Şriftin ölçüsü :

Saytın rəngi :

05.05.2023

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva mayın 5-də Xocavənd rayonuna səfər ediblər.

Dövlətimizin başçısına və birinci xanıma Tuğ kəndində həyata keçiriləcək turizm layihələri barədə məlumat verildi.

Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev bildirdi ki, Agentlik Tuğda təqdim etdiyi turizm konseptual yanaşma çərçivəsində üç istiqamətdə - tarixi-memarlıq üslubunu qorumaqla mədəni turizmin inkişaf etdirilməsi, təbiət resurslarından səmərəli istifadə edib ekoturizm və “yaşıl destinasiya” konseptində turizm sənayesinin inkişaf etdirilməsi və aqroturizm resurslarından istifadə etməklə dayanıqlı və icma əsaslı turizm inkişaf konsepsiyası üzrə layihələrin həyata keçirilməsini planlaşdırır.

Qeyd olundu ki, ilk mərhələdə Tuğ kəndində keçmiş məktəb binası olmuş yaşayış korpusunun konservasiyası nəzərdə tutulur. Kəndin tarixi memarlığı dərindən öyrənildikdən və kifayət qədər yerli memarlıq üslubunda elmi-tədqiqat və elmi təhlillər, praktiki təcrübə qazanıldıqdan sonra bu abidənin bərpası layihəsi həyata keçirilə bilər. Çünki Tuğda ənənəvi Azərbaycan memarlığına işğal dövründə çox müdaxilə edilib və bəzi tikililər açıq-aşkar vandalizmə məruz qalıb. Buna görə də ilkin olaraq ümumi sahəsi 1464 kvadratmetr olan tikililərin konservasiyası və konsolidasiyası işləri ilə yanaşı, 6515 kvadratmetrlik ətraf ərazisinin abadlaşdırılması nəzərdə tutulur. Bundan başqa, kəndin mərkəzi hissəsində yerləşən, ümumi sahəsi 450 kvadratmetr olan mövcud tarixi tikililərin bərpa edilərək Turizm İnformasiya Mərkəzi və şərab dequstasiya yeri kimi istifadə edilməsi nəzərdə tutulur. Tuğ kəndinə gələcəkdə turizm axını ilə əlaqədar burada keyfiyyətli xidmətlərin göstərildiyi iaşə obyektinin yaradılması nəzərdə tutulur.

Qeyd edək ki, tarixən şərabçılıq destinasiyası kimi tanınan Tuğ kəndi Xocavənd və Füzuli rayonlarının üzüm sahələrindən toplanan məhsuldan alınan şərabları ilə məşhur olub. Şərab zavodunun ümumi sahəsi 1300 kvadratmetrdir və onun ətrafındakı 850 kvadratmetrlik sahənin abadlaşdırılması nəzərdə tutulur. Zavod üçün müasir turizm konsepti tətbiq ediləcək. Belə ki, bura yalnız şərab istehsal edilən yer deyil, həmçinin Tuğ bölgəsində tarixən mövcud olmuş şərabçılıq ənənəsinin təbliğ olunduğu məkana çevriləcək. Kompleksin tərkibində müxtəlif tədbir və festivalların keçirilməsi üçün çoxtəyinatlı məkanlar olacaq.

Diqqətə çatdırıldı ki, Kulinariya Təlim Mərkəzi təkcə Qarabağın deyil, bütün Azərbaycan mətbəxinin turistlərə təbliğ və eksperimental kulinariya metodlarının tətbiq edildiyi məkanlardan biri olacaq. Tikilinin tərkibində qruplar və heyətlər üçün mətbəx, qəbul, dequstasiya otaqları nəzərdə tutulur.

Həmçinin Tuğ kəndinin Şuşa yolu üzərində vacib turizm destinasiyası olması faktı nəzərə alınaraq, burada avtomobil dayanacağı da yaradılacaq.

Bildirildi ki, Tuğ kəndində tarixi tikililər, küçələr, hasar və darvazalar ənənəvi memarlıq üslubunda bərpa və konservasiya olunacaq. Görüləcək işlərin planına, həmçinin Tuğ ərazisində mövcud tarixi bulaqların bərpası, küçə boyunca hasar və tikililərin təmiri də daxildir.

