VƏTƏN MÜHARİBƏSİ
İşğaldan azad olunan şəhər, qəsəbə və kəndlərimiz
Azərbaycan Ordusunun sentyabrın 27-də Qarabağda başladığı uğurlu əks-hücum əməliyyatı nəticəsində noyabrın 9-dək 5 şəhər, 4 qəsəbə və 286 kənd işğaldan azad edilib. 44 gün ərzində həyata keçirilən sürətli döyüş əməliyyatları ilə Cəbrayıl şəhəri və rayonun 90 kəndi, Füzuli şəhəri və rayonun 53 kəndi, Zəngilan şəhəri, rayonun Mincivan, Ağbənd, Bartaz qəsəbələri və 52 kəndi, Xocavənd rayonunun Hadrut qəsəbəsi və 35 kəndi, Tərtər rayonunun 3 kəndi, Qubadlı şəhəri və rayonun 41 kəndi, Xocalı rayonunun 9 kəndi, Şuşa şəhəri, Laçın rayonunun 3 kəndi, həmçinin Ağdərə və Murovdağ istiqamətlərində bir neçə strateji yüksəkliyi, Zəngilanda isə Bartaz, Sığırt, Şükürataz yüksəklikləri və daha 5 adsız yüksəklik azad olunub.
Noyabrın 10-da Azərbaycan Prezidenti, Ermənistanın Baş naziri və Rusiya Prezidenti münaqişə zonasında atəşin və bütün hərbi əməliyyatların tam dayandırılması barədə bəyanat imzalayıblar. Bəyanata əsasən, noyabrın 20-də Ağdam rayonu, noyabrın 25-də Kəlbəcər rayonu, dekabrın 1-də Laçın rayonu Azərbaycana təhvil verilib. Noyabrın 10-da hərbi əməliyyatlar dayandırıldıqdan sonra, Qarabağ ərazisindəki digər şəhər, qəsəbə və kəndlər üzərində də Azərbaycanın suveren hüquqları tanınmış, Azərbaycan Respublikasının ərazi bütövlüyü bərpa olunmuşdur.
2023-cü il sentyabrın 19-da Azərbaycan üçtərəfli bəyanatın müddəalarının təmin olunması, Qarabağ iqtisadi rayonunda törədilən genişmiqyaslı təxribatların qarşısının alınması, Ermənistan silahlı qüvvələrinin birləşmələrinin tərksilah edilərək ərazilərimizdən çıxarılması, onların hərbi infrastrukturunun zərərsizləşdirilməsi, işğaldan azad edilmiş ərazilərə qayıdan dinc əhali, habelə bərpa-quruculuq işlərinə cəlb olunmuş mülki işçilər və hərbi qulluqçularımızın təhlükəsizliyinin təmin olunması və Azərbaycan Respublikasının konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə bölgədə antiterror əməliyyatına başladı.
Bir gündən az davam edən antiterror əməliyyatı nəticəsində bölgədə qalan Ermənistan silahlı qüvvələri tam tərksilah edilərək Azərbaycan ərazisindən çıxarıldı, qondarma rejimin qalıqları isə onun ləğv olunduğunu elan etdi. Azərbaycan öz ərazisində separatçılığa, “boz zona”ya son qoydu. Bununla da Azərbaycan Respublikasının dövlət suverenliyi tam bərpa edildi.
Düşmən işğalından azad olunmuş şəhər, qəsəbə və kəndlərimizin siyahısı:
- 27 sentyabr 2020-ci il:
Füzuli rayonunun Qaraxanbəyli, Qərvənd, Kənd Horadiz, Yuxarı Əbdürrəhmanlı kəndləri;
Cəbrayıl rayonunun Böyük Mərcanlı, Nüzgar kəndləri;
Ağdərə və Murovdağ istiqamətlərində yüksəkliklər.
- 3 oktyabr 2020-ci il:
Tərtər rayonunun Suqovuşan və Talış kəndləri;
Cəbrayıl rayonunun Mehdili, Çaxırlı, Aşağı Maralyan, Şəybəy, Quycaq kəndləri;
Füzuli rayonunun Aşağı Əbdürrəhmanlı kəndi.
