Şriftin ölçüsü :

Saytın rəngi :

Tarixi

Azərbaycan Respublikasının 26 noyabr 1991-ci il tarixli, 279-XII nömrəli qanununa əsasən DQMV ləğv edilərək Martuni və Hadrut rayonlarının bazası əsasında Xocavənd rayonu yaradılmışdır. Rayonun ümumi sahəsi 1471,96 kv.km, əhalisi 13414 nəfərdir. Rayonda 1 şəhər (Xocavənd şəhəri-rayon məkəzi), 2 iri qəsəbə (Qırmızı Bazar və Hadrut), 80 kənd var. Olduqca əlverişli coğrafi mövqeyə və şəraitə malik Xocavənd rayonu Ağdam, Ağcabədi, Füzuli, Cəbrayıl, Qubadlı, Laçın, Şuşa, Xocalı rayonları ilə həmsərhəddir.

Üzümü və yaşıl mərməri ilə məş­hur olan Rayonda əsas təsərrüfat sahələri heyvandarlıq, üzümçülük, quşçuluq, taxılçılıq, bostançılıq və tərə­vəz­çi­lik­dir. Rayonda arpa, buğda, qarğıdalı, soğan, kartof, yem çuğunduru və bostan-tərəvəz bit­kiləri yetişdirilir. Ra­­yon ərazisində Bağırxan, Qırmızı Bazar, Mədə Bulağı, Baba Bulağı, Ballı Bulaq və s. onlarla istirahət zonaları var.

Rayonun relyefi əsasən dağlıqdır. Şərqdə və cənub şərqdə əsasən dağətəyi düzənliklərdir. Qarabağ dağ silsiləsinin cənub-şərq qolları bu rayonun ərazisində dağətəyi düzənliyə çevrilir. İqlimi çox yerdə qısa quraq keçən mülayim isti, qışı quraq keçən soyuqdur. Çayları (Xonaşençay, Köndələnçay, Qozluçay, Quruçay, Çaxmaqçay, Alıçay, Atautçay, Binəçay və s.) Kür-Araz hövzələrinə aiddir. Bitki örtüyündə kolluq və seyrək meşəli çəmənlər üstün­lük təşkil edir. Kolluqlar və enliyarpaq meşələri var.Bəşər sivilizasiyasının beşiklərindən biri olan Xocavənd bölgəsi antik, orta əsrlər, yeni və müasir dövr maddi-mədəniyyət nümunələri və tarixi abidələrlə zəngindir.

Bu bölgədə ilk insanların yaşadıqları mağaralara, qədim yaşayış yerlərinə, erkən şəhər mədəniyyəti qalıqlarına, möhtəşəm qala divarlarına, müxtəlif dövrlərdə inşa edilmiş türbələrə, daş-qoç heykəllərə - ümumiyyətlə, nadir mədəniyyət nümunələrinə tez-tez rast gəlirik. Xocavənd ərazisində çoxlu sayda (72) dünya və Respublika əhəmiyyətli tarixi-memarlıq və mədəniyyət abidələri vardır. Bunlar Azərbaycan xalqının tarixini, mədəniyyətini, adət-ənələrini göstərən abidələrdir.

Azərbaycanın sosial, siyasi, iqtisadi, mədəni və elmi həyatında özünəməxsus rol oynayan Xocavəndin hər daşı, hər qayası, hər mağarası tarixin əsl canlı şahididir. 1988-ci ilin fevralından başlayan I Qarabağ müharibəsində, atəşkəs dövründə    və Vətən  mühari­bə­sində ümumilikdə  Xocavənd rayonu 157 şəhid (onların 13 nəfəri qadın, 13 nəfəri uşaqdır) vermişdir.

2 oktyabr 1992-ci il tarixdə Xocavənd rayonu Ermənilər tərəfindən işğal olunmuşdur. Xocavənd rayonunun kəndlərinin işğal tarixləri:

  • Tuğ kəndi 30.10.1991
  • Salakətin kəndi 30.10.1991
  • Xocavənd kəndi 19.11.1991
  • Axullu kəndi 09.01.1992
  • Qaradağlı kəndi 17.02.1992
  • Muğanlı kəndi 02.10.1992
  • Əmirallar kəndi 02.10.1992
  • Kuropatkin kəndi 02.10.1992
  • Günəşli kəndi 23.07.1993
  • Xətai kəndi 20.08.1993

    Azərbaycan Ordusunun sentyabrın 27-də Qarabağda başladığı uğurlu əks-hücum əməliyyatı nəticəsində döyüş meydanında  1 qəsəbə 45 kənd işğaldan azad olunmuşdur. 

