Erməni təcavüzü
1918-1920
1918- 1920- CI ILLƏRDƏ SOYQIRIMI
Birinci Dünya müharibəsi illərində Şərqi Anadolunu ələ keçirmək üçün hücuma keçən Rusiya ordusunun tərkibində hərbi xidmət keçən 150 min erməni əsgəri var idi. Üstəlik, tərkibində təqribən 10 min könüllünü birləşdirən 4 erməni drujinası da Eçmiədzin kilsəsinin xeyir-duası ilə Cənubi Azərbaycan ərazisindən (Xoy, Urmiya, Səlmas əyalətləri üzərindən) və Qars vilayəti üzərindən hərəkət edərək rus qoşunlarına qoşulmuşdu. Fürsətdən istifadə edən erməni silahlıları keçdikləri yolların üzərindəki azərbaycanlı və türk kəndlərini darmadağın edir, əhalisini ucdantutma məhv edirdilər.1917-ci ilin noyabrında Rusiyada hakimiyyət çevrilişi nəticəsində rus qoşunlarının silah-sursatı erməni komandirlərinə təhvil verərək Şərqi Anadoludan geri çəkilməsindən sonra ermənilər qırğınların miqyasını daha da genişləndirmişdilər. 1918-ci ilin fevralından etibarən türk qoşunları əks hücuma keçərək erməni qoşunlarını Şərqi Anadoludan təmizləmişdi. Ermənilərin və onların havadarlarının Birinci Dünya müharibəsi dövründə Şərqi Anadoluda müstəqil erməni dövləti yaratmaq niyyətləri baş tutmamasından sonra İrəvan quberniyası və ona bitişik ərazilərdə erməni dövləti yaratmaq ideyası gündəliyə gəlmişdi. Andranikin, Hamazaspın, Dronun, Njdehin komandanlığı altında geri çəkilən erməni ordusu əvvəlcə Ərzurum və Qars vilayətlərində, sonra isə İrəvan quberniyasında və Zəngəzurda müsəlmanlara qarşı əsl soyqırım həyata keçirmişdi. Həmin dövrdə Türkiyədən gələn 350 min erməninin böyük bir qismi İrəvan quberniyasında məskunlaşmış, nəticədə azərbaycanlıların vəziyyəti daha da ağırlaşmışdı. 1918-ci ilin mart ayınadək erməni silahlı dəstələri təkcə İrəvan quberniyasının İrəvan qəzasında 32, Eçimədzin qəzasında 84, Novo-Bəyazid qəzasında 7 və Sürməli qəzasında 75 kəndi – üst-üstə 198 kəndi darmadağın etmiş, həmin qəzalarda təqribən 135 min nəfər soydaşımız soyqırıma məruz qoymuşdu.İrəvan quberniyasında azərbaycanlıların kütləvi qırğınlarının birinci mərhələsi tarixi Azərbaycan torpaqlarında ilk dəfə müstəqil erməni dövlətinin yaranması ərəfəsinə təsadüf edirdi. 1918-ci il mayın 26-da Cənubi Qafqaz Seymi özünü buraxmış və Gürcüstan müstəqilliyini elan etmişdi. Müsəlman Milli Şurasının mayın 27-də keçirilən iclasında Nəsib bəy Yusifbəyov bildirir ki, Batum konfransında təmsil olunan Türkiyə nümayəndə heyətinin qənaəti belədir ki, Cənubi Qafqaz müstəqilliyini qorumalıdır, onun birliyinin və həmrəyliyinin qorunması üçün ermənilərə bir qədər torpaq güzəşt olunmalıdır.1918-ci il mayın 28-də Azərbaycanın və Ermənistanın müstəqilliyi elan edilir. Mayın 29-da Müsəlman Milli Şurasının iclasında İrəvanın siyasi mərkəz kimi Ermənistana güzəşt edilməsi haqqında qərar qəbul edilir. Milli Şuranın İrəvandan olan üzvləri bu güzəştə dərhal öz etirazını bildirirlər. Lakin qərar Milli şuranın 28 üzvündən 16-sının razılığı, üç nəfərin bitərəf qalması və bir nəfərin etiraz səsi ilə qəbul edilir. Milli Şuranın iyunun 1-də keçirilən iclasında Şuranın İrəvandan olan üzvləri Mir Hidayət Seyidov, Bağır Rizayev və Nəriman bəy Nərimanbəyov İrəvanın Ermənistana güzəşt edilməsi haqqında qərara yazılı şəkildə etirazlarını bildirsələr də nəticəsi olmur. İrəvan quberniyasından alınan həyəcanlı xəbərləri yerində öyrənmək üçün nümayəndə heyəti göndərmək qərara alınır.