- 4 oktyabr 2020-ci il:
Cəbrayıl şəhəri və rayonun Karxulu, Şükürbəyli, Yuxarı Maralyan, Çərəkən, Daşkəsən, Horovlu, Decal, Mahmudlu, Cəfərabad kəndləri.
- 5 oktyabr 2020-ci il:
Cəbrayıl rayonunun Şıxəli Ağalı, Sarıcalı, Məzrə kəndləri.
- 9 oktyabr 2020-ci il:
Xocavənd rayonunun Hadrut qəsəbəsi və Sur kəndi;
Cəbrayıl rayonunun Qaracallı, Süleymanlı, Əfəndilər və Qışlaq kəndləri;
Füzuli rayonunun Yuxarı Güzlək, Gorazıllı kəndləri;
Tərtər rayonunun Çaylı kəndi.
- 14 oktyabr 2020-ci il:
Füzuli rayonunun Qaradağlı, Xatunbulaq, Qarakollu kəndləri;
Xocavənd rayonunun Bulutan, Məlikcanlı, Kəmərtük, Təkə, Tağaser kəndləri.
- 15 oktyabr 2020-ci il:
Xocavənd rayonunun Edişə, Düdükçü, Edilli, Çiraquz kəndləri;
Füzuli rayonunun Arış kəndi;
Cəbrayıl rayonunun Doşulu kəndi.
- 16 oktyabr 2020-ci il:
Xocavənd rayonunun Xırmancıq, Ağbulaq, Axullu kəndləri.
- 17 oktyabr 2020-ci il:
Füzuli rayonunun Qoçəhmədli, Çimən, Cuvarlı, Pirəhmədli, Musabəyli, İşıqlı, Dədəli kəndləri və Füzuli şəhəri.
- 18 oktyabr 2020-ci il:
Xudafərin körpüsü üzərində Azərbaycan bayrağı qaldırıldı.
- 19 oktyabr 2020-ci il:
Cəbrayıl rayonunun Soltanlı, Əmirvarlı, Maşanlı, Həsənli, Əlikeyxanlı, Qumlaq, Hacılı, Göyərçinveysəlli, Niyazqullar, Keçəl Məmmədli, Şahvəlli, Hacı İsmayıllı, İsaqlı kəndləri.
- 20 oktyabr 2020-ci il:
Zəngilan rayonunun Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Muğanlı kəndləri və Zəngilan şəhəri;
Füzuli rayonunun Dördçinar, Kürdlər, Yuxarı Əbdürrəhmanlı, Qarğabazar, Aşağı Veysəlli, Yuxarı Aybasanlı kəndləri
Cəbrayıl rayonunun Safarşa, Həsənqaydı, Fuğanlı, İmambağı, Daş Veysəlli, Ağtəpə, Yarəhmədli kəndləri
Xocavənd rayonunun Ağcakənd, Mülküdərə, Daşbaşı, Günəşli, Çinarlı kəndləri.
- 21 oktyabr 2020-ci il:
Zəngilan rayonunun Mincivan qəsəbəsi, Xurama, Xumarlı, Sarıl, Babaylı, Üçüncü Ağalı, Hacallı, Qırax Müşlan, Üdgün, Turabad, İçəri Müşlan, Məlikli, Cahangirbəyli, Baharlı kəndləri;
Cəbrayıl rayonunun Balyand, Papı, Tulus, Hacılı, Tinli kəndləri;
Füzuli rayonunun Gecəgözlü, Aşağı Seyidəhmədli, Zərgər kəndləri.
- 22 oktyabr 2020-ci il:
Zəngilan rayonunun Kolluqışlaq, Malatkeşin, Kənd Zəngilan, Genlik, Vəliqulubəyli, Qaradərə, Çöpədərə, Tatar, Tiri, Əmirxanlı, Qarqulu, Bartaz, Dəlləkli kəndləri və Ağbənd qəsəbəsi;
Cəbrayıl rayonunun Sirik, Şıxlar, Məstalıbəyli, Dərzili kəndləri;
Füzuli rayonunun Mollavəli, Yuxarı Rəfədinli, Aşağı Rəfədinli kəndləri.