Qeyd olundu ki, gələcəkdə Tuğ kəndində turizm infrastrukturunun inkişafından və yerli icmanın kəndə qayıtmasından sonra bir sıra fəal turizm məhsullarının inkişaf etdirilməsi planlaşdırılır. Tuğ kəndinin Hadrut qəsəbəsinin və Füzuli şəhərinin yaxınlığında yerləşməsi, Şuşaya gedən yolun buradan keçməsi amilləri nəzərə alınaraq, gələcəkdə ətrafdakı tarix və mədəniyyət abidələrinə haykinq və piyada turizm marşrutlarının yaradılması, piyada gəzintisi üçün dağ cığırlarının keçdiyi yerlərdə kempinq zonaların, kiçik etnoqrafik festivalların, günlük turist səfərlərinin təşkili və digər layihələrin həyata keçirilməsi üçün böyük potensial var.

 

 

Mayın 5-də “Hadrut” qovşaq yarımstansiyası və Rəqəmsal İdarəetmə Mərkəzi istifadəyə verilib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev açılış mərasimində iştirak edib.

“Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin sədri Vüqar Əhmədov dövlətimizin başçısına görülən işlər barədə məlumat verdi.

Qeyd edək ki, yeni inşa edilən “Hadrut” qovşaq yarımstansiyasının təməli 2021-ci il oktyabrın 9-da Prezident İlham Əliyev tərəfindən qoyulub.

Bildirildi ki, “Şükürbəyli”, “Hadrut” və “Şuşa” yarımstansiyaları arasında yaradılan 35 kV-luq dairəvi elektrik təchizat sxeminə daxil olan 35/0,4 kV-luq 2x1600 kVA gücündə yeni “Hadrut” qovşaq yarımstansiyası Hadrut qəsəbəsində qurulacaq müxtəlif təyinatlı infrastrukturun elektrik enerjisinə tələbatını ödəyəcək. Həmçinin yeni qovşaq yarımstansiyası Xocavənd rayonunun bir hissəsinin, Şuşa və ətraf ərazilərin elektrik təchizatının etibarlılığını və dayanıqlılığını təmin edəcək.

Yarımstansiyada Rəqəmsal Elektrik Şəbəkələrinin İdarəolunması Mərkəzinin yaradılması elektrik enerjisinin paylanması prosesinə fasiləsiz nəzarətin təmin edilməsinə, enerji səmərəliliyinə, elektrik enerjisinin fasiləsizliyinə və keyfiyyətinin artırılmasına zəmin yaradacaq. Zərurət yaranarsa, “Hadrut” qovşaq yarımstansiyası vasitəsilə Cəbrayıl, Qubadlı, Zəngilan rayonlarını da elektrik enerjisi ilə təchiz etmək mümkün olacaq.

Prezident İlham Əliyev yarımstansiyanı işə saldı.

Qeyd olundu ki, Təlim-Tədris Kompleksində Beynəlxalq tədbirlərin keçirilməsi üçün bütün zəruri şərait nəzərə alınıb.

Kompleksin Regional Tədris Mərkəzində yerli və xarici təlimçilərin iştirakı ilə elektroenergetika sahəsi üzrə ixtisaslı kadrların hazırlığı, bərpaolunan enerji mənbələrinin tətbiq və istismar qaydaları, peşə vərdişlərinin əldə edilməsi, real iş şəraitində təlimlər və ustalıq yarışlarının təşkili nəzərdə tutulur. Mərkəz təlim-tədris zalından və təlim poliqonundan ibarətdir. Tədris zalı 35/0,4 kV-luq müasir şəbəkə modelinin, 35 və 0,4 kV-luq fiber-optik kabellərin, kompozit şüşə-lifli dayaqların tətbiq sahələri, perspektiv inkişafı və üstünlüklərinin əyani şəkildə təqdim edilməsi üçün nəzərdə tutulub. Burada, həmçinin xüsusi dayaqlarda şəbəkədə istifadə edilən element və ləvazimatlar qurulub.

İşğaldan azad edilmiş ərazilərdə Yaşıl enerji mənbələrinin (işlək günəş və külək enerji qurğuları) tətbiqinə dair real işlək model də tərtib edilib, həm personalın, həm də gələcəkdə fəal istehlakçıların maarifləndirilməsi təlimlərində istifadəsi nəzərdə tutulub. Eyni zamanda, Elektroenergetika sahəsində əldə edilmiş tarixi nailiyyətləri əks etdirən elektron guşə və əyani vəsait stendləri, müasir uçot cihazları (SMS, Smart, NFC sayğacları) və müasir təhlükəsizlik texnikası, idarəetmə plakatları təqdim edilir.

