Zəfər Gününə həsr olunmuş ümumrayon toplantısı keçirilmişdir.
08 noyabr 2022 | 09:33
Zəfər Gününə həsr olunmuş ümumrayon toplantısı keçirilmişdir.
8 Noyabr Zəfər Günü ilə əlaqədar Xocavənd qəsəbəsi "Şəhidlər" Memorial Abidə Kompleksində ümumrayon tədbiri keçirildi. Tədbirdə rayon İcra Hakimiyyətinin başçısı, Prezidentin Qarabağ İqtisadi Zonası üzrə nümayəndəliyinin nümayəndəsi, Şəhid ailələri, Vətən Müharibəsi qaziləri və iştirakçıları, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə, təşkilat rəhbərləri, eləcə də rayon ictimaiyyəti iştirak edirdi.
Tədbir Şəhidlərin məzarlarının və Qəhrəmanlar parkındakı xatirə lövhələrinin ziyarət edilməsi ilə başlandı. Tədbir iştirakçıları ilk öncə ölkəmizin azadlığı, suverenliyi və müdafiəsi uğrunda canını qurban vermiş vətən övladlarının məzarları önünə tər qərənfillər düzərək, şəhidlərin əziz xatirəsini bir dəqiqəlik sükutla yad etmişlər. Xocavənd Rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Hüseynov çıxış edərək bildirdi ki, Azərbaycan Ordusu Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsi ilə hərb tarixinin yeni və şanlı salnaməsini yazdı. Rəşadətli Ordumuzun şücaəti, Vətən torpaqları uğrunda apardığı ölüm-dirim savaşı sayəsində ərazi bütövlüyümüz bərpa olundu, haqq, ədalət öz yerini tapdı. Bu müharibə Ordumuzun gücünü dünyaya nümayiş etdirdi. Şəhidlik zirvəsinin ali məqam olduğunu diqqətə çatdıran Eyvaz Hüseynov, bütün şəhid ailələrinə səslənərək başlarını daim dik tutmalarını xahiş etmiş və bütün cəmiyyətimizin şəhidlərimizə borclu olduğunu qeyd etmişdir. Başçı bildirib ki, Azərbaycanın müzəffər ordusunun zəfər yürüşü, düşmənin sonadək bütün torpaqlarımızdan qovulması, Qarabağın, xüsusən də xalqımızın ləyaqət və qürur simvolu Şuşanın işğaldan tam azad edilməsi, uzun illər düyünə düşmüş və region üçün təhlükə mənbəyi olan Dağlıq Qarabağ münaqişəsinin uğurla və ədalətlə həll edilməsi, həm də yaşadığımız bölgədə sülhə və təhlükəsizliyə əvəzsiz töhfədir.
Daha sonra tədbirdə çıxış edən Prezidentin Qarabağ İqtisadi Zonası üzrə nümayəndəliyinin nümayəndəsi, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xocavənd rayon bölməsinin rəisi, şəhid ailələri, müharibə iştirakçıları möhtəşəm Zəfərimizlə bağlı fikirlərini bölüşdülər.
Tədbirdə Zəfər Günü ilə bağlı məktəblilərin hazırladıqları şeirlərdən ibarət kompozisiya nümayiş olunmuşdur.