    1. Hadrut qəsəbəsi          09.10.2020

    2. Sur kəndi                     09.10.2020

    3. Qoçbəyli kəndi            09.10.2020

    4. Bulutan kəndi              14.10.2020

    5. Məlikcanlı kəndi           14.10.2020

    6. Qırmızıqaya kəndi       14.10.2020

    7. Dağdöşü kəndi             14.10.2020

    8. Tağaser kəndi              14.10.2020

    9. Edişə kəndi                  15.10.2020

    10. Düdükçü kəndi           15.10.2020

    11. Edilli kəndi                  15.10.2020

    12. Çiraquz kəndi             15.10.2020

    13. Xırmancıq  kəndi         16.10.2020 

    14.  Ağbulaq  kəndi           16.10.2020 

    15.  Axullu   kəndi              16.10.2020 

    16. Ağcakənd  kəndi          20.10.2020

    17. Mülkidərə  kəndi           20.10.2020

    18. Daşbaşı  kəndi             20.10.2020

    19. Günəşli  kəndi             20.10.2020

    20. Çinarlı  kəndi               20.10.2020

    21. Dolanlar  kəndi            23.10.2020

    22. Bünyadlı kəndi             23.10.2020

    23. Ataqut kəndi                07.11.2020

    24. Hünərli kəndi                07.11.2020

    25. Susanlıq kəndi             09.11.2020

    26. Binə   kəndi                  09.11.2020

    27. Tuğ kəndi                     09.11.2020

    28. Ağdam  kəndi               09.11.2020

    29. Azıx kəndi                    09.11.2020

    30. Köhnə Tağlar kəndi      09.11.2020

    31. Salakətin kəndi            09.11.2020

    32. Zoğalbulaq kəndi         09.11.2020

    33. Arakül  kəndi                09.11.2020

    34. Tağaverd kəndi             09.11.2020

    35. Arpagədik kəndi           09.11.2020

    36. Zərdanaşen  kəndi       09.11.2020

    37. Şıxer (Şəhər)  kəndi      09.11.2020

    38.Quşçular                        09.11.2020

    39. Böyük Tağlar                 09.11.2020

    40. Məmməddərə               09.11.2020

    41.Cilən                              09.11.2020

    42.Binədərəsi                     09.11.2020

    43.Məlikcanlı                      09.11.2020

    44.Dərəkənd                       09.11.2020

    45.Şahyeri                          09.11.2020

    46.Çaylaqqala                     09.11.2020

    Vətən müharibəsi - “Dəmir Yumruq” əməliyyatı

    Ermənistanın növbəti hərbi təcavüz cəhdinə cavab olaraq 2020-ci il sentyabrın 27-də Azərbaycan Ordusu əks-həmlə əməliyyatına başladı və 44 gün davam edən Vətən müharibəsi nəticəsində Ermənistan ordusunu məhv etməyə, onu diz çökdürməyə, işğal altında olan əraziləri azad etməyə nail oldu. Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə müzəffər Azərbaycan Ordusu tərəfindən icra edilmiş “Dəmir Yumruq” əməliyyatı Azərbaycan xalqının tarixinə qızıl hərflərlə yazıldı, işğalçılığı, nasizmin şöhrətləndirilməsini dövlət siyasətinə çevirən Ermənistanın təslim olması ilə nəticələndi.

    2020-ci il noyabrın 10-da “Azərbaycan Respublikasının Prezidenti, Ermənistan Respublikasının baş naziri və Rusiya Federasiyasının Prezidentinin bəyanatı” qəbul edildi və Ermənistan kapitulyasiya aktını imzaladı. Bununla da Ermənistan-Azərbaycan münaqişəsinə son qoyuldu, Azərbaycan öz ərazi bütövlüyünü bərpa etdi. Azərbaycan Prezidenti bu barədə deyib: “Dağlıq Qarabağ münaqişəsi həll olunub, Azərbaycan bu münaqişəni təkbaşına həll edib, həm döyüş meydanında və ondan sonra masa arxasında. Döyüş meydanında qazanılmış Qələbə düşməni məcbur etdi ki, ağ bayraq qaldırsın və təslim olsun, kapitulyasiya aktına imza atsın. Noyabrın 10-da imzalanmış sənəd məhz Ermənistanın kapitulyasiya aktıdır”. Beləliklə, bu sənədə əsasən Ağdam, Kəlbəcər və Laçın rayonları şəhid vermədən azad edildi. Zəngəzur dəhlizinin yaradılması tarixi zərurətə çevrildi.