Məlumat verildi ki, beynəlxalq tədbirlər poliqonu isə peşə ustalığı yarışları və müasir texnologiyaların əyani nümayişi üçün nəzərdə tutulmuş texnoloji ərazidir. Eyni zamanda, poliqonda Günəş və külək enerjisi qurğularının quraşdırılması, istismarı və müasir idarəetmə sistemləri üçün BOEM-təlim sahəsi planlaşdırılıb. Təlim poliqonunda real iş şəraitində istifadə edilən müasir şəbəkə modeli, Yaşıl enerji elementləri (Günəş və külək enerji mənbələri) və innovativ layihə maketlərinin yerləşdirilməsi nəzərdə tutulub. Poliqon beynəlxalq peşə ustalığı yarışlarının, elektrotexniki təlim tədbirlərinin keçirilməsi və müxtəlif istiqamətlər üzrə təcrübə mübadiləsinin əyani nümayiş etdirilməsi üçün də geniş imkanlar yaradacaq.

Burada yaradılan Regional Logistika Mərkəzi isə region üzrə tələb olunan nəqliyyat, xüsusi texnika və mal-materialın nəqli, təmiri və saxlanması üçün nəzərdə tutulub. Məqsəd, tələb olunan texniki vasitələrin vaxt itkisi olmadan əraziyə çatdırılması və saz vəziyyətdə saxlanmasından ibarətdir.

Transformator xidmət sahəsində müasir paylayıcı şəbəkələrdə tətbiq edilən güc transformatorlarının təmiri, sazlanması və müasir cihazlarla təchiz edilməsi həyata keçiriləcək.

Mərkəzi Laboratoriya smart sayğaclar, kabel, izolyator, qurğu və avadanlıqların test-sınaq-diaqnostika tədbirlərinin həyata keçirilməsi üçün nəzərdə tutulub.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Xocavənd rayonunun Tuğ kəndində İnzibati Mərkəzin təməlinin qoyulması mərasimində iştirak ediblər.

Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov dövlətimizin başçısına və birinci xanıma ilkin mərhələdə Tuğ kəndinin ictimai-inzibati mərkəzində inşası planlaşdırılan binalar barədə məlumat verdi.

Bildirildi ki, kənddə 1,63 hektar sahəni əhatə edəcək inzibati zonada ikimərtəbəli inzibati bina, klub icma və mədəniyyət mərkəzləri, restoran tikiləcək. Burada tikiləcək və bərpa ediləcək binaların ümumi sahəsi 3200 kvadratmetr olacaq.

Ərazidə genişmiqyaslı abadlıq işlərinin görülməsi, yerüstü parkinq sahəsinin yaradılması nəzərdə tutulub. Bu ərazilərə bütün yol infrastrukturunun, kommunikasiya xətlərinin, o cümlədən işıq, rabitə və yüksəksürətli internetin çəkilməsi planlaşdırılır. İnzibati mərkəzdə tikinti-bərpa işlərinin gələn ilin martında başa çatdırılması nəzərdə tutulur.

Dövlətimizin başçısı İnzibati Mərkəzin təməlini qoydu.

Xocavənd rayonunun Tuğ kəndində ilk yaşayış məhəlləsinin təməli qoyulub.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva məhəllənin təməlinin qoyulması mərasimində iştirak ediblər.

Dövlətimizin başçısına və birinci xanıma yaşayış məhəlləsi barədə məlumat verildi.

Bildirildi ki, ümumi sahəsi 99 hektara yaxın olan ilk yaşayış məhəlləsi Tuğ kəndinin təsdiq edilmiş Baş planına uyğun qaydada salınacaq. 1089 nəfərin yaşaması üçün nəzərdə tutulan məhəllədə birinci mərhələdə 24 tarixi fərdi ev bərpa ediləcək, 95 ev isə yenidən tikiləcək. Növbəti mərhələlərdə isə məhəllədə 244 yeni fərdi evin tikilməsi nəzərdə tutulur.

Məhəllədə 360 yerlik məktəb binası, 50 yerlik uşaq bağçası, ticarət mərkəzləri, məscid, kilsə, tibb məntəqəsi, aptek, idman sağlamlıq sahəsi, tərəvəz və meyvə anbarı da olacaq. Ümumiyyətlə, yaşayış məhəlləsində əhalinin məşğulluğu üçün hər cür şərait təmin ediləcək.

Diqqətə çatdırıldı ki, Tuğ kəndində bir sıra binaların - inzibati bina, klub-icma mərkəzi, məktəb, bağça və 15 fərdi evin tikinti-bərpa işlərinin 2024-cü ilin martında tamamlanması planlaşdırılır.

