Şriftin ölçüsü :

Saytın rəngi :

1905-1906

1905 – 1906 – CI ILLƏR QIRĞINLARI

1905-1906-cı illərdə Rusiyada baş verən iğtişaşlardan fürsət kimi istifadə edən ermənilər, Bakı, İrəvan, Yelizavetpol (Gəncə) və Tiflis quberniyalarında dinc azərbaycanlılara qarşı kütləvi qırğın­lar törətmişlər. Erməni silahlı dəstələri İrəvan-Naxçıvan-Zəngəzur-Qarabağ və Qazax-Gəncə istiqamətlərində yerləşən azərbaycanlı yaşayış məskənlərinin əhalisini qırmaqla, qov­maqla və həmin ərazilərdə erməniləri məskunlaşdırmaqla gələcəkdə qurmaq istədikləri “Böyük Ermənistan” dövlətinin əsasını qoymaq istəyirdilər. XIX əsrin 90-cı illərində xarici dövlətlərin təhriki ilə Türkiyə ərazisində baş qaldıran erməni üsyanlarının yatırılmasından sonra 400 mindən artıq erməni (onların bir çoxu silahlı idi) cənubi Qafqaza axışmışdı.  Qaçqın erməni ailələrini məskunlaşdırmaq üçün erməni kilsəsi, erməni siyasi partiyaları və erməni ziyalıları birgə “çıxış yolu” tapmışdılar: silah gücünə, kütləvi qırğınlar törətməklə azərbaycanlıları öz tarixi-etnik torpaqlarından qovmaq, boşaldılan ərazilərdə erməni ailələrini məskunlaşdırmaq. “Kaspi” qəzetinin müxbiri həmin dövrdə İrəvandan alınan məktublar əsasında yazırdı ki, ermənilər İrəvan quberniyasından bütün müsəlmanları sıxışdırıb çıxarmağı və sərbəst surətdə onların yerində Türkiyədən gələn erməniləri məskunlaşdırmağı qərara alıblar . 1897-ci il Ümumrusiya siyahıyaalmanın nəticələrinə görə, İrəvan quberniyasında mövcud olan 1301 kənddən 959-da türklər, 342-də ermənilər məskunlaşmışdı. İrəvan şəhərinin daxil olduğu İrəvan qəzasında mövcud olan 221 kənddən 151-də türklər, 55-də ermənilər, 15 kənddə isə ermənilərlə türklər qarışıq şəkildə yaşayırdılar. Azərbaycanlı kəndləri üzük qaşı kimi İrəvan şəhərini əhatə edirdi. Ona görə də ermənilərin törətdiyi qırğınlar İrəvandan başlayaraq ətraf bölgələrdə davam etdirilmişdi.Araşdırmaların nəticəsi göstərir ki, 1905-1906-cı illərdə sayları on min silahlıdan artıq olan erməni birləşmələri Bakıda, İrəvan şəhərində və onun ətraf kəndlərində, Eçmiədzin (Üçkilsə), Şərur-Dərələyəz və Naxçıvan qəzalarında, Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasının Gorus, Qapan ( Qafan) və Qarakilsə (Sisyan) nahiyələrində, Şuşa, Cavanşir, Cəbrayıl, Qazax qəzalarında, Tiflis şəhərində və Borçalıda kütləvi qırğınlar törətmiş, 200-dən artıq yaşayış məntəqəsini viran qoymuşlar.

Mənbə :

İrəvan Xanlığı,  Rusiya işğalı və ermənilərin Şimali Azərbaycan torpaqlarına köçürül­məsi, Bakı 2010, (Əməkdar elm xadimi, AMEA-nın müxbir üzvü, t.e.d.prof. Yaqub Mahmudovun elmi redaktorluğu ilə)

Nazim Mustafa İrəvan Şəhəri , Bakı – 2013

 

 

Keçidlər