- 23 oktyabr 2020-ci il:
Xocavənd rayonunun Dolanlar və Bünyadlı kəndləri;
Cəbrayıl rayonunun Dağ Tumas, Nüsüs, Xələfli, Minbaşılı və Veysəlli kəndləri;
Zəngilan rayonunun Vənədli və Mirzəhəsənli kəndləri;
Qubadlı rayonunun Zilanlı, Kürd Mahrızlı, Muğanlı və Alaqurşaq kəndləri.
- 25-26 oktyabr 2020-ci il:
Zəngilan rayonunun Birinci Alıbəyli, İkinci Alıbəyli, Rəbənd, Yenikənd kəndləri;
Cəbrayıl rayonunun Qovşudlu, Sofulu, Dağ Maşanlı, Kürdlər, Hovuslu, Çələbilər kəndləri;
Qubadlı rayonunun Padar, Əfəndilər, Yusifbəyli, Çaytumas, Xanlıq, Sarıyataq, Mollabürhan kəndləri və Qubadlı şəhəri.
- 28 oktyabr 2020-ci il:
Zəngilan rayonunun Birinci Ağalı, İkinci Ağalı, Üçüncü Ağalı, Zərnəli kəndləri;
Füzuli rayonunun Mandılı kəndi;
Cəbrayıl rayonunun Qazanzəmi, Xanağabulaq, Çullu, Quşçular, Qaraağac kəndləri;
Qubadlı rayonunun Qiyaslı, Əbilcə, Qılıcan kəndləri.
- 30 oktyabr 2020-ci il:
Cəbrayıl rayonunun Xudaverdili, Qurbantəpə, Şahvələdli, Xubyarlı kəndləri;
Zəngilan rayonunun Aladin, Vejnəli kəndləri;
Qubadlı rayonunun Kavdadıq, Məmər, Mollalı kəndləri.
- 2 noyabr 2020-ci il:
Cəbrayıl rayonunun Çaprand, Hacı İsaqlı, Qoşabulaq kəndləri;
Zəngilan rayonunun Dərə Gilətağ, Böyük Gilətağ kəndləri;
Qubadlı rayonunun İşıqlı, Muradxanlı, Milanlı kəndləri.
- 4 noyabr 2020-ci il:
Cəbrayıl rayonunun Mirək, Kavdar kəndləri;
Zəngilan rayonunun Məşədiismayıllı, Şəfibəyli kəndləri;
Qubadlı rayonunun Başarat, Qarakişilər, Qaracallı kəndləri.
- 7 noyabr 2020-ci il:
Füzuli rayonunun Yuxarı Veysəlli, Yuxarı Seyidəhmədli, Qorqan, Üçüncü Mahmudlu, Qacar, Divanalılar kəndləri;
Cəbrayıl rayonunun Yuxarı Məzrə, Yanarhac kəndləri;
Qubadlı rayonunun Qəzyan, Balasoltanlı, Mərdanlı kəndləri;
Zəngilan rayonunun Beşdəli kəndi;
Xocalı rayonunun Qarabulaq, Moşxmaat kəndləri;
Xocavənd rayonunun Ataqut, Tsakuri kəndləri.
- 8 noyabr 2020-ci il:
ŞUŞA şəhəri.
