Rayon haqqında
Milli Qəhrəmanlar
Azərbaycan Respublikasının Milli Qəhrəmanı Hüseynli İbad Mövsüm oğlu - 18 oktyabr 1970-ci il tarixdə Xocavənd rayonunun Muğanlı kəndində anadan olmuşdur. İlk təhsilini Muğanlı kənd məktəbində almış, hələ uşaq vaxtlarından idmana böyük maraq göstərmiş, bacarığı, qabiliyyəti və vətənpərvərliyi ilə hər zaman digərlərindən fərqlənmişdir.
1980–ci illərin sonlarında hərbi xidmətə çağırılan İbad Hüseynli sovet ordusu sıralarında Rusiya Federasiyasının Amur vilayətində xidmətə başlayır. Bu zaman artıq Dağlıq Qarabağda ermənilərin əsassız torpaq və ərazi iddiası ilə başlatdıqları münaqişə günü-gündən alovlanaraq daha kəskin xarakter almaqda idi. Doğma vətənində baş verənləri böyük narahatçılıq və həyacan hissi ilə izləyən İbad Hüseynli 1990-ci il 20 yanvar tarixində Sovet qoşunları tərəfindən paytaxt Bakıda dinc sakinlərə qarşı törədilmiş vəhşiliyə biganə qala bilmir və bütün bunlara etiraz əlaməti olaraq digər azərbaycanlı hərbçilərlə birlikdə, vətənə buraxılmaları tələbi ilə müddətsiz aclıq aksiyasına başlayırlar. Nəticədə rəhbərlik İbad Hüseynlini və onunla birlikdə aclıq aksiyasında iştirak etmiş bir neçə əsgər yoldaşını 4 ay öncədən tərxis etməyə məcbur olur.
1990-cı ildə doğma Xocavənd rayonunun Muğanlı kəndinə qayıdan İbad Hüsynli kənddə yaradılmış özünümüdafiə dəstəsinə qoşulur və tezliklə dəstənin ən fəal üzvünə çevrilir. Onun rəhbərlik etdiyi kəşfiyyat qrupu mütəmadi olaraq düşmən arxasına keçərək uğurlu hərbi əməliyyatlar keçirir, düşməni ciddi itkilərə məruz qoyurdu. Bu döyüşlərin hər birində onun hərbi biliyi, şəxsi cəsarəti və ən əsası xarakterindəki mübariz döyüşçü ruhu böyük rol oynayır, döyüş yoldaşlarına əlavə stimul verirdi.
Münaqişə isə günü- gündən daha da alovlanaraq daha aktiv fazaya keçməkdə idi. Özlərinin separatçı planlarını həyata keçirmək məqsədilə uzun illər ərzində hazırlaşan, təpədən dırnağa qədər silahlanmış düşmənə qarşı əliyalın mübarizə aparmaq bölgənin azərbaycanlı əhalisi üçün olduqca çətin idi. Belə bir şəratdə onun şücaəti və tabeliyində olan qrupun iştirakı ilə həyata keçirdikləri kəşfiyyat–diversiya əməliyyatları zamanı məhv edilmiş düşmən postlarından qənimət kimi əldə olunmuş silah və sursatlar bölgənin müdafiəsi üçün böyük əhəmiyyət daşıyırdı.
Artıq bölgədə hadisələr tam olaraq hərbi müstəvi üzərində cərəyan edirdi və Muğanlı kənd özünümüdafiə dəstəsinin bazası əsasında Xocavənd özünümüdafiə batalyonu yaradılmışdı. Həmin hərbi hissənin kəşfiyyat bölüyünün komandiri olan İbad Hüseynli bütün döyüş əməliyyatlarında şəxsən iştirak etmiş, kəşfiyyat məlumatlarının əldə olunması, erməni postlarının, cəbhənin dərinliklərində yerləşən dayaq məntəqələrinin məhv edilməsi və bölgədə həyata keçirilən bütün hərbi əməliyyatlarda ön sıralarda olmuşdur.
26 dekabr 1993-cü il tarixdə növbəti hərbi tapşırığı yerinə yetirərkən içərisində olduğu hərbi avtomobilin düşmən tərəfindən basdırılmış minaya düşərək partlaması nəticəsində ağır yaralanan İbad Hüseyinli 28 gün komada qalaraq həyat üçün mücadilə aparır və bu mübarizədən də qalib ayrılır. Uzun müddət müalicə aldıqdan sonra sağlamlığında ciddi zədələrin olmasına baxmayaraq yenidən cəbhə xətdinə, xidmət etdiyi hərbi hissəsinə qayıdaraq xidmətini davam etdirir.
Torpaqlarımızın müdafiəsi uğrunda göstərdiyi şəxsi igidlik və fədakarlığı Ümummilli Liderimiz Heydər Əliyev tərəfindən yüksək qiymətləndirilmiş və Ulu Öndərin 9 oktyabr 1994-cü il tarixli müvafiq Sərəncamı ilə "Azərbaycan Bayrağı" ordeni ilə təltif edilmişdir.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 09 dekabr 2020-ci il tarixdə imzaladığı Sərəncamla Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və döyüş tapşırıqlarını yerinə yetirərkən göstərdiyi igidliyə görə Hüseynli İbad Mövsüm oğluna "Azərbaycanın Milli Qəhrəmanı" fəxri adı verilmişdir.
Təltif və mükafatları
9 oktyabr 1994-cü ildə Azərbaycan Respublikasının "Azərbaycan Bayrağı" ordeni ilə təltif edilmişdir.
