Şriftin ölçüsü :

Saytın rəngi :

Xocavənd rayonunda 2 İyul Azərbaycan Polisi Günü qeyd olundu

02 iyul 2025 | 16:07
Xocavənd rayonunda 2 İyul Azərbaycan Polisi Günü qeyd olundu.
2 iyul 2025-ci il tarixdə Xocavənd qəsəbəsində Azərbaycan Polisi Günü qeyd olundu. Tədbirdə Rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Hüseynov, hüquq-mühafizə orqanlarının rəhbərləri, Rayon Polis Şöbəsinin, Beyləqan Regional Mühafizə İdarəsinin şəxsi heyəti, YAP Xocavənd Rayon Təşkilatının sədri, polis veteranları iştirak etmişlər. Tədbir iştirakçıları Ümummilli Lider Heydər Əliyevin Rayon İcra Hakimiyyətinin inzibati binası qarşısında ucalan abidəsini ziyarət etmiş, ulu öndərin xatirəsini yad etmişlər.
Tədbirdə Ulu öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edilmiş, Daxili İşlər naziri Vilayət Eyvazovun təbrik məktubu tədbir iştirakçılarının diqqətinə çatdırılmışdır. Tədbirdə çıxış edən Rayon Polis Şöbəsinin rəisi Xəyyam Mirhüseyinov tədbir iştirakçılarını salamlayaraq şəxsi heyəti peşə bayramı günü münasibətilə təbrik etmiş .Azərbaycan Polisinin yaranmasının 107-ci ildönümünün qeyd edildiyini vurğulayan rəis Ulu Öndər Heydər Əliyevin ölkəmizə rəhbərlik etdiyi dövrlərdən başlayaraq Daxili İşlər Nazirliyi və onun təşkilati strukturu olan polis orqanlarının dövlətimizin milli maraqlarının müdafiəsində mühüm rol oynayaraq inkişaf etdiyini, ictimai asayişin qorunmasında yüksək nəticələr və zəngin təcrübə qazandığını bildirmişdir. O, qeyd etmişdir ki, bu gün də dövlət başçımız cənab İlham Əliyevin həyata keçirdiyi hərtərəfli islahatlar çərçivəsində daxili işlər orqanlarının da müasirləşməsi üçün hər cür şərait yaradılmışdır.
Rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Hüseynov çıxış edərək polis əməkdaşlarını peşə bayramı günü münasibətilə təbrik etmiş, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə doğma Vətənin daimi tərəqqisi, daha da qüdrətlənməsi naminə xalqa şərəfli xidmətlərində onlara yeni-yeni uğurlar arzulamışdır. RİH başçısı xalqımızın milli maraq və mənafelərinin, sabitliyin və əmin-amanlığın qorunmasında danılmaz rolu olan polis orqanlarının müstəqil dövlətimizə uyğun formalaşmasında xalqımızın Ümummilli Lideri Heydər Əliyevin müstəsna xidmətlərindən danışmış, həmçinin vətəndaşlarımızın təhlükəsiz həyatının, asayişinin qorunması işinə bundan sonra da layiqli töhfələr verəcəklərinə əminliyini bildirmişdir.
Həmçinin tədbirdə çıxış edən hüquq-mühafizə orqanlarının rəhbərləri, polis veteranları Prezident cənab İlham Əliyevin diqqət və qayğısı sayəsində daxili işlər orqanlarının ölkədə cinayətkarlığa qarşı mübarizədə, asayişin və təhlükəsizliyin təmin olunmasında önəmli xidmətləri ilə seçilməsindən bəhs etmişlər.
Sonda Xocavənd Rayon Polis Şöbəsini bir qrup əməkdaşı Rayon İcra Hakimiyyəti başçısının Fəxri Fərmanı, həmçinin Daxili İşlər nazirinin və Rayon Polis Şöbəsi rəisinin əmri ilə müxtəlif mükafatlarla təltif olunmuşlar.
Keçidlər