- 9 noyabr 2020-ci il:
Füzuli rayonunun Qobu Dilağarda, Yal Pirəhmədli, Yuxarı Yağlıvənd, Dilağarda, Seyid Mahmudlu, Ələsgərli, Aşağı Güzdək, Qovşatlı, Mirzəcamallı, Şəkərcik, Mərdinli, Şıxlı, Qaraməmmədli, Dövlətyarlı, Hacılı, Hüseynbəyli, Saracıq kəndləri;
Xocalı rayonunun Dəmirçilər, Çanaqçı, Mədətkənd, Sığnaq, Şuşakənd, Muxtar, Daşaltı kəndləri;
Xocavənd rayonunun Susanlıq, Domi, Tuğ, Akaku, Azıx, Böyük Tağlar, Salakətin, Zoğalbulaq, Aragül, Tağavard, Böyük Tağavard, Zərdanaşen, Şəhər kəndləri.;
Cəbrayıl rayonunun Hüseynalılar, Söyüdlü, Aşağı Sirik, Qalacıq, Mollahəsənli, Əsgərxanlı, Yuxarı Nüsüs, Aşıq Məlikli, Niftalılar, Qərər, Çələbilər kəndləri;
Qubadlı rayonunun Yuxarı Mollu, Aşağı Mollu, Xocik, Qaramanlı, Xəndək, Həmzəli, Mahrızlı, Hal, Ballıqaya, Ulaşlı, Tinli, Xocahan, Boyunəkər, Qaraqoyunlu, Çərəli kəndləri;
Zəngilan rayonunun Keçikli, Ördəkli, Sobu, Qaragöz, İsgəndərbəyli kəndləri, Bartaz qəsəbəsi;
Laçın rayonunun Güləbürd, Səfiyan, Türklər kəndləri.
- 20 noyabr 2020-ci il:
Noyabrın 10-da imzalanmış üçtərəfli bəyanata uyğun olaraq, Ağdam rayonu Azərbaycana təhvil verilib. Bununla da rayonun işğal edilmiş 73 faiz ərazisi azad olunub. Xatırladaq ki, Ağdam işğal edilmiş rayonlarımızın arasında əhalisinin sayına görə ən böyük rayondur. Rayonda 138 yaşayış məntəqəsi var.
- 25 noyabr 2020-ci il:
Üçtərəfli bəyanata əsasən, Kəlbəcər rayonu da Azərbaycana təhvil verilib. Qeyd edək ki, Kəlbəcər ərazi baxımından respublikamızın ən böyük rayonlarından biridir. 2020-ci il yanvarın 1-nə olan məlumata görə, əhalisi 77 min nəfərdən çoxdur. İşğaldan əvvəl rayonda 147 yaşayış məntəqəsi olub.
- 1 dekabr 2020-ci il:
Üçtərəfli bəyanata uyğun olaraq, Ermənistan Silahlı Birləşmələri Laçın rayonundan çıxıblar. Rayon Azərbaycan Silahlı Qüvvələrinə təhvil verilib. Qeyd edək ki, ərazisi 1800 kvadratkilometr olan Laçın rayonunda bir şəhər, bir qəsəbə və 125 kənd olmaqla, ümumlikdə 127 yaşayış məntəqəsi var.
Suverenliyimizin tam bərpası
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Vətən müharibəsindən sonra qarşılıqlı şəkildə bir-birinin ərazi bütövlüyü və suverenliyinin tanınmasını ehtiva edən 5 əsas prinsip əsasında Ermənistan ilə sülh müqaviləsinin hazırlanması təşəbbüsü ilə çıxış etdi.
2022-ci il oktyabrın 6-da Praqada “Avropa Siyasi Birliyi” Zirvə Toplantısı çərçivəsində keçirilmiş dördtərəfli görüşdə Ermənistan Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini tanıdığını bəyan etdi.
Ermənistan tərəfindən Azərbaycan Respublikasının Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi ərazilərində təbii sərvətlərimizin qanunsuz istismarına etiraz əlaməti olaraq 2022-ci il dekabrın 12-dən etibarən qeyri-hökumət təşkilatları nümayəndələrinin, ekofəalların Laçın-Xankəndi yolunun Şuşa ərazisindən keçən hissəsində dinc etiraz aksiyası başlanılmış və 138 gün davam etmişdir.
2023-cü il aprelin 23-də növbəti tarixi hadisə baş verdi. Laçın rayonunda, Azərbaycan-Ermənistan sərhədində sərhəd-buraxılış məntəqəsi quruldu. Bununla da Azərbaycanın ərazi bütövlüyünün tam bərpası prosesi başa çatdı. Ermənistanın Laçın yolundan sui-istifadəsinə, silah və sursatların daşınmasına və digər qanunsuz əməllərinə son qoyuldu.