2015-ci ildə Yeni Türkiyə Strateji Araşdırmalar tərəfindən təsis etdiyi "Şərəf" medalı Yeni Türkiyə Strateji Araşdırmalar Mərkəzinin rəhbəri, keçmiş Təhsil naziri və uzun illər millət vəkili olmuş Hasan Calal Gözəl tərəfindən İbad Hüseynliyə təqdim edildi.
2018-ci il aprel ayında İbad Hüseynli Türkiyənin Adana şəhərində keçirilən "Dünya Avşarlar" qurultayında, "Dünya Avşarlar Dərnəyinin" təsis etdiyi "Üstün Cəsarət" medalına layiq görüldü. Medal Böyük Şəhər Bələdiyyəsinin rəhbəri tərəfindən qəhrəmana təqdim edildi.
2018-ci ildə Türkiyə Respublikasının Prezidentinin Baş Məsləhətçisi Yalçın Topçu tərəfindən "Türk Dünyası Kahramanı İbad Hüseynli" medalı ilə təltif edilmişdir.
2020-ci ildə "Azərbaycan Respublikası dövlət təhlükəsizliyi və xarici kəşfiyyat orqanlarının 100 illiyi (1919–2019)" yubiley medalı ilə təltif edilmişdir.
2020-ci il dekabr ayının 9-da Prezident İlham Əliyev tərəfindən "Azərbaycanın Milli Qəhrəmanı" adı verilmişdir.
2022-ci ildə "Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin 15 illiyi (2005–2020)" yubiley medalı ilə təltif olunuşdur.
2024-cü ildə Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə "Heydər Əliyevin 100 illiyi (1923–2023)" yubiley medalı verilmişdir.
2025-ci il 04 noyabr "Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin "Hərbi Əməkdaşlıq sahəsində xidmətlərə görə" medalı ilə təltif olunuşdur.
İrsi və xatirəsi
Filmlər
2010-cu ildə Bakıda, "Azərbaycanfilm" kinostudiyasında İbad Hüseynliyə həsr edilmiş "Əsgər" sənədli filminin təqdimat mərasimi keçirilmişdir. Film rejissor Etibar Məmmədov tərəfindən çəkilib. 2013-cü ildə rejissor Kəmalə Mirzəyevanın quruluşunda "Qorxulu yuxuların qəhrəmanı" adlı film çəkilmişdir. 2011-ci ildə rejissor Etibar Məmmədov olan "Kəşfiyyatçı" sənədli filmi çəkilmişdir. 2016-cı ildə rejissoru Natiq Novruzov olan "Xüsusi təyinatlı İbad" bədii film çəkilmişdir. 2017-ci ildə "Xüsusi Təyinatlı İbad 2" yeni bədii film çəkilmişdir.
Küçələr
Türkiyənin Ankara şəhərində 2015-ci ilin aprel ayının 28 də Gölbaşı Bələdiyyəsi tərəfindən İbad Hüseynlinin adına küçə verildi.
2015-ci il avqust ayının 30-da Türkiyənin Qaziantəp şəhərində Türkiyənin Zəfər Bayramı günündə Şahin bəy Bələdiyyəsi tərəfindən İbad Hüseynlinin adına park verildi.
2016-cı ildə Azərbaycanın Ağcabədi şəhərində İbad Hüseynlinin adına küçə verilmişdir.
2017-ci ilin may ayının 4 də Türkiyənin Kırşəhərində Kırşəhər Bələdiyyəsi tərəfindən İbad Hüseynlinin adına küçə verildi.
2017-ci il də Xırdalan şəhərində İbad Hüseynlinin adına küçə verilmişdir.
Türkiyənin Adana şəhərində 2021-ci ilin aprel ayının 3-də Karataş Bələdiyyəsi tərəfindən olmuş İbad Hüseynlinin adına küçə verildi.
Türkiyənin Adana şəhərində 2022-ci ilin oktyabr aynın 18-də Azərbaycan Respublikasının yaranması və Azərbaycanın Milli Qəhrəmanı İbad Hüseynlinin ad günündə adına verilən parkın açılışı oldu. Parkın tam mərkəzində heykəli ucadıldı.
2024-cü il 17 oktyabr Türkiyənin Afyonkarahisar vilayətində prospekt "Azərbaycanın Milli Qəhrəmanı" İbad Hüseynlinin adı verilmişdir.
2025-ci il 3 avqust Türkiyənin Kırşehri Kargin Yenice Köy Meydanında, Türk Dünyasının Milli Kardamanı İbad Hüseynli adına Harı Bülbül bulağı verilmişdir.
Azərbaycanın Tərtər şəhərində, İbad Hüseynlinin adına küçə verilmişdir.
Azərbaycanın Masallı şəhərində, İbad Hüseynlinin adına küçə verilmişdir.
Türkiyənin Afyonkarahisar vilayətində yerləşən prospektlərdən birinə onun adı verilmişdir.
Kitablar
"Xüsusi Təyinatlı", "O bir qəhrəman", " Yaşayan Şəhid", "Qurd balası", "Qorxunu öldürən qəhrəman","Kəşfiyyatcı", "Qaraqaşlı" romanı, saysız-hesabsız şeirlər, poemalar, hekayələr yazılmışdı. Kitablar bir çox dillərə tərcümə edilmişdir.
2016-cı ildə Türkiyənin Ankara şəhərində Yeni Türkiyə Strateji Araşdırmalar Mərkəzi tərəfindən "Türk Dünyasının qəhrəman övladı" adlı kitab yazılmışdır.