Şərqi Anadoluda türklərə qarşı kütləvi qırğınlar törədən erməni silahlı dəstələrini təqib edən türk qoşunları 1918-ci ilin mayında Gümrü və Böyük Qarakilsə şəhərlərini erməni dəstələrindən təmizləmişdi. Türk ordusu İrəvan şəhərinin 7 kilometrliyindəki Uluxanlı stansiyasınadək gəlib çatsa da, şəhərə daxil olmadan Naxçıvan istiqamətində hərəkət etmişdi. İyunun 4-də Batumda Türkiyə ilə Ermənistan arasında imzalanan sülh və dostluq haqqında barış müqaviləsinə əsasən Ermənistan Respublikasının ərazisi təqribən 10 min kv.km, əhalisi isə 321 min nəfər (o cümlədən 230 min erməni, 80 min müsəlman, 5 min yezidi kürdləri, 6 min digər millətlər) təşkil edirdi. Bu respublikanın ərazisinə Novo-Bəyazid qəzası, İrəvan qəzasının beşdə üçü, Eçmiədzin qəzasının dörddə biri, Aleksandropol qəzasının dörddə biri daxil idi. Milli Şuranın iyunun 13-də keçirilən iclasında ermənilərin müsəlmanlara qarşı törətdikləri qırğınlar barədə İrəvandan gələn xəbərlər müzakirə edilir. İrəvan quberniyası ərazisində ev-eşiyindən didərgin salınan və ac-yalavac dolanan qaçqınların sayının 150 min nəfərə çatdığı, ermənilərin 206 kəndi dağıtdığı bildirilir.Andranikin komandanlığı altında erməni silahlı dəstələrinin Zəngəzuru ələ keçirməsi, Ermənistan hökumətinin Dağlıq Qarabağı mübahisəli ərazi hesab etməsi Azərbaycan diplomatiyasını adekvat addım atmağa vadar etmişdi. Azərbaycanın Gürcüstandakı diplomatik nümayəndəsi Ermənistanın Gürcüstandakı nümayəndəsinə məktubunda Qarabağın mübahisəli zona hesab edilməsi haqqında Ermənistanın iddiasının tərəflər arasında əldə olunmuş razılığın pozulması demək olduğunu, Azərbaycan tərəfinin də İrəvan şəhərinə, İrəvan quberniyasının Eçmiədzin, Novo-Bəyazid və İrəvan qəzalarının bir hissəsinə ərazi iddiası hüququnu özündə saxladığını bildirmişdi.1918-ci il oktyabrın 30-da imzalanan Mudros sazişinə əsasən türk qoşunlarının Cənubi Qafqazdan geri çəkilməsindən sonra ermənilərin İrəvan quberniyası ərazisində azərbaycanlılara qarşı kütləvi qarət-qırğınlarının ikinci mərhələsi başlanmışdır. Azərbaycan hökuməti dekabrın sonlarında Məhəmməd xan Təkinskini Ermənistanda diplomatik nümayəndə təyin edir. Azərbaycanın İrəvanda diplomatik nümayəndəliyi fəaliyyətə başlayanadək İrəvan quberniyası ərazisində ermənilərin törətdikləri vəhşiliklər barədə beynəlxalq təşkilatları, Azərbaycan mətbuatını və rəsmi dairələrini İrəvan Müsəlman Milli Şurası, İrəvan Müsəlman Xeyriyyə Cəmiyyəti və İrəvan Quberniyası Həmyerliləri Təşkilatı məlumatlandırırdı.Novo-Bəyazid, Eçmiədzin və İrəvan qəzalarının müsəlmanlarının vəziyyəti daha acınacaqlı idi. Bu qəzalarda qırğınlar daha qeyri-insani həyata keçirilmişdir. Burada süngülərlə hücum və bombardman edilməkdə əsl müharibə gedib. Ermənilərin hücumlarının qarşısı qəhrəman oğulların sayəsində “Qurd qapısı”nda alınması sayəsində yalnız Şərur və Naxçıvan salamat qalmışdır…Azərbaycan Parlamenti 17 iyul 1919-cu il tarixli iclasında Zəngəzur qəzasından və İrəvan quberniyasından olan qaçqınların vəziyyəti ilə bağlı məsələ müzakirə etmişdir. Bağır bəy Rizayev bir il əvvəl İrəvanda 22 min müsəlman yaşadığını və onların çoxunun şəhəri tərk etdiklərini, son vaxtlar isə tək-tək qayıdanların evlərini və əşyalarını dağıdılmış gördüklərini söyləyir. O, erməni hökumətinin müsəlman qaçqınlarına kömək etmədiyini bildirir. Himayəçilik Nazirliyinin Ermənistandakı müvəkkili Teymur xan Makinskinin 11 noyabr 1919-cu ildə Himayəçilik Nazirliyinə göndərdiyi məruzəsində Ermənistan hökumətinin əsl siması açılırdı: “1918-ci ilin fevralından davam edən qırğınlar nəticəsində 0,5 milyon əhali dilənçi vəziyyətinə düşüb. (Naxçıvan qəzasından, Şərur məntəqəsindən, Sürməli məntəqəsinin 2-3-cü polis sahələrindən və Zəngibasar rayonundan başqa). Həmin ərazilərdə müsəlman əhali hər şeyini itirib. Dağıntıya məruz qoyulan rayonlarda əhali 200 min nəfərdən artıqdır. Onlar xəstəlikdən və aclıqdan məhv olurlar, dəfələrlə talanlara və qırğınlara məruz qalıblar. Bu kateqoriyaya İrəvan şəhərinin müsəlmanları, Zəngibasarın Göykümbət, Arbat, Ağcaqışlaq və Çarbax kəndləri aiddir. Qəti demək olar ki, ölənlərin sayı 100-120 min nəfərdir. 