəyərlərinə bağlılığının və müstəqilliyə sədaqətinin rəmzidir. Bu gün ölkəmizin əldə etdiyi nailiyyətlərin təməlində xalqın iradəsi, milli birlik və uzaqgörən dövlətçilik siyasəti dayanır. Tədbir iştirakçıları 15 İyun tarixinin Azərbaycan dövlətçiliyinin qorunması və inkişafı baxımından müstəsna əhəmiyyət daşıdığını vurğulayaraq, gənc nəslin bu tarixi hadisənin mahiyyətini dərindən öyrənməsinin vacibliyini qeyd ediblər.
Keçidlər