Abidələrimiz
Nərgiztəpə
Nərgiztəpə Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyində 1116 saylı inventar nömrəsi ilə qeydə alınmış orta Tunc dövrünə aid ölkə əhəmiyyətli arxeoloji abidədir. Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun dəstəyi ilə Milli Elmlər Akademiyası Arxeologiya və Etnoqrafiya İnstitutunun apardığı arxeoloji araşdırmalar nəticəsində Nərgiztəpənin cənub-şərq ətəyində çox iri, yonulmamış qaya parçalarından bir cərgə düzülməklə inşa edilən və uzunluğu 60 metrə çatan divar qalıqları diqqəti cəlb etmişdir. Divardan şərqdə - bayır tərəfdə qədim xəndəyin qalıqları var. Cənubda isə bu divar torpaq səddə söykənir. Divarın tikintisində hər hansı bərkidici maddədən istifadə edilməyib. Bu xüsusiyyətlərinə görə, divar qalığı Azərbaycanda daha çox “təpəgöz qalaları” kimi tanınan klassik siklop tikililəri sırasına daxildir. Azərbaycanın qərb bölgələrində, xüsusilə Daşkəsən və Gədəbəy rayonlarında, Naxçıvan Muxtar Respublikasının ərazisində də belə tikililər çoxdur. Son Tunc və Erkən Dəmir dövründə geniş yayılan siklopik tikililər ibtidai cəmiyyətin dağılması və sinifli cəmiyyətə keçidlə bağlı idi. Tədqiqat zamanı ağ tufdan yastı daş lövhələr, insan sümükləri, müxtəlif saxsı qab nümunələri, sədəfdən uzunsov düzbucaqlı şəklində düzəldilmiş muncuq aşkar edilib. Saxsı qablardan biri demək olar ki, bütöv haldadır. Oxşar qablara Azərbaycanın həm antik dövr (məsələn, e.ə. III-I əsrlərə - Yaloylutəpə mədəniyyətinə məxsus), həm də erkən orta əsr abidələrində rast gəlinir. Aşkar edilən tapıntılar buradakı daş örtüklü torpaq qəbirlərin antik dövr, yaxud da erkən orta əsrlərin bütpərəst dini ayinləri, dəfn adətləri ilə bağlılığını təsdiqləyir.
Tapılmış keramika nümunələri arasında üzərinə qırmızı boya ilə naxışlar çəkilmiş saxsı qabın qırıqları böyük maraq doğurur. Narın gildən hazırlanmış iri tutumlu qabın çiyin hissəsini, gövdə və qulpunu bəzəyən bu naxışlar həndəsi – düz, perpendikulyar və kəsişən xətlər, tağlar, təbiət təsvirləri – günəş, dağlar və ağaclar, soomorf – maral təsvirlərindən ibarətdir. Qarabağın antik dövr abidələrindən, o cümlədən Qalatəpə, Üzərliktəpə, Qaraköpəktəpə, Qaraköbər və başqalarından tapılan keramika nümunələri üzərində belə naxışlara (zoomorf təsvirlər istisna olmaqla) tez-tez rast gəlinir. Bəzi fraqmentlər yaxınlıqdakı Nərgiztəpə yaşayış yerindən aşkar olunan nümunələrlə oxşardır.
Aparılan tədqiqatlar göstərir ki, bu abidə əsasən üç mədəni təbəqədən ibarətdir: orta tunc, antik və orta əsrlər. Orta əsrlərə aid üst mədəni təbəqədə şirli və şirsiz saxsı qab nümunələrinə, daşdan əmək alətlərinə, ocaq yerlərinə və güclü yanğın izi olan zolaqlara rast gəlinib. Qalınlığı iki metrdən çox olan antik təbəqə həm memarlığına, həm də artefaktların rəngarəngliyinə görə çox zəngindir. 2,5 metr dərinlikdən aşkar edilən iri daşlardan və möhrədən ibarət müdafiə divarları isə Nərgiztəpədə diqqət çəkən ən önəmli tapıntıdır
ABİDƏNİN PASPORTU
Ad: Nərgiztəpə yaşayış yeri
Abidənin növü: Arxeoloji abidələr
Tarix: İlk və orta tunc dövrü
Əhəmiyyəti: Ölkə əhəmiyyətli
Nömrə: № 1116.
Şəhər: Xocavənd şəhəri
Ünvan: Xocavənd şəhərindən şərqdə
Sistem kodu: AJA001139