Dövlətimizin başçısı Tuğ kəndində ilk yaşayış məhəlləsinin təməlini qoydu.

İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Hadrut qəsəbəsində 360 şagird yerlik tam orta məktəbin bərpa layihəsi ilə tanış olublar.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Hadrut qəsəbəsində salınacaq ilk yaşayış məhəlləsinin təməlinin qoyulması mərasimində iştirak ediblər.

Dövlətimizin başçısına görüləcək işlər barədə məlumat verildi.

Qeyd edildi ki, ilk yaşayış məhəlləsi 28 fərdi evdən ibarət olacaq. Tikiləcək evlərin ikiotaqlı, üçotaqlı, dördotaqlı və beşotaqlı olması nəzərdə tutulur. Mənzillərin sahəsi 70-120 kvadratmetr təşkil edəcək.

Bildirildi ki, Hadrut qəsəbəsində özəl sektor üçün investisiya zonasında nəzərdə tutulan evlərin tikintisi “PMD Group” MMC tərəfindən yerinə yetirilir.

Dövlətimizin başçısı Hadrut qəsəbəsində ilk yaşayış məhəlləsinin təməlini qoydu.

Vətən müharibəsində şanlı Qələbə müjdəsini Azərbaycan xalqına çatdıran tarixi müraciətində Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin dediyi “Məcburi köçkünlər yaxşı bilirlər ki, onların öz dədə-baba torpaqlarına qayıtması üçün biz əlimizdən gələni edəcəyik, işğaldan azad edilmiş bu torpaqları yenidən quracağıq” ifadəsi Hadrut rayonunda ilk yaşayış məhəlləsinin təməlinin qoyulması ilə bir daha təsdiqini tapır. Otuz ilə yaxın müddətdə doğma yurd-yuvalarına qovuşmaq həsrəti ilə yaşayan hadrutlular üçün ilk yaşayış məhəlləsinin təməlinin qoyulması onları bu arzularına daha da yaxınlaşdırır.

Hadrut qəsəbəsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya Hadrut qəsəbəsinin turizm inkişaf konsepsiyası barədə məlumat verilib.

Dövlətimizin başçısına və birinci xanıma Hadrutda turizmin inkişaf etdirilməsi üçün Dövlət Turizm Agentliyi tərəfindən ilk növbədə qəsəbənin tarixi hissəsində mərkəzi məhəllənin bərpasının və abadlaşdırılmasının nəzərdə tutulduğu bildirildi.

Qeyd olundu ki, Hadrutun tarixi hissəsində bərpa və konservasiya işləri çərçivəsində ilkin dövrdə Qafqaz Albaniyasının tarixi-mədəni irsinə aid məbədin, onun yanındakı üç tikilinin bərpası, həmin ərazinin abadlaşdırılması planlaşdırılır. Məhz bu hissədə bərpa və konservasiya işləri gələcəkdə Hadrutda aparılacaq tarixi tikililərin bərpa işləri üçün ilkin təcrübə olacaq və digər işlər bu təcrübəyə əsaslanaraq aparılacaq.

Məlumat verildi ki, bu xristian məbədi Hadrutun tarixi hissəsinin əsas memarlıq abidəsidir. Qafqaz Albaniyası dövründə həmin məbəd müxtəlif dövrlərdə bir neçə dəfə bərpa edilib. Məbəd sonuncu dəfə 1621-ci ildə bərpa olunub. Bu məbədin divarlarında daha qədim dövrdə tikilmiş abidənin daşlarından istifadə edilib. Buna görə də Qafqaz Albaniyası dövrünə aid məbəd və onun ətrafında Dövlət Turizm Agentliyi tərəfindən bərpa və abadlaşdırma işləri görülməzdən əvvəl burada elmi-tədqiqat və arxeoloji qazıntıların aparılması nəzərdə tutulur. Çünki işğal dövründə Hadrutda olan bir sıra abidələr kimi, bu məbədin də tarixi mənşəyinə ermənilər tərəfindən müdaxilələr edilib.

Yerli əhəmiyyətli memarlıq abidəsi kimi rəsmi olaraq dövlət mühafizəsinə götürülən məbəd kompleksinin ərazisində onlarla qəbir daşı yerləşir. Bununla əlaqədar ərazinin arxeoloji cəhətdən tədqiq edilməsinə ehtiyac yaranıb.