    Suverenliyimizin tam bərpası

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Vətən müharibəsindən sonra qarşılıqlı şəkildə bir-birinin ərazi bütövlüyü və suverenliyinin tanınmasını ehtiva edən 5 əsas prinsip əsasında Ermənistan ilə sülh müqaviləsinin hazırlanması təşəbbüsü ilə çıxış etdi.

    2022-ci il oktyabrın 6-da Praqada “Avropa Siyasi Birliyi” Zirvə Toplantısı çərçivəsində keçirilmiş dördtərəfli görüşdə Ermənistan Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini tanıdığını bəyan etdi.

    Ermənistan tərəfindən Azərbaycan Respublikasının Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi ərazilərində təbii sərvətlərimizin qanunsuz istismarına etiraz əlaməti olaraq 2022-ci il dekabrın 12-dən etibarən qeyri-hökumət təşkilatları nümayəndələrinin, ekofəalların Laçın-Xankəndi yolunun Şuşa ərazisindən keçən hissəsində dinc etiraz aksiyası başlanılmış və 138 gün davam etmişdir.

    2023-cü il aprelin 23-də növbəti tarixi hadisə baş verdi. Laçın rayonunda, Azərbaycan-Ermənistan sərhədində sərhəd-buraxılış məntəqəsi quruldu. Bununla da Azərbaycanın ərazi bütövlüyünün tam bərpası prosesi başa çatdı. Ermənistanın Laçın yolundan sui-istifadəsinə, silah və sursatların daşınmasına və digər qanunsuz əməllərinə son qoyuldu.

    Lakin Ermənistanın və qondarma rejimin qalıqlarının təxribatları səngimədi. Ermənistanın Baş naziri Nikol Paşinyan 2023-cü il sentyabrın 2-də qondarma “Dağlıq Qarabağın müstəqillik bəyannaməsi”nin ildönümü ilə əlaqədar təbrik müraciəti ünvanladı. Sentyabrın 9-da Azərbaycanın Qarabağ bölgəsində qondarma “prezident seçkiləri” keçirildi.

    2023-cü il sentyabrın 19-da Azərbaycan üçtərəfli bəyanatın müddəalarının təmin olunması, Qarabağ iqtisadi rayonunda törədilən genişmiqyaslı təxribatların qarşısının alınması, Ermənistan silahlı qüvvələrinin birləşmələrinin tərksilah edilərək ərazilərimizdən çıxarılması, onların hərbi infrastrukturunun zərərsizləşdirilməsi, işğaldan azad edilmiş ərazilərə qayıdan dinc əhali, habelə bərpa-quruculuq işlərinə cəlb olunmuş mülki işçilər və hərbi qulluqçularımızın təhlükəsizliyinin təmin olunması və Azərbaycan Respublikasının konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə bölgədə antiterror əməliyyatına başladı.

    Bir gündən az davam edən antiterror əməliyyatı nəticəsində bölgədə qalan Ermənistan silahlı qüvvələri tam tərksilah edilərək Azərbaycan ərazisindən çıxarıldı, qondarma rejimin qalıqları isə onun ləğv olunduğunu elan etdi. Azərbaycan öz ərazisində separatçılığa, “boz zona”ya son qoydu. Bununla da Azərbaycan Respublikasının dövlət suverenliyi tam bərpa edildi.

    Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyev 2023-cü il oktyabrın 15-də Xankəndi şəhərində, Xocalı şəhərində, Xocalı rayonunun Əsgəran qəsəbəsində, Xocavənd şəhərində və Ağdərə şəhərində Azərbaycan Respublikasının Dövlət Bayrağını ucaltdı.

    2023-cü il noyabrın 8-də Xankəndi şəhərində Vətən müharibəsində əldə edilən Zəfərin üçüncü ildönümünə həsr olunan hərbi parad keçirildi. Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyev paradda çıxış edərək demişdir: “Bu günü bizə bəxş edən müzəffər Silahlı Qüvvələrimiz döyüş meydanında cəsarət, qəhrəmanlıq, fədakarlıq göstərərək düşməni bizim əzəli torpaqlarımızdan qovmuşdur. Bu, böyük tarixi hadisədir.”

    Tarixə çevrilən münaqişə və yeni reallıq

    İşğal dövründə Ermənistan Azərbaycan torpaqlarında milli-mədəni irsi talayıb və məhv edib (culturcide), şəhərləri (urbicide) və digər yaşayış məntəqələrini dağıdıb və bölgəyə ağır ekoloji ziyan (ecocide) vurub. Azərbaycan torpaqlarında yüzminlərlə minalar, partlayıcı maddələr basdırılıb.

    Ermənistan münaqişə dövründə Azərbaycana qarşı törətdiyi çoxsaylı müharibə cinayətlərinə, kütləvi qırğın və soyqırımı aktlarına, terrorçuluq fəaliyyətinə, vandalizmə görə hüquqi müstəvidə məsuliyyətdən yayına bilməyəcək, Azərbaycana vurduğu böyük sosial-iqtisadi zərərə görə kompensasiya ödəməyə məcbur ediləcək.

    Hazırda Azərbaycan öz imkanları hesabına Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında genişmiqyaslı bərpa-yenidənqurma işləri aparır. “Böyük Qayıdış” proqramı çərçivəsində artıq minlərlə keçmiş məcburi köçkün öz doğma yurdlarına qayıdıb. 2026-cı ilə qədər 140 min keçmiş məcburi köçkünün öz doğma yurduna qayıtması nəzərdə tutulur. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin demişdir: “Biz bu bölgəni - Qarabağı cənnətə çevirəcəyik. Biz bundan sonra bu torpaqlarda əbədi yaşayacağıq. Heç kim bizi bundan sonra bu torpaqlardan tərpədə bilməz. Qarabağ bizimdir! Qarabağ Azərbaycandır!”

Xocavənd rayonu ərazisində, Salakətin kəndinin yaxın­lığında (Quruçay vadisində) 1,5 milyon il yaşı olan Azıx mağarası, həmçinin qədim tarixə malik Tağlar mağarası, Tuğ kəndi ərazisində yerləşən V-VIII əsrlərə aid «Ritiş» qalası, Ərgünəş dağının yamacında sıldırım qayalar üzərində yerləşən «Ərgünəş» qalası, Düdükçü kəndi ətrafında XIII əsrə aid «Rzaqulu Bəy» türbəsi, Xocavənd kəndi yaxınlığında «Aşıqlı Qoşa» günbəzi, Böyük Tağlar kəndində «Alban» məbədi (1241-ci il), Tuğ kəndindəki «Qırmızı» məbəd adlı X əsrə aid tarixi memarlıq və incəsənət abidələri və s. var. Erməni təcavüzü nəticəsində rayonun dağıntıya məruz qalmış mədəni və dini abidələrinə nümunə olaraq Tuğ kəndinin 5 kilometrliyindəki V əsrə aid Alban kilsəsi, I-V əsrlərə aid Alban qəbiristanlıqları, Salakətin kəndi əra­zi-sindəki Dəmirov və Dağdağan ocaqları, Xocavənd kəndi ərazisində yerləşən Cicim ocağı, Qaradağlı kəndinin ərazisində qeydə alınan və III-VI əsrlərə aid olan Alban qəbiristanlıqları, Əmirallar kəndi yaxın­lı­ğındakı (keçmiş Bəhrəmli kəndi ərazisində) Bəhrəmli piri, Muğanlı kən­dində yerləşən Seyid Rza günbəzi, Qaradağlı kəndi əra­zisindəki Yel piri və neçə-neçə qiymətli maddi memarlıq abidələrini göstərmək olar. Xocavənd torpağı ölkəmizə çoxlu sayda tanınmış siyasətçilər, mədəniyyət xadimləri, rəssamlar, şairlər, yazı­çılar, jurnalistlər, müğənnilər, idmançılar, sərkər­dələr, igidlər bəxş etmişdir.

Xocavənd toponimi 2 hissədən - Xoca sözündən və vənd komponentindən ibarətdir. Xoca sözü türk dilində «müəllim, öyrətmən» anlamındadır. Vənd komponenti İran dillərində «uşağı, nəsli, törəməsi» mənasını daşıyır.

Keçidlər