Lakin Ermənistanın və qondarma rejimin qalıqlarının təxribatları səngimədi. Ermənistanın Baş naziri Nikol Paşinyan 2023-cü il sentyabrın 2-də qondarma “Dağlıq Qarabağın müstəqillik bəyannaməsi”nin ildönümü ilə əlaqədar təbrik müraciəti ünvanladı. Sentyabrın 9-da Azərbaycanın Qarabağ bölgəsində qondarma “prezident seçkiləri” keçirildi.
2023-cü il sentyabrın 19-da Azərbaycan üçtərəfli bəyanatın müddəalarının təmin olunması, Qarabağ iqtisadi rayonunda törədilən genişmiqyaslı təxribatların qarşısının alınması, Ermənistan silahlı qüvvələrinin birləşmələrinin tərksilah edilərək ərazilərimizdən çıxarılması, onların hərbi infrastrukturunun zərərsizləşdirilməsi, işğaldan azad edilmiş ərazilərə qayıdan dinc əhali, habelə bərpa-quruculuq işlərinə cəlb olunmuş mülki işçilər və hərbi qulluqçularımızın təhlükəsizliyinin təmin olunması və Azərbaycan Respublikasının konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə bölgədə antiterror əməliyyatına başladı.
Bir gündən az davam edən antiterror əməliyyatı nəticəsində bölgədə qalan Ermənistan silahlı qüvvələri tam tərksilah edilərək Azərbaycan ərazisindən çıxarıldı, qondarma rejimin qalıqları isə onun ləğv olunduğunu elan etdi. Azərbaycan öz ərazisində separatçılığa, “boz zona”ya son qoydu. Bununla da Azərbaycan Respublikasının dövlət suverenliyi tam bərpa edildi.
Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyev 2023-cü il oktyabrın 15-də Xankəndi şəhərində, Xocalı şəhərində, Xocalı rayonunun Əsgəran qəsəbəsində, Xocavənd şəhərində və Ağdərə şəhərində Azərbaycan Respublikasının Dövlət Bayrağını ucaltdı.
2023-cü il noyabrın 8-də Xankəndi şəhərində Vətən müharibəsində əldə edilən Zəfərin üçüncü ildönümünə həsr olunan hərbi parad keçirildi. Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyev paradda çıxış edərək demişdir: “Bu günü bizə bəxş edən müzəffər Silahlı Qüvvələrimiz döyüş meydanında cəsarət, qəhrəmanlıq, fədakarlıq göstərərək düşməni bizim əzəli torpaqlarımızdan qovmuşdur. Bu, böyük tarixi hadisədir.”
Tarixə çevrilən münaqişə və yeni reallıq
İşğal dövründə Ermənistan Azərbaycan torpaqlarında milli-mədəni irsi talayıb və məhv edib (culturcide), şəhərləri (urbicide) və digər yaşayış məntəqələrini dağıdıb və bölgəyə ağır ekoloji ziyan (ecocide) vurub. Azərbaycan torpaqlarında yüzminlərlə minalar, partlayıcı maddələr basdırılıb.
Ermənistan münaqişə dövründə Azərbaycana qarşı törətdiyi çoxsaylı müharibə cinayətlərinə, kütləvi qırğın və soyqırımı aktlarına, terrorçuluq fəaliyyətinə, vandalizmə görə hüquqi müstəvidə məsuliyyətdən yayına bilməyəcək, Azərbaycana vurduğu böyük sosial-iqtisadi zərərə görə kompensasiya ödəməyə məcbur ediləcək.
Hazırda Azərbaycan öz imkanları hesabına Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında genişmiqyaslı bərpa-yenidənqurma işləri aparır. “Böyük Qayıdış” proqramı çərçivəsində artıq minlərlə keçmiş məcburi köçkün öz doğma yurdlarına qayıdıb. 2026-cı ilə qədər 140 min keçmiş məcburi köçkünün öz doğma yurduna qayıtması nəzərdə tutulur. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin demişdir: “Biz bu bölgəni - Qarabağı cənnətə çevirəcəyik. Biz bundan sonra bu torpaqlarda əbədi yaşayacağıq. Heç kim bizi bundan sonra bu torpaqlardan tərpədə bilməz. Qarabağ bizimdir! Qarabağ Azərbaycandır!”