Şriftin ölçüsü :

Saytın rəngi :

Yeni Xocavənd qəsəbəsində səyyar qəbul keçirilmişdir

21 avqust 2026 | 17:53
Yeni Xocavənd qəsəbəsində səyyar qəbul keçirilmişdir.
21 avqust 2026-cı il tarixində Beyləqan rayonunun inzibati ərazisində məcburi köçkünlər üçün tikilmiş Yeni Xocavənd qəsəbəsində Xocavənd Rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Hüseynovun vətəndaşlarla səyyar görüşü keçirilib. Görüşdə rayonun idarə, müəssisə və təşkilat rəhbərləri, eləcə də rayon ictimaiyyətinin nümayəndələri iştirak etmişlər.
Rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Hüseynov çıxış edərək ölkəmizdə həyata keçirilən sosial-iqtisadi və siyasi islahatların uğurlarından söz açdı. Natiq qeyd etdi ki, ölkə rəhbərliyinin həyata keçirdiyi dinamik xarici və daxili siyasət nəticəsində Azərbaycanın beynəlxalq nüfuzu daha da möhkəmlənir, işğaldan azad edilmiş ərazilərdə icra olunan layihələr isə sürətlə davam etdirilir.
Başçı vurğuladı ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev son bir ay ərzində də sıx və səmərəli iş qrafiki ilə fəaliyyət göstərmiş, bir sıra mühüm beynəlxalq və yerli səviyyəli görüşlər keçirmişdir. Ölkə başçısı Böyük Britaniyanın və Almaniyanın ölkəmizdə yeni təyin olunmuş səfirlərinin etimadnamələrini qəbul etmiş, Ukraynanın sabiq Prezidenti Viktor Yuşşenko ilə görüşmüş, həmçinin İssık-Kulda Mərkəzi Asiya ölkələrinin Dövlət Başçılarının Məşvərət görüşündə iştirak etmişdir. Bununla yanaşı, cənab Prezident Naxçıvan Muxtar Respublikasına səfər edərək strateji infrastruktur, energetika və sosial obyektlərin açılışında iştirak etmişdir.
Rayon İcra Hakimiyyətinin başçısı “Böyük Qayıdış” Proqramının icrasının uğurla davam etdiyini bildirərək qeyd etdi ki, işğaldan azad edilmiş ərazilərdə bu gün böyük quruculuq işləri aparılır və artıq 70 mindən artıq vətəndaş Qarabağda yaşayır, fəaliyyət göstərir. 2025-ci il sentyabr ayının 14-dən başlayaraq xocavəndlilər də öz doğma torpaqlarına qayıtmağa başlamışdır.
Qeyd edilmişdir ki, 2026-cı il ərzində cənab Prezident Xocavənd rayonuna artıq üçüncü dəfə səfər etmiş, vətəndaşların problemləri ilə maraqlanmış, onlara yeni evlərin açarlarını təqdim etmişdir. Ümumilikdə ötən ilin oktyabrından bu günədək Xocavənd rayonunun 8 yaşayış məntəqəsinə 4055 nəfər - 1010 ailə qayıdıb.
Sonda qəbulda iştirak edən sakinlərin hər biri ayrılıqda dinlənilərək qaldırılan bütün məsələlər nəzarətə götürülmüş və bununla bağlı aidiyyəti üzrə müvafiq tapşırıqlar verilmişdir.
Keçidlər