50 min nəfər Azərbaycana qaçqın kimi gəlib. Təqribən bir o qədər İrəvanda, Zəngibasar rayonunda, Sürməli qəzasının 2 məntəqəsində və Eçmiədzində yaşayırlar. Qalan qaçqınlar Naxçıvan qəzasına, Şərur məntəqəsinə, Sürməli qəzasının 3-cü sahəsinə və Qars vilayətinin Qağızman dairəsinə sığınıblar. Bəziləri Maku xanlığına və Türkiyə ərazisinə köçüblər. İndiki məqamda 50 min nəfərə ərzaq yardımı (un, taxıl və çörək şəklində) göstərilməlidir. İrəvan şəhərində aclıq keçirən əhalinin sayı 8 min nəfərdir.” Azərbaycan Parlamentinin 5 yanvar 1920-ci ildə keçirilən iclasında qaçqınların məsələsi müzakirə edilmiş, Ermənistandan 300 min qaçqının gəldiyi qeyd olunmuşdur. 1920-ci ilin aprelində Azərbaycanda bolşeviklərin hakimiyyəti ələ almasından sonra yaranmış fürsətdən istifadə edən daşnak hökumətinin azərbaycanlılara qarşı törətdikləri qırğınlar yeni mərhələyə qədəm qoyaraq daha kütləvi və kəskin xarakter almışdı. 1919-cu ildə 29 min əhalisi olan İrəvan şəhərində 14 min nəfər, Eçmiədzin qəzasında isə 6 ay ərzində 4 min nəfər aclıqdan həlak olmuşdu. Təbii ki, aclıqdan həlak olanların mütləq əksəriyyəti azərbaycanlılar olmuşdular. Çünki həmin dövrdə azərbaycanlılar evlərindən bayıra çıxa bilmədiklərindən ölümə məhkum edilmişdilər.Ümumiyyətlə, 1918-1920-ci illərdə erməni silahlı dəstələri tərəfindən Şamaxı qəzasında 58, Quba qəzasında 112, Gəncə quberniyasında 323 (o cümlədən, Zəngəzurda 166, Qarabağda 157), İrəvan quberniyasında 300, Qars vilayətində 82 yaşayış məntəqəsi yerlə-yeksan edilmiş, yüz minlərlə azərbaycanlı qətlə yetirilmiş, bir milyona yaxın əhali öz tarixi-etnik torpaqlarından didərgin salınmışdır. Ümumiyyətlə, 1905-1920-ci illərdə təkcə indiki Ermənistan ərazisində 500-dən artıq azərbaycanlı kəndləri dağıdılmış, onların böyük əksəriyyəti erməni yaşayış məntəqəsinə çevrilmişdi.1916-cı ildə İrəvan quberniyasında 373582 nəfər azərbaycanlının yaşadığı təsbit edildiyi halda, 1920-ci ilin noyabrında Ermənistan SSR-də cəmisi 12 min nəfər azərbaycanlı qeydə alınmışdı.Ermənistanda sovet hakimiyyəti qurulduqdan sonra azərbaycanlıların az bir qismi öz evlərinə qayıda bilmişdi. 1922-ci ildə İrəvanda cəmisi 5124 azərbaycanlı yaşadığı halda, ermənilərin sayı 40396 nəfərə çatmışdı. Başqa sözlə, 1918-1920-ci illərdə Azərbaycanlılar 2,5 dəfə azalmış, ermənilərin sayı isə təqribən 4 dəfə artmışdı.1918-1920-ci illərdə Ermənistanda azərbaycanlılara qarşı sözün həqiqi mənasında soyqırım törədildiyi qənaətinə gəlmək üçün arxivlərdə və həmin dövrün mətbuatında kifayət qədər faktlar mövcuddur.Ermənilərin XIX-XX əsrlərdə azərbaycanlılara qarşı törətdikləri soyqırım və deportasiya aksiyalarına hüquqi-siyasi qiymət vermək məqsədiliə Azərbaycan Respublikasının prezidenti Heydər Əliyev 26 mart 1998-ci ildə “Azərbaycanlıların soyqırımı haqqında” fərman imzalamış və bütün soyqırım faciələrini yad etmək məqsədilə 31 mart Azərbaycanlıların Soyqırım günü elan edilmişdir.
Mənbə :
İrəvan Xanlığı, Rusiya işğalı və ermənilərin Şimali Azərbaycan torpaqlarına köçürülməsi, Bakı 2010, (Əməkdar elm xadimi, AMEA-nın müxbir üzvü, t.e.d.prof. Yaqub Mahmudovun elmi redaktorluğu ilə)
Nazim Mustafa İrəvan Şəhəri , Bakı – 2013