VƏTƏN MÜHARİBƏSİ
Ermənistanın müharibə cinayətləri
ERMƏNİSTANIN MÜHARİBƏ CİNAYƏTLƏRİ
44 günlük müharibə zamanı təcavüzkar Ermənistan beynəlxalq hüququn norma və prinsiplərini, o cümlədən “Silahlı münaqişələr zamanı mülki şəxslərin müdafiəsinə dair” 1949-cu il tarixli Cenevrə Konvensiyasının tələblərini kobud şəkildə pozaraq dinc əhaliyə qarşı terror əməllərini davam etdirib.
27 sentyabr - 10 noyabr 2020-ci il tarixləri ərzində Ermənistan Silahlı Qüvvələri tərəfindən vurulan zərbələr nəticəsində azərbaycanlı dinc əhalinin sıx yaşadığı rayon və şəhərlərin ərazisinə 30 minə yaxın mərmi və 227 raket atılıb. Döyüş meydanında məğlub duruma düşən Ermənistan davamlı şəkildə Gəncəyə, Mingəçevirə, Tərtərə, Bərdəyə, Qəbələyə və digər yaşayış məntəqələrimizə raket hücumları edərək müharibə və insanlıq əleyhinə cinayətlər törətmişdir. Ermənistanın silahlı birləşmələri tərəfindən mülki şəxslərin çoxsaylı əmlakına ciddi ziyan vurulub, yaşayış evləri, çoxmənzilli yaşayış binaları, qeyri-yaşayış sahələri dağıdılıb.
2020-ci ilin təkcə 11 oktyabr tarixində Ermənistan Silahlı Qüvvələrinin Gəncənin mərkəzi hissəsindəki çoxmənzilli yaşayış binalarını raket atəşinə tutması nəticəsində 10 nəfər həlak olub, 35-dən çox şəxs yaralanıb, 10-dan artıq çoxmənzilli binaya və 100-dən çox müxtəlif təyinatlı obyektə ziyan dəyib. Həmçinin bildirilib ki, bu hadisədən bir neçə gün sonra, oktyabrın 17-də baş verən terror aktı zamanı 15 nəfər həlak olub, 50-dən çox şəxs xəsarət alıb. Ümumilikdə isə Gəncə 2020-ci ilin oktyabrında 5 gün – 4, 5, 8, 11 və 17 oktyabr tarixlərində raket atəşlərinə tutulub. Nəticədə 26 şəxs həlak olub, 120-dən artıq dinc sakin yaralanıb, irimiqyaslı dağıntılar baş verib.
Əhalinin sıx yaşadığı ərazilərə "Toçka-U", "Smerç", "Skad" və digər tipli dağıdıcı raketlərlə hücumun həyata keçirilməsi çoxlu sayda dinc insanın qətlə yetirilməsi məqsədini daşıyıb.
Bərdə şəhərinə raket hücumu zamanı qadağan olunmuş kaset tipli bombalardan istifadə edilib.
2020-ci il oktyabrın 27-də Bərdə rayonunun Qarayusifli kəndinə, oktyabrın 28-də isə Bərdə şəhərinə olan raket hücumları nəticəsində 27 nəfər həlak olub, 70 nəfərdən artıq insan yaralanıb. 2020-ci il oktyabrın 28-də düşmənin silahlı birləşmələri tərəfindən Bərdə şəhərinin mərkəzinə hər birinin içərisində 72 ədəd, ümumilikdə 144 bombacıq olan “Smerç” tipli böyük dağıdıcı qüvvəyə malik 2 ballistik raket zərbəsi nəticəsində 5-i qadın olmaqla, 21 nəfər həlak olmuş, 70 şəxs isə müxtəlif dərəcəli bədən xəsarətləri almışdır.
27 sentyabr - 10 noyabr 2020-ci il tarixləri ərzində düşmən tərəfin silahlı birləşmələrinin dinc əhalini atəşə tutması nəticəsində 12 azyaşlı və 27 qadın olmaqla 93 nəfər qətlə yetirilib, 50 azyaşlı və 101 qadın olmaqla 407 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Əcnəbilərin, muzdluların və terror qruplaşmalarının müharibədə iştirakı
Münaqişədən əvvəl türk mənbələri İraq və Suriyadan bir çox YPG və PKK üzvünün Azərbaycana qarşı erməni yaraqlıları yetişdirmək üçün Dağlıq Qarabağa köçürüldüyünü xəbər vermişdi. 30 sentyabrda Türkiyə mənbələri 300-ə yaxın PKK döyüşçüsünün İran vasitəsilə Dağlıq Qarabağa köçürüldüyünü bildirdi. 28 sentyabrda Azərbaycan Silahlı Qüvvələrindən verilən məlumata görə, erməni itkiləri arasında Suriyadan və Yaxın Şərqin müxtəlif ölkələrindən olan erməni mənşəli muzdlular var. 30 sentyabr tarixində Hikmət Hacıyev "beynəlxalq ictimaiyyətin Ermənistanın terrorçu qüvvələrini Azərbaycana qarşı istifadə etməsinə adekvat reaksiya verməli" olduğunu bildirdi. Bir sıra PKK, YRG mənsubları da sonralar müxtəlif mətbuat orqanlarına verdikləri müsahibələrdə terror təşkilatı üzvlərinin Qarabağda ermənilər tərəfdə döyüşdüyünü etiraf etmişdilər.
Bundan əlavə, Livan, Suriya, Fransa və bəzi Latın Amerikası ölkələrində yaşayan erməniəsilli vətəndaşların erməni diasporunun çağırışları ilə beynəlxalq hüquq prinsiplərinə zidd olaraq döyüşlərdə iştirakı məlum olmuşdur. 1 oktyabr tarixində Suriya İnsan Haqları Monitorinq mərkəzi erməniəsilli suriyalı döyüşçülərin Suriyadan Ermənistana aparıldığını təsdiqləydi.