“Zəfərin mübarək Azərbaycan” adlı tədbir keçirilmişdir.
04 noyabr 2023 | 17:56
“Zəfərin mübarək Azərbaycan” adlı tədbir keçirilmişdir.
04 noyabr 2023-cü il tarixdə Xocavənd Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Salakətin kənd tam orta məktəbində “Zəfərin mübarək Azərbaycan” adlı tədbir keçirilib. Tədbir iştirakçıları öncə Ümummilli lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü, eyni zamanda suverenliyi uğrunda canlarını fəda etmiş şəhidlərin əziz xatirəsini bir dəqiqəlik sükutla yad etmişlər. Sonra tədbiri giriş sözü ilə açan Salakətin kənd tam orta məktəbin direktoru Rəmziyə Aslanova möhtəşəm qalibiyyətin əldə edilməsində müasir hərbi biliklərə və döyüş bacarıqlarına yiyələnmiş qəhrəman Azərbaycan əsgər və zabitlərinin əvəzsiz rolu olduğunu diqqətə çatdırıb. R.Aslanova Azərbaycan əsgərinin rəşadəti və xalqımızın birliyi nəticəsində 8 noyabr 2020-ci ilin şanlı tariximizə Zəfər Günü kimi daxil olmasından bəhs edib. Salakətin kənd tam orta məktəbin tarix müəllimi Anar İbrahimov 30 il davam edən işğala son qoyulması, ölkəmizin ərazi bütövlüyünün bərpa edilməsi, məcburi köçkünlərə doğma yurdlarına qayıtmaq imkanlarının yaradılmasını müasir tariximizin ən möhtəşəm hadisəsi olduğunu bildirib. Natiq şəhidlərimizin Vətən sevgisindən, döyüşlərdə göstərdikləri şücaətlərindən danışıb, onlarla qürur duyduğunu söyləyib. Bildirib ki, Vətən uğrunda canından keçən bütün şəhidlərin xatirəsi daim qəlblərdə yaşayacaq, onların göstərdiyi qəhrəmanlıqlar heç zaman unudulmayacaq. Tədbirdə çıxış edən Xocavənd Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsi müdirinin müavini Nicat Şirinov bildirib ki, 30 ilə yaxın davam edən Qarabağ münaqişəsinə Ali Baş Komandan Cənab İlham Əliyevin rəhbərliyi ilə Qüdrətli Azərbaycan Ordusunun əzmkarlığı, qəhrəmanlığı və şücaəti nəticəsində 44 gün davam edən müharibə ilə tamamilə son qoyuldu. Azərbaycan Vətən Müharibəsindən sonra nəinki öz ərazi bütövlüyünü bərpa etməyə nail oldu, həm də bütün regionda yeni siyasi reallıqlar yaratdı. Bu yeni reallıqla indi Cənubi Qafqazda siyasi təsir imkanları uğrunda mübarizə aparan qlobal güclər belə hesablaşmağa məcburdu. N.Şirinov 19 sentyabr 2023-cü il tarixdə Möhtərəm Prezident cənab İlham Əliyevin Müzəffər Ali Baş Komandanlığı ilə keçirilmiş lokal xarakterli antiterror əməliyyatları barədə danışaraq qeyd edib ki, cəmi 24 saat ərzində erməni separatçılığına son qoyan, xalqımızın və soydaşlarımızın uzun illər böyük həsrətlə gözlədiyi o gün yetişdi - erməni separatçıları ağ bayraq qaldıraraq təslim oldular və ölkəmizin suverenliyi tam bərpa edildi! Düşmən Azərbaycan əsgərinin, Azərbaycan zabitinin vətənpərvərliyi, peşəkarlığı və döyüş məharəti qarşısında əlacsız olduğunu etiraf etməli oldu. İqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin aparıcı məsləhətçisi Rüstəm Asim çıxışında 44 gün davam edən Vətən müharibəsində Bütün soydaşlarımız kimi Xocavəndli gənclərin də böyük rolu olduğunu diqqətə çatdırıb. A.Rüstəm bu gün müzəffər Ali Baş Komandanın siyasi iradəsi və şanlı Azərbaycan ordusunun əzmkarlığı nəticəsində Qarabağın bütün şəhər, rayon və kəndlərində üç rəngli Azərbaycan bayrağının dalğalandığını qeyd edib. Natiq, qazanılmış bu tarixi qələbənin əbədi olması üçün, gəncləri vətənpərvər olmağa səsləmiş və gələcəkdə vətənimizi, dövlətimizi canı, qanı bahasına qorumalı olduqlarını bildirmişdir. Sonra məktəblilərin hazırladıqları ədəbi-bədii kompozisiya nümayiş olunub.