Xocavənd rayonunda partlayıcı sursatların təhlükəsinə dair maarifləndirici görüş keçirilib
23 aprel 2026 | 11:11
Xocavənd rayonunda partlayıcı sursatların təhlükəsinə dair maarifləndirici görüş keçirilib.
Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin Maarifləndirmə və zərərçəkənlərlə iş şöbəsinin müdiri Ramil Əzizov, şöbənin aparıcı mütəxəssisi Zamiq Aslanov, Dövlət İdarələri və İctimai Xidmət İşçiləri Həmkarlar İttifaqı Respublika Birliyinin sektor müdiri Əbülfəz Mehdiyev və Başçının müavini-Ərazi-təşkilat və ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əfsanə Quliyeva, idarə və təşkilatların əməkdaşları, ictimaiyyət nümayəndələri iştirak ediblər. Tədbirin əsas məqsədi mina və digər partlayıcı sursatların yaratdığı risklər barədə yerli idarəetmə orqanlarının nümayəndələrinin məlumatlılığını artırmaq, təhlükəsizlik qaydalarını təbliğ etmək, bu sahədə profilaktik tədbirlərin gücləndirilməsinə nail olmaq, eləcə də çəpərləmə fəaliyyətinin mahiyyəti barədə ətraflı məlumat verməkdən ibarət olub.
Eyni zamanda, görüş zamanı iştirakçılara partlayıcı sursatların tanınması, onlarla qarşılaşdıqda davranış qaydaları, mina təhlükəsinə qarşı düzgün və məsuliyyətli yanaşmanın təşviqi, həmçinin əhalinin maarifləndirilməsi istiqamətində görülməli işlər barədə ətraflı məlumat verilib. Bu sahədə yerli icra strukturlarının üzərinə düşən vəzifələr müzakirə olunub.
Çıxış edənlər bildiriblər ki, əhalinin təhlükəsizliyinin təmin olunması üçün dövlət strukturları tərəfindən bütün zəruri tədbirlər həyata keçirilir. Lakin hər bir kəsin təhlükəsizliyi öz əlindədir, hər bir vətəndaş bu məsələdə məsuliyyətli davranmalı, qaydalara ciddi əməl etməlidir. Məhz bu halda aparılan fəaliyyət müsbət nəticələr verə bilər.
Diqqətə çatdırılıb ki, mina və digər partlayıcı sursatlarla yüksək səviyyədə çirklənmiş ərazilərin konservasiya edilərək çəpərlənməsinin əsas mahiyyəti işğaldan azad edilmiş ərazilərə təhlükəsiz qayıdışı təmin etməkdir. Beynəlxalq təcrübə göstərir ki, mina təhlükəsi olan ərazilərdə konservasiya tədbirlərinə məhəl qoyulmaması ağır nəticələrə gətirib çıxara bilər. Bu səbəbdən çəpərlənmiş ərazilərə qanunsuz müdaxilələr, təsərrüfat fəaliyyətinin davam etdirilməsi və ya baryerlərin sökülməsi təkcə dövlət qurumlarının işinə maneə deyil, həm də insan həyatı üçün birbaşa təhlükədir.
Tədbirin sonunda qarşılıqlı fikir mübadiləsi aparılıb və iştirakçıları maraqlandıran suallar cavablandırılıb, təklif və fikirlər dinlənilib. Bu kimi maarifləndirici tədbirlərin davamlı olaraq keçirilməsinin əhəmiyyəti qeyd edilib.






