Yazıçı, şair, esseist , Azərbaycan Yazıçılar Birliyinin üzvü, Prezident təqaüdçüsü, Prezident mükafatçısı Ramil Əhmədlə görüş keçirilmişdir.
13 aprel 2023 | 11:52
Yazıçı, şair, esseist , Azərbaycan Yazıçılar Birliyinin üzvü, Prezident təqaüdçüsü, Prezident mükafatçısı Ramil Əhmədlə görüş keçirilmişdir.
Xocavənd Rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Hüseynov Kürdəmir Regional Mədəniyyət İdarəsinin Xocavənd rayonu üzrə nümayəndəsi,yazıçı, şair, esseist , Azərbaycan Yazıçılar Birliyinin üzvü, Prezident təqaüdçüsü, Prezident mükafatçısı Ramil Bayram oğlu Əhmədovu qəbul etmişdir. Qəbuldə Kürdəmir Regional Mədəniyyət İdarəsinin rəisi Faiq Xudanlı və Xocavənd Rayon İcra Hakimiyyəti başçısının müavinləri də iştirak etmişdir. Səmimi ortamda keçən qəbul zamanı Ramil Əhmədovun Xocavənd nümayəndəsi işlədiyi son ik ildəki fəaliyyəti, həmçinin gənc yazarın ədəbi fəaliyyəti barədə söhbət aparılmışdır. Sonda Ramil Əhmədə rayonun ictimai,siyasi və mədəni həyatında səmərəli fəaliyyətinə görə Xocavənd Rayon İcra Hakimiyyəti başçısının Fəxri Fərmanı təqdim edilmişdir.
Qeyd edək ki, Ramil Əhmədov 1994-cü il yanvarın 1-də anadan olub. 2000-2011-ci illərdə Şuşa rayon Malıbəyli kənd 2 saylı orta məktəbində təhsil alıb. 2006-2011-ci illərdə Şuşa rayon Malıbəyli kənd uşaq musiqi məktəbində musiqi təhsili alıb. 2011-2015-ci illərdə Bakı Dövlət Universitetinin Filologiya fakültəsində təhsil alıb. 2015-2018-ci illərdə "Yunus Əmrə Türk Dili Təqaüd Proqramı"nı qazanaraq Memar Sənan Gözəl Sənətlər Universitetinin Türk Dili və Ədəbiyyatı ixtisası üzrə magistr təhsili alıb. 2018-ci ildən İstanbul Universitetinin doktorantıdır.
Müxtəlif illərdə "525-ci qəzet"in mədəniyyət müxbiri olaraq işləyib.
2013-2015-ci illərdə fəaliyət göstərən Azərbaycan Yazıçılar Birliyinin və Mədəniyyət Nazirliyinin birgə layihəsi olan "Gənc Ədiblər Məktəbi"nin məzunudur.
2014-cü ildə Azərbaycan Yazıçılar Birliyinin 21 nəfərdən ibarət Gənclər Şurasına üzv seçilib.
2015-2016-cı illərdə İstanbul Elmlər Akademiyasında "Türk Dili və Ədəbiyyatı" dərslərində iştirak edib
2017-ci ildə Avrasya Yazarlar Birliyinin təşkil etdiyi "Türk Dünyası Gənc Yazarların Görüşü"ndə Azərbaycanı təmsil edib.
2019-cu ilin fevral-may aylarında Anadolu Yazarlar Birliyinin təşkil etdiyi "Çeviri Atölyesi" layihəsində iştirak edib. 2019-cu ildə İstanbul Universiteti Azərbaycan Kültür və Dayanışma Topluluğunun Mədəniyyət koordinatorluğunu icra edib.
2019-cu ildə Dünya Ədəbiyyatı jurnalının redaksiya heyətinə üzv qəbul edilib. "Ulduz", "Naşir", "Kitabçı" jurnallarında, "525-ci qəzet", "Ədəbiyyat qəzeti" və s. qəzetlərdə şeir, publisistik məqalə, tərcümə və müsahibələri dərc olunub.
Türkiyənin müxtəlif dil və ədəbiyyat araşdırmaları jurnallarında Azərbaycan, Türk və dünya ədəbiyyatlarına dair bədii və elmi məqalələri işıq üzü görüb. Bir çox elmi araşdırmalarıyla İstanbul Universiteti, Trakya Universiteti, İstanbul Mədəniyyət Universiteti, Avrasiya Araşdırma Mərkəzi kimi nüfuzlu qurumların təşkil etdiyi konfranslarda çıxış edib.
2020-ci ildə Makedoniyada keçirilən "VI Yəhya Kamal Beyatlı Şeir Festivalı"nda Azərbaycanı təmsil edib.
2021-ci ildə Mədəniyyət naziri Anar Kərimovun müvafiq əmri ilə Xocavənd rayonu üzrə nümayəndə təyin edilib.