Yeni Xocavənd qəsəbəsində məskunlaşan sakinlərlə növbəti görüş keçirilib
05 oktyabr 2026 | 17:34
2026-cı ilin 5 oktyabr tarixində Rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Hüseynov Yeni Xocavənd qəsəbəsində məskunlaşan sakinlərlə növbəti görüşünü gerçəkləşdirib. Yerli əhalinin və İcra Hakimiyyəti nümayəndələrinin qatıldığı tədbirdə RİH başçısı açılış nitqi söyləyərək iştirakçıları səmimi salamlayıb. O, son bir ayda Ölkə Prezidenti cənab İlham Əliyevin son dərəcə gərgin və səmərəli fəaliyyət proqramı ilə seçildiyini diqqətə çatdırıb. Həmçinin xarici diplomatik əlaqələr, eləcə də ölkə daxilində aparılan quruculuq işləri və regionların inkişafı istiqamətində vacib səfərlərin, strateji qəbulların reallaşdırıldığını vurğulayıb.
Xarici siyasət məsələlərinə toxunarkən, Türk Dövlətləri Təşkilatına üzv ölkələrin təhlükəsizlik şuraları rəhbərlərinin iştirakı ilə keçirilən görüşün böyük əhəmiyyət daşıdığı qeyd olunub. Bu dialoqda Türk dünyasının həmrəyliyi, bölgədə sabitliyin qorunması və təşkilatın beynəlxalq miqyasda nüfuzunun artırılmasının vacibliyi önə çəkilib. Qardaş Türkiyə Respublikasının xarici işlər nazirinin qəbul olunması isə iki ölkə arasındakı sarsılmaz strateji tərəfdaşlığın və regional təhlükəsizliyin təminində birgə səylərin əyani sübutu kimi dəyərləndirilib. Beynəlxalq təmaslar çərçivəsində Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyan ilə Şuşada keçirilən ikitərəfli görüşdə gələcək əməkdaşlıq perspektivləri müzakirə olunub, eyni zamanda Hindistanın Baş naziri Narendra Modi və digər xarici heyətlərlə də məhsuldar fikir mübadilələri aparılıb.
Bundan başqa, dövlət rəhbərinin sıx iş rejimi hərbi-sənaye və digər beynəlxalq tədbirlərlə zəngin olub. Xüsusilə sentyabrın sonlarında Bakı Ekspo Mərkəzində təşkil edilən “ADEX” Beynəlxalq Müdafiə Sərgisi və “Securex Caspian” Daxili Təhlükəsizlik Sərgisinə baxış ölkəmizin müdafiə gücünü və təhlükəsizlik potensialını nümayiş etdirmək baxımından önəmli hadisə olub. Eyni zamanda, Prezidentin sentyabrın əvvəlində Bişkekdə Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) Zirvə görüşünə qatılması Azərbaycanın çoxşaxəli xarici siyasət xəttini və regional platformalardakı fəal mövqeyini bir daha təsdiqləyib.
Ölkədaxili səfərlər və mədəni dəyərlərə göstərilən diqqət kontekstində Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın Şamaxı rayonuna səfəri xüsusi qeyd edilib. Səfər zamanı “Nəsimi Bağları” kompleksi, eləcə də Pir Ömər Sultan ziyarətgahında həyata keçirilən bərpa və konservasiya işləri ilə tanışlıq ölkə rəhbərliyinin milli-mənəvi irsimizə verdiyi yüksək dəyərin bariz nümunəsidir.
Tədbirdə həmçinin qeyd edilib ki, işğaldan azad edilmiş ərazilərdə yenidənqurma və abadlıq işləri fasiləsiz davam edir, Böyük Qayıdış proqramı uğurla icra olunur. Bu çərçivədə Xocavənd rayonu üzrə məskunlaşma prosesi də sürətlə həyata keçirilir. Belə ki, 2025-ci ilin oktyabr ayından bu günə qədər rayonun 8 yaşayış məntəqəsinə 1097 ailə (ümumilikdə 4435 nəfər) doğma yurdlarına geri dönüb. Rayonda sosial infrastrukturun qurulması istiqamətində də mühüm addımlar atılıb, artıq yerli sakinlərin istifadəsi üçün məktəb və xəstəxana tam fəaliyyətə başlayıb. Tədbirdə rayon sakinlərinə öz ata-baba torpaqlarına köçmələri ilə bağlı çağırış olunub, xüsusilə Güneyxırman, Quzeyxırman, Kiş və Ağkənd kəndlərinin füsunkar təbiəti, əlverişli coğrafi mövqeyi və yaradılmış müasir yaşam şəraiti diqqətə çatdırılaraq bu ərazilərdə məskunlaşmanın üstünlükləri vurğulanıb. Görüşün sonunda səyyar qəbulda iştirak edən sakinlərin müraciət, mülahizə və təklifləri fərdi qaydada dinlənilib.