Azərbaycan Prezidentinə və birinci xanıma Turizm Məlumat Mərkəzi barədə də məlumat verildi.

Qeyd olundu ki, Hadrutun mərkəzi hissəsində yerləşən tarixi mülkün bərpa edilərək, Turizm Məlumat Mərkəzi kimi fəaliyyət göstərməsi nəzərdə tutulur. Mərkəzdə Hadruta gələn ilk turist qruplarına qəsəbə və ətraf kəndlərdəki turizm obyektləri haqqında məlumat veriləcək. Turizm Məlumat Mərkəzi iki hissədən ibarət olacaq. Birinci hissə turistlərin qəbulu sahəsi, ikinci hissə isə turizm işçiləri üçün ofis kimi nəzərdə tutulur.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Xocavənd rayonunun Hadrut qəsəbəsində inzibati mərkəzin təməlinin qoyulması mərasimində iştirak ediblər.

Dövlətimizin başçısına və birinci xanıma layihə barədə məlumat verildi.

Bildirildi ki, inzibati zonanın ümumi sahəsi 4,2 hektardır. Buraya inzibati bina, bələdiyyə binası, mədəniyyət mərkəzi və infrastruktur qurumlarının ofislərinin binaları daxildir.

Qəsəbənin inzibati ərazisinə bütün yol infrastrukturunun, kommunikasiya xətlərinin, o cümlədən işıq, rabitə və yüksəksürətli internetin çəkilməsi planlaşdırılır. Yol və kommunikasiya xətlərinin ümumi uzunluğu 1100 metr olacaq. Hadrut qəsəbəsinin inzibati ərazisinin tikintisinin 2024-cü ilin martında başa çatdırılması planlaşdırılır.

Prezident İlham Əliyev Hadrut qəsəbəsində inzibati mərkəzin təməlini qoydu.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Füzuli-Hadrut avtomobil yolunun açılışında iştirak edib.

Dövlətimizin başçısına görülən işlər barədə məlumat verildi.

Bildirildi ki, Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları ərazisində icra olunan və işğaldan azad edilmiş ərazilərimizin sosial-iqtisadi inkişafında mühüm rol oynayacaq yol infrastrukturu layihələrindən olan Füzuli-Hadrut avtomobil yolunun tikintisi sürətlə və keyfiyyətlə yerinə yetirilib. Ümumi uzunluğu 12,3 km olan yol birinci texniki dərəcəlidir. Bu yol başlanğıcını “Zəfər yolu”ndan götürür və yeni inşa edilən Şükürbəyli-Cəbrayıl-Hadrut avtomobil yoluna birləşir. Füzuli-Hadrut avtomobil yolu dörd hərəkət zolaqlıdır. Yolun hərəkət hissəsinin eni 14 metrdir.

Layihəyə əsasən yolun 6,7 kilometrliyində “Qarğabazarı” adlanan ərazidən keçən hissəsində biraşırımlı avtomobil körpüsü inşa olunub. Körpünün uzunluğu 18 metr, eni isə 21 metrdir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Şükürbəyli-Cəbrayıl-Hadrut avtomobil yolunun 8,2 kilometrlik hissəsinin açılışında iştirak edib.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov dövlətimizin başçısına görülən işlər barədə məlumat verdi.

Bildirildi ki, uzunluğu 42 kilometr olan köhnə yol 2,3 kilometr qısaldılaraq 39,7 kilometrlik yeni yolla əvəzlənib. Yolun hərəkət hissəsinin eni 14,5 metr, torpaq yatağının eni isə 21,5 metrdir.

Dövlətimizin başçısının tapşırığına əsasən, Şükürbəyli-Cəbrayıl-Hadrut avtomobil yolu Qarabağın inkişaf planı nəzərə alınaraq dörd hərəkət zolaqlı olmaqla birinci texniki dərəcəyə uyğun inşa edilib. Yolun üzərindəki 6 körpünün tikintisi başa çatıb. Yol boyunca 18 avtobus dayanacağı quraşdırılıb.

Yeni avtomobil yolu işğaldan azad edilmiş Xocavənd, Füzuli və Cəbrayıl rayonlarının ərazisindən keçir. Avtomobil yolu Hadrut qəsəbəsi və Cəbrayıl şəhəri də daxil olmaqla həmin rayonların 20-yə yaxın yaşayış məntəqəsini əhatə edəcək.

Qeyd edək ki, bu yol Azərbaycan Prezidentinin 2021-ci il 29 aprel tarixli Sərəncamına əsasən inşa olunur.

Keçidlər