Şriftin ölçüsü :

Saytın rəngi :

1945-1985

Deportasiya

1943-cü il Tehran konfransı zamanı Sovet-İran münasibətləri müzakirə edilərkən, erməni diasporu SSRİ Xarici İşlər naziri V.Molotovdan İranda yaşayan ermənilərin SSRİ-yə köçürülməsini xahiş etmişdir. Molotov Tehranda məsələni SSRİ KP MK-nın sədri İ.Stalinə çatdırır və ermənilərin köçürülməsinə razılıq verilir. Ermənistan Kommunist Partiyası Mərkəzi Komitəsinin katibi Q.Arutyunov bundan istifadə edərək xaricdəki ermənilərin Ermənistana köçü bəhanəsi ilə azərbaycanlıların Ermənistandan zorla çıxarılması barədə qərar verilməsinə nail olur.

1947-ci il dekabr ayının 23-də SSRİ Nazirlər Soveti «Ermənistan SSR-dən kolxozçuların və başqa azərbaycanlı əhalinin Azərbaycan SSR-in Kür-Araz ovalığına köçürülməsi haqqında» qərar çıxarır.

Stalin tərəfindən 1948-1953-cü illərdə həyata keçirilən azərbaycanlıların növbəti deportasiyası zamanı ermənilərin xüsusilə diqqət mərkəzində saxladıqları məsələ iqtisadi, sosial və mənəvi cəhətdən güclü, strateji əhəmiyyətli azərbaycanlı yaşayış məntəqələrinin boşaldılması idi. Bu səbəbdən ilk mərhələdə İrəvan şəhəri (indiki Yerevan şəhəri) yaxınlığınldakı yaşayış məntəqələri azərbaycanlılardan təmizlənmiş, sonra isə rayon mərkəzləri, ətraf kənd və qəsəbələrin əhalisi köçürülmüşdür.

Deportasiyaya məruz qalan əhalinin bir hissəsi Ermənistanın dağ rayonlarında yaşadığı üçün Kür-Araz ovalığındakı iqlim şəraitinə çətin alışmışdır. Bu səbəbdən də Kür-Araz ovalığına köçürülmüş on minlərlə azərbaycanlı arasında kütləvi ölüm halları qeydə alınmışdır.

Digər tərəfdən, Ermənistandan köçürülən bir nəfər də azərbaycanlı Dağlıq Qarabağ ərazisinə buraxılmamışdır. Əksinə «Böyük Ermənistan» ideyasının həyata keçirilməsi istiqamətində bu ərazinin azərbaycanlılardan boşaldılması işi planlı surətdə davam etdirilmiş və daxili köçürmə adı ilə 1949-cu ildə Dağlıq Qarabağdan 132 ailə (549 nəfər) Azərbaycanın Xanlar rayonuna köçürülmüşdür.

Eyni zamanda Azərbaycan yaşayış məntəqələrinin adlarının dəyişdirilməsi, təhsil və mədəniyyət ocaqlarının bağlanması, rayonların birləşdirilməsi əməliyyatı həyata keçirilmişdir. 1947-1953-cü illərdə azərbaycanlılar yaşayan 60 məntəqənin adı dəyişdirmişdir. Ümumiyyətlə isə, 1921-1988-ci illərdə Ermənistanda yüzlərlə türk mənşəli yaşayış məskəninin adı dəyişdirilmişdir.

Deportasiya zamanı ermənilərin həyata keçirdikləri hiyləgərlik isə ondan ibarət idi ki, rayon və şəhərlərin əhalisi az sayda azərbaycanlı qalmaq şərti ilə köçürülmüşdür. Azlıqda qalan əhali isə növbəti mərhələdə-Ermənistan ərazisinin tamamilə azərbaycanlılardan «təmizlənməsi» əməliyyatı zamanı ölkədən çıxarılmışdır.

Keçidlər