Şriftin ölçüsü :

Saytın rəngi :

"Xocavənd rayonunun tarixi abidələrini restavrasiya etmək üçün irəli sürülən fikirlər” mövzusunda məruzə dinlənilib.

24 may 2025 | 09:18
Uluslararası Türk Dünyası Araştırmaları Sempozyumunda (TUDAS) "Xocavənd rayonunun tarixi abidələrini restavrasiya etmək üçün irəli sürülən fikirlər” mövzusunda məruzə dinlənilib.
Türkiyənin Niğde şəhərində yerləşən Niğde Ömer Halisdemir Universitetində bu il XII dəfə təşkil olunan Uluslararası Türk Dünyası Araştırmaları Sempozyumu (TUDAS) keçirilmişdir. Bu simpozium ənənəvi olaraq hər il keçirilir və Türk dünyasının müxtəlif ölkələrindən alim və tədqiqatçıları bir araya gətirir. TUDAS simpoziumu bir neçə tərəfdaş universitetin dəstəyi ilə təşkil olunur və elmi əməkdaşlıq baxımından mühüm əhəmiyyət daşıyır. Bu mötəbər tədbirdə Bakı Avrasiya Universitetinin doktorantı, Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba filialının müəllimi Allahverdiyeva Nuranə “Xocavənd rayonunun tarixi abidələrini restavrasiya etmək üçün irəli sürülən fikirlər” mövzusunda məruzə ilə çıxış etmişdir. Məruzədə Ermənistanın işğalı dövründə Xocavənd rayonunda həyata keçirilmiş mədəni soyqırımlar, maddi-mədəniyyət nümunələrinin məhv edilməsi və saxtalaşdırılması faktları geniş şəkildə təhlil olunmuşdur. Müəllif qeyd etmişdir ki, tarixi-memarlıq abidələrinin, xüsusilə də Alban kilsələrinin, türbələrin, məbədlərin və muzeylərin bərpası milli kimliyimizin qorunması üçün zəruridir. Məruzədə təklif olunan əsas fikirlər sırasında abidələrin sənədləşdirilməsi, konservasiya və rekonstruksiya proseslərinin beynəlxalq tərəfdaşlıqla aparılması, mühafizəçi mütəxəssislərin hazırlanması və elmi əsaslarla yanaşmanın təmin olunması kimi məsələlər yer alır. Qeyd olunub ki, bərpa prosesi yalnız fiziki deyil, həm də mənəvi və hüquqi aspektləri əhatə etməli, beynəlxalq ictimaiyyət Ermənistanın mədəni vandalizminə qarşı hüquqi tədbirlər görməlidir. Xocavənd rayonunun flora-fauna, yeraltı və yerüstü sərvətləri də nəzərə alınaraq parkların salınması və tarixə uyğun dizaynla abadlıq işlərinin aparılması təklif edilib. Tarixi abidələrin bərpası bölgənin turizm potensialını da artıracaq. Məruzədə həmçinin, təbiətə və mədəni irsə vurulan ziyanın təhlili aparılıb və bu istiqamətdə aparılacaq işlərin sistemli şəkildə təşkilinin vacibliyi vurğulanıb. Sonda Azərbaycan dövlətinin və xalqının Qarabağda həyata keçirdiyi bərpa proseslərinin strateji əhəmiyyəti qeyd olunub və beynəlxalq hüquqa əsaslanan haqlı mübarizənin davam etdirilməsi çağırışı səsləndirilib.